DİM Təhsil Nazirliyinə istədiyi təsiri göstərə biləcək quruma çevrilib-ETİRAZ
22-04-2022, 07:57
324

DİM Təhsil Nazirliyinə istədiyi təsiri göstərə biləcək quruma çevrilib-ETİRAZ

Test tərtib etmək səlahiyyəti DİM-dən alınmalıdır, Prezident, ya da Nazirlər Kabineti yanında “Testologiya mərkəzi”, yaxud “Testologiya İnstitutu” yaradılmalıdır.

 

Bu il buraxılış imtahanlarında 92673 nəfərdən təxminən 23650 nəfər 0-50 bal arası nəticə göstərməsi ilə bağlı məlumatlar təhsil ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu.

 

Aşağı nəticə göstərən şagirdlərin say çoxluğu təhsil sistemi və imtahanların keçirilməsi prosesilə bağlı ortaya müəyyən suallar çıxarır.

 

Mövzu ilə bağlı  danışan təhsil eksperti Elşən Qafarov problemin əsas səbəblərindən danışıb:

 

“Dövlət İmtahan Mərkəzinin fəaliyyətə başladığı ilk illəri çıxmaqla, ölkənin təhsil siyasətində pozucu qüvvəyə çevrilib. Mərkəzin əlində çox böyük imkanlar var. DİM qiymətləndirməni həyata keçirən texniki qurum olmaqla yanaşı eyni zamanda bu qiymətləndirmənin meyarlarını və testləri də hazırlayan orqandır. Həmçinin, istədiyi zaman hər hansı bir imtahanın suallarını çətinləşdirə və asanlaşdıra bilir. Elə abituriyentlərin bir müddət öncə imtahanda çətinlik problemindən şikayət etmələri buna misaldır”.

 

Ekspert ciddi iddiaları əsas göstərərək, DİM-in sadəcə imtahanları keçirən quruma çevrilməli olduğunu qeyd edib:

 

“Nəticə bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi ölkənin təhsil siyasətini istədiyi şəkildə yönəldə bilir. Bunun qarşısını almaq üçün Mərkəzdən testləri tərtib etmək səlahiyyəti alınmalıdır. DİM sadəcə imtahanları keçirən texniki quruma çevrilməlidir. Mərkəzin təqdim etdiyi nəticələr həqiqəti əks etdirmir. Doğrudur, ölkə təhsilində çox ciddi problemlər var. Bu problem və nöqsanları da biz mətbuat vasitəsilə hər zaman gündəmə gətirmişik. Amma, məsələ budur ki, DİM ölkənin təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyinə istədiyi təsiri göstərə biləcək bir quruma çevrilib. Orada da əsas maliyyə maraqlarıdır. Bu məktəbə, müəllimlərə, ölkə təhsilinə inamı sarsıtmaq, abituriyentlər və onların valideynlərində, sadəcə DİM-in vəsait və materiallarından istifadə etməklə və kurslara üz tutmaqla nə isə öyrənə biləcəklərinə inandırmaq məqsədi daşıyır. Nəticəni də baxanda görürük, hər 4 nəfərdən biri 0-50 arası bal toplayıb”.

 
O, ölkə təhsilində mövcud olan problemlərdən danışıb:

 

“Bir daha təkrar edirəm, biz təhsildə vəziyyətin yaxşı olduğunu demirik, əksinə vəziyyət çox bərbaddır. İstər idarəetmə, istər müəllim peşəkarlığı, istərdə də təhsildə olan problemləri biz illərdir ki, deyirik. Bir anlıq təsəvvür edək ki, ölkənin təhsil səviyyəsi, digər inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə uyğundur, hətta deyək ki, bir nömrəli təhsil sisteminə malikik. Amma yenə DİM sualları elə tərtib edəcək ki, abituriyentlərin 50-70%-i 0-50 arası nəticə göstərəcək. Məsələ, şagirdin topladığı bal deyil, əsas məsələ, DİM-in ölkənin təhsil müəssisələrinə inamsızlıq yaratmasıdır. Bunker müəllimlərin fəaliyyəti də həmçinin, ayrı bir dərddir”.

 

Son olaraq ekspert, problemlərin aradan qaldırılması üçün zəruri olan vacib addımlardan danışaraq, öz təkliflərini verib:

 

“Test tərtib etmək səlahiyyəti DİM-dən alınmalıdır. Prezident, ya da Nazirlər Kabineti yanında “Testologiya mərkəzi”, yaxud “Testologiya İnstitutu” yaradılmalıdır. Bu mərkəz ölkə müəllimlərilə testlər tərtib edəcək, eyni zamanda Təhsil Nazirliyinin xətti ilə qiymətləndirmələr aparacaq, şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyən edəcək. Bununla yanaşı DİM-in sınaq imtahanlarında şagirdlərin bilik və bacarıq səviyyələrini müəyyən edəcək və testlər bu nəticələrə əsasən tərtib ediləcək”.
0 0

Şərhlər

Oxşar xəbərlər