Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.
28-08-2022, 12:35
626

Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.

Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abutryent 0-150 arası bal toplayıb...



Təhsil eksperti: “Qəbul imtahanında abutryentin topladığı bal etalon deyil, nisbi göstəricidir. Əgər, 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə belə gətirməyə haqqımız yoxdur”.

“Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz”.

Bu sözləri təhsil eksperti Nadir İsrafilov qəbul imtahanında aşağı bal toplayan abutryentlərin çox olmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.



Cari ildə 99 min 500 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onların təxminən 50 minə yaxını müsabiqəyə buraxılıb. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, cari ildə 0-150 bal yığan abutryentlərin sayı ötən illə demək olar ki, eyni olub.



Bəs bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abutryentin 0-150 arası bal toplamasını necə dəyərləndirmək olar? Bu Azərbaycan məktəblərində savadsızlığın kütləviləşməsinin əlamətidir, yoxsa DİM test suallarının çətin olması belə bir vəziyyət yaradır?



Qəbul imtahanlarının nəticələrini PİA.az-ın əməkdaşı təhsil eksperti Nadir İsrafilov ilə müzakirə edib.



Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçünsə həmişə bütün yollar açıqdır”.



Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abutryentin 0-150 arası bal toplaması bizim üçün ciddi bir həyəcan siqnalı olmalı olduğunu bildirən ekspert vurğulayıb ki, biz daim əsas diqqəti 500-700 ballıq yüksək göstəricilərə yönəltmişik:



“Qəbul imtahanında abutryentin topladığı bal etalon deyil, nisbi göstəricidir. Əgər, 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə belə gətirməyə haqqımız yoxdur. Və yaxud, deyək ki, bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abutryentin 0-150 arası bal toplamasını da keyfiyyətin aşağı düşməsi kimi qiymətləndirmək düzgün yanaşma sayıla bilməz. Kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyət cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.” Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük.

2007-ci ildən üzü bu yana demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektininə çevrilir. Kiçik bir xatırlatma yerinə düşər ki, 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ilk dəfə 700 bal 2007-ci ildə yəni, 15 ildən sonra maksimal bal toplanıb. Onların da sayı cəmi 3 nəfər olub. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı ya 50 nəfər olar, ya da olmaz. Belə ki, əgər səhv etmirəmsə, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9..., 2020-ci ildə 2 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Ən yüksək göstəricilər 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər olmaqla bu 2 ildə əldə olunub. 2021-ci ildə keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib.



Nadir İsrafilov: “0-150, hətta 200-300 ballıq göstəriciləri olanlar isə diqqət mərkəzindən kənarda qalıb”.



Kimlərsə abituriyertlərdən heç birinin 700 bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı düşməsi, kimlərsə imtahan suallarının çətinliyi ilə əlaqələndirirlər. DİM rəsmiləri isə bunu əsasən imtahanların iki mərhələli keçirilməsi, qəbul qaydalarında və test tapşırıqlarının formalarında dəyişiklik edilməsi, abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olduğu, ümumiyyətlə, bu məsələnin imtahanın səviyyəsi, abituriyentlərin səviyyəsi haqqında hər hansı fikir yürütmək üçün əsas ola bilməməsi, bununla bağlı daha ciddi araşdırma, daha dərin təhlil, daha dərin müqayisə aparilması zərurəti ilə izah edirlər.



Razılaşaq ki, ola bilsin ki, hər hansı ixtisas qrupunda nəticələr bu və ya hansısa il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir. Lakin məsələ ondadır ki, məsələyə yanaşma tərzimiz dəyişməz olaraq qalır. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər 700 ballıq tələbəmiz olmaqla həmin illər təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, son 2 ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayır!?



Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?



Nadir İsrafilov: “Test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır”.



Bu günün özündə də belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.

Bununla belə tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmamaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olub ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və bu günün özündə də müşayət olunmaqdadır.



İstənilən halda, bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abutryentin 0-150 arası bal toplaması bizim üçün ciddi bir həyəcan siqnalıdır. Çünki biz daim əsas diqqəti 500-700 ballıq yüksək göstəricilərə yönəltmişik. 0-150, hətta 200-300 ballıq göstəriciləri olanlar isə diqqət mərkəzindən kənarda qalıb. Deməli, bu gün bu kimi məsələlərə yanaşma tərzimiz dəyişməlidir. “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçünsə həmişə bütün yollar açıqdır”
0 0

Şərhlər

Oxşar xəbərlər