Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir
18-02-2023, 13:25
372

Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir

TehsilForumu.Az - 1945-ci ildə əsası qoyulan Mingəçevir SES 9 il sonra - 1954-cü ildə istifadəyə verildi. Ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası ölkənin ən iri SES-i idi. Bir il sonra isə Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının, eləcə də Varvara SES-in tikintisinə, həmçinin yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilişinə başlanıldı. Buna qədər təkcə Sovet İttifaqında deyil, həm də Avropada ən hündür torpaq bəndi salınaraq Mingəçevir dənizi yaradılmışdı. Bəndin yaradılmasında 12 milyon kubmetr torpaq, 900 min kubmetr beton işlədilmiş, 24 min ton metal konstruksiya quraşdırılmış, istehsal olunan elektrik enerjisinin Bakıya ötürülməsi üçün 260 kilometr uzunluğunda 220 kilovotluq elektrik xətti çəkilmişdi.
Kür çayının Bozdağdan keçdiyi hissəsində yaradılan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib. Su anbarının 83 metrlik normal dolma səviyyəsində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni bənddə 3 km-dən başlayır və Alazan çayı tökülən yerdə 18 km-ə qədər dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su səthinin sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir. Sonuncu göstərici Mingəçevir su anbarının bəndini Avropadakı suvarma vasitəsiylə inşa edilən ən hündür bəndlərdən birinə çevirir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları Mingəçevir su anbarından qidalanır. Su anbarından enerji istehsalı, su təchizatı, balıqçılıq və çaylarda suyun səviyyəsinin idarə olunması məqsədi ilə istifadə olunur.

Mingəçevir su anbarının bəndində ümumi gücü 401.6 meqavatt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilib. Su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarı ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir. 
Anbardan 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı su götürür. Mil, Muğan və Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik artır. Çünki yaz aylarında çaylarda suların artması ilə anbarda da suyun həcmi artır.

Lakin su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Ancaq onu kritik həddə qədər doldurmaq olmaz. Mingəçevir su anbarındakı suyun həcmi daim tənzimlənir. Gürsululuq dövründə kritik həddin keçilməsinə yol verilmir, artıq su kanallarla buraxılır. 
Mingəçevir Su Elektrik Stansiyasında təhlükəsizliyin təmin edilməsi strateji məsələ kimi daim diqqətdə saxlanılır, 16 milyard kubmetr su ehtiyatına malik anbarın kənar müdaxilələrdən qorunması üçün müasir avadanlıqlardan istifadə edilərək mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiyaya mükəmməl təhlükəsizlik cihazlarına malik dörd nəzarət-buraxılış məntəqəsindən (NBM) daxil olmaq mümkündür. Bütün NBM-lər texnologiyanın son nailiyyətləri olan təhlükəsizlik sistemləri ilə təchiz edilib. Su Elektrik Stansiyasının perimetri boyunca 4350 metr xəbərdarlıq və 3950 metr əsas elektron qoruyucu çəpər çəkilib. Çəpər boyunca hər 50 metrdən bir qurulan dayaqlarda 240 sabit videokamera vasitəsilə perimetrə nəzarət olunur. Həmin dayaqlarda 55 səsləndirmə sisteminin səsucaldanları quraşdırılıb ki, bunların köməyi ilə əraziyə xəbərdarlıq və ya həyəcan anonsları verilir. Bundan başqa, strateji nöqtələrdə qurulan 360 dərəcə fırlanan 20 ədəd video kameradan, 19 ədəd isə termal kameradan istifadə olunub ki, bunlarla da hər hansı hadisəni və obyekti tam analiz etmək mümkündür. 
Bu mühüm ərazidə ümumilikdə 852 kvadratmetr yeni tikinti işləri aparılıb, 300 kvadratmetrdən çox isə yenidənqurma işləri görülüb, ərazi boyunca 11 min kvadratmetr yola asfalt örtüyü çəkilib. Binalar yanğın siqnalizasiya və avtomatik qaz söndürmə sistemləri ilə təchiz olunub. Bütün bu tədbirlərin əsas məqsədi Mingəçevir su anbarının ərazisində xüsusi rejim formalaşdırmaq və təhlükəsizliyin təmin edilməsidir.
Su anbarının girişləri 8 şlaqbaum və 4 taran əleyhinə maneə ilə qorunur. NBM-ə yaxınlaşan avtomobilin nömrəsi və sürücünün sifətinin görüntüsü haqda məlumatlar bazada toplanır və identifikasiya edilir, şlaqbaumla taran əleyhinə maneə arasında avtomobil yoxlanılır. Xaricdə istehsal olunan taran əleyhinə maneə 50 tona qədər zərbənin qarşısını ala bilir. Obyektə daxil olan piyadaların sifətini identifikasiya etmək üçün isə NBM-də xüsusi kamera quraşdırılıb. Buraxılış məntəqəsinə daxil olan şəxs feys-inspektor sistemindən keçir, sifətin identifikasiyası aparılır, xüsusi plastik kartı turniketə yaxınlaşdıraraq keçidə icazə alır. Təhlükəsizlik sisteminin bir özəlliyi də ondan ibarətdir ki, 4 nəzarət buraxılış məntəqəsinin hər biri vahid mərkəzdən idarə olunur.
Təhlükəsizlik sisteminin ən mühüm elementindən biri də çəpərlərdir. Bu çəpərlər xüsusi materialdan hazırlanıb. Stansiyanın qorunan ərazisi bir-birindən bəzi yerlərdə 2 metr, bəzi yerlərdə isə 15-20 metr məsafədə yerləşən ikiqat məftil çəpərlə əhatələnib. Birinci çəpər tikanlı məftillə təchiz edilib ki, onu keçmək və üstündən aşmaq mümkün olmasın. Bu çəpər qorunan əraziyə adamların və heyvanların təsadüfi keçidinin qarşısını almaq üçün nəzərdə tutulur. Birinci çəpərdə həyat üçün təhlükəli olan hər hansı elektrik cərəyanı və digər elementlər yoxdur. İkinci çəpərin üzərində yüksək həssaslığa malik, titrəyişlə işləyən mühafizə detektorları quraşdırılıb. Çəpərə hər hansı toxunuş haqda məlumat bu detektorların köməyi ilə dərhal mərkəzə ötürülür və müdaxilə aşkar olunur. Bundan əlavə, birinci və ikinci çəpərlər arasındakı dəhlizdə radiodalğalı hərəkət detektorları quraşdırılıb.
Hazırda Azərbaycanın silahlanmasında əvvəllər mövcud olan maye yanacaqlı raketlər çıxarılır. Onlara texniki xidmət çox zəhmət tələb edir, xüsusi nəfəs və dəri qoruyan geyim vasitələrindən istifadə etməklə zəhərli və çox təhlükəli yanacağın müntəzəm olaraq süzülməsi və yenisinin doldurulması lazım gəlirdi. Son maye yanacaqlı S-75M3 divizionu 2016-cı ilin ortalarında döyüş növbətçiliyindən çıxarıldı. 

XXI-ci əsrin əvvəllərində Azərbaycan S-200VM komplekslərini tam modernləşdirmədən keçirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatları artırıldı. 

Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı. Bu komplekslər bütün ölkənin hava məkanına nəzarət etməklə orta yüksəkliklərdə, həm Xəzərin əksər akvatoriyası, həm də bəzi qonşuların ərazisi üzərində uçan hədəfləri məhv etməyə qadir idi. Lakin bu komplekslərin də saxlanılması çox zəhmət tələb edirdi və istismarı bahalı idi. S-200VM ZRK-nın son hərbi paradda görünməsi, onların hələ də silahlanmada qaldığına işarə edir. 
Maye yanacaqlı raketlər olan S-75 və S-200 komplekslərindən fərqli olaraq, S-125M/M1 sərt yanacaqlı ZRK-lar hələ uzun müddət silahlanmada yer alacaq, çünki aşağı hündürlükdə hava hücumundan müdafiə sistemi olan ZRK böyük bir modernizasiya potensialına malikdir. 

Bu kompleksin yenilənən versiyaları Polşa, Ukrayna, Rusiya və Belarusda hazırlanır. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2014-cü ildə nəşr etdiyi məlumatlara görə, Azərbaycan 2011-ci ildə Belarusdan sifariş etdiyi S-125TM “Peçora-2T” modifikasiya olunmuş zenit raket kompleksinə malik 9 ədəd divizionu 27 ədəd atıcı qurğu ilə əldə edib. Bu komplekslərin 2030-cu ilə qədər istismar ediləcəyi şübhəsizdir.

2008-ci ildən etibarən Azərbaycan SSRİ-də istehsal olunan hava hücumundan müdafiə qoşunlarının silahlarının modernləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alan ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli maliyyə resursları ayırdı. 2007-ci ildə Azərbaycan Rusiyadan hər birində səkkiz atıcı qurğu və 200 ədəd 48N6E2 zenit raketi olmaqla 2 ədəd S-300PMU-2 “Favorit” divizionunun alınması üçün 300 milyon dollar dəyərində müqavilə imzaladı. Avadanlıqların çatdırılması 2010-cu ilin yayında başladı və 2012-ci ildə başa çatdı. 

Döyüş mövqelərinə yerləşdirilən bu komplekslər paytaxt Bakını, əsas aerodromları, limanı, sursat anbarlarını, neft terminallarını və su anbarlarını hava hücumlarından və operativ taktiki raket komplekslərindən qorumaq üçün nəzərdə tutulur.

Kəmalə Rüstəmova 
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
0 0

Şərhlər

Oxşar xəbərlər