Sinif – dərs sisteminin yaradıcısı haqqında nə bilirik...?
28-03-2023, 11:05
723

Sinif – dərs sisteminin yaradıcısı haqqında nə bilirik...?

Yan Amos Komenski həm də pedaqogikanın banisi sayılır.
TehsilForumu.Az - Bir çox hətta ali pedaqoji təhsilli gənclərimiz hələ də bilmirlər ki, bu günki təhsil Sokrat, Aristotel, Platon, Seneka kimi antik filosofların, Makarenko, Komenski, Uşinski, Suxomlinski, Pestalotsi kimi nəhəng pedaqoqların, Hovard Qardner, Maykl Oukşot, Con Gudled, Martin Haydeqqer, Xuan Orteqa, Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass kimi post modernistlər, filosof və pedaqoqların çiyinləri üzərində inkişaf edib.
"Balıqlar suya, ağaclar meşəyə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə toplaşmalıdır” və yaxud "Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər”, "Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun” deyirdi Çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi Yan Amos Komenski.
Bu məşhur çex pedaqoqun hesabına müasir uşaqlar parta arxasında əyləşir, qiymət alır və ev tapşırıqlarını yerinə yetirirlər. Yan Amos Komenski sinif - dərs sisteminin banisi hesab olunur. Üç əsr bundan qabaq Komenski anlayıb ki, məktəbin və təhsil sisteminin yaradılması gələcək nəsilləri humanizm ruhunda yetişdirməyə kömək edəcək. Təhsil aləmində Yan Komenski individual tədrisi, sinif-dərs tədrisi sisteminə dəyişib. Komenski təhsilin keyfiyyəti naminə müəyyən olunmuş planın və müvafiq təşkilatın olması haqqında nəzəriyyə irəli sürüb. O, uşaqların 6 yaşından təhsilə cəlb olunmasını və həmçinin müntəzəm şəkildə təhsil müəssisəsinə getməyini, şagirdlərin bilik səviyyəsinin ölçülməsi tədbirlərinin həyata keçirilməsini təkid edib. Gənc nəsil bunları niyə bilməməlidir ki...? “Nümunəsiz heç nə öyrənməyəcəksiniz.” Bəli, bu gün gənc nəslin görkəmli şəxsiyyətlərin nümunəsində onların pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var.
Komenski hardan yadıma düşdü...? Sadəcə, təqvimi vərəqləyərkən gözümə sataşdı ki, sən demə bu gün (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) böyük çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogikanın müstəqil bir elm olaraq yaradıcısı, sinif – dərs sisteminin sistemləşdiricisi və populyarlaşdırıcısı Yan Amos Komenskinin doğum günü imiş...

0 0

Şərhlər

Oxşar xəbərlər