"Direktor məktəbə müəllimlərdən 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir"
15-04-2022, 07:27
920

"Direktor məktəbə müəllimlərdən 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir"

Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz... Məktəb direktorları... Son zamanlar adları müxtəlif qalmaqallarda çəkilən və bəzən də özünü idarə edə bilməyən bu şəxslər vəzifəyə təyin edilərkən hansı amillər nəzərə alınmalıdır. Etiraf edək ki, bəzi məktəb direktorları özünü təkcə məktəbdə deyil, eləcə də yaşadığı ərazidə elə aparır ki, sanki “burda mənəm Bağdadda kor xəlifə”. Bu şəxslər öz vəzifə səlahiyyətlərindən təkcə məktəbdə deyil, yaşadıqları ərazilərdə, bölgələrdə də sui-istifadə edirlər. “Mən filan məktəbin direktoruyam, adamım var” deyən direktorlar tanıyıram.
Mövzuya ayrıca qayıdacağıq. İndi sual budur:

Məktəb direktorları necə təyin edilməlidir?
Təyinat zamanı hansı amillərə üstünlük verilməlidir?
Bəzi məktəblərdə direktorlar var ki, yaşı 64-i keçsə də, özünü psxiloji cəhətdən idarə edə bilməsə də, hələ də fəaliyyətdədir... Niyə?
Bu sualları Təhsil Nazirliyinə də ünvanlamışıq. Cavab alındıqda sizinlə bölüşüləcək.
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Bu baxımdan orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır.

Ümumiyyətlə, direktorların orta ümumtəhsil müəssisələrinin inkişafına mane olan hansı meyarların köklü şəkildə dəyişməsinə ehtiyac var?
Ekspert bildirir ki, hər şeydən əvvəl məktəb direktorun bölgənin xarakterik xüsusiyyətlərinə bələd olması vacib şərtdir. O, ərazidə tanınmalı və ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır. Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində məsuliyyət daşıyır. Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır”.

İşçilərin əmək funksiyasını valideyn və şagirdlərin hüquq və vəzifələrini bilmək isə xüsusilə önəmlidir. Vacib xarakterlərdən biri kimi direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın bir bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib.

Ekspertin fikrincə, məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Gərək, lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var: imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə, təyin edilmələridir: “Məsələn, Xəzər rayonunda yaşayan biri Qaradağ rayonundakı məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər? Direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir. Tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini bir anlığa təsəvvür etməyə çalışaq. Və ya yaşadığı regiondan xeyli kənarda onun sosial şəraitində yarana biləcək problemləri düşünək”…

Nadir İsrafilov hesab edir ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar.

Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır.

“Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir” - deyə ekspert əlavə edib.

Ekspert deyir ki, direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır. Müsabiqə zamanı test suallarının cavablarında daha çox müsahibə zamanı namizədin psixololi durumuna, ictimai və sosial həyat tərzinə diqqət yetirilməlidir:

“Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Bir vaxtlar məktəblər nömrəsi ilə deyil, ona rəhbərlik edən şəxsin adı ilə tanınırdı. Sona Tağıyevanın məktəbi, Zahid Şöyübovun məktəbi, Zərbəli Səmədov işləyən məktəb, Məhər Quliyevin dərs dediyi məktəb və s. Məktəblərimizdə xeyli sayda savadlı, təcrübəli və böyük nüfuza malik direktor müavinləri, bacarıqlı və səriştəli müəllimlərimiz var.

90-cı illərdə Bakı şəhər Təhsil İdarəsində “Ehtiyat rəhbər kadrlar bankı” yaradılmışdı. Məktəb direktorları həmin bankın üzvlərindən seçilirdi. Bu gün belə bir ehtiyat kadrlara xüsusilə ehtiyac var”...

Belə... Bəzi direktorlar var ki, məktəbi şəxsi mülki hesab edir. Hətta öz qohumlarını daha çox işlə təmin edir. Hesab edirəm ki, nazir Emin Əmirullayev bu sahəyə də nəzər salmalıdır. Məktəbi şəxsi evinə, biznes mərkəzinə çevirmiş direktorlar işdən uzaqlaşdırılmalıdır. Elə birinci Bakı kəndlərindən Pirşağı, Kürdəxanı kəndlərinə nəzər salınsa yaxşı olar.

Mövzuya yenidən qayıdacağıq...

İlahin, Bizimyol.info




0 0

Şərhlər

Oxşar xəbərlər