Bakı məktəblilərinin Novruz şənliyi təşkil edilib
19-03-2022, 17:09
295

Bakı məktəblilərinin Novruz şənliyi təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə 20 nömrəli məktəb-liseydə Novruz bayramı münasibətilə tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə məktəb-liseyin fəaliyyətini əks etdirən stendlərlə tanış olub, şagirdlərin hazırladıqları maraqlı təqdimatları izləyib, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.

 

Bu barədə TehsilForumu.Az - a BŞTİ-dən məlumat verilib.


Azərbaycanın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Novruzun Novruzun xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən idarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırıb.


Digər çıxış edənlər bildiriblər ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət və səmimi münasibətləri bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızın gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.


Şagirdlər və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər. Paytaxtdakı peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka da keçirilib.


Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
0 0

Şərhlər

Oxşar xəbərlər