Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirməyə imkan yaradacaq
24-12-2021, 16:20
509

Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirməyə imkan yaradacaq

Məktəbəqədər mərhələnin təhsilin uzunmüddətli keyfiyyətinin artırılmasında müstəsna əhəmiyyəti var
 
 
Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan uşaq evləri istisna olmaqla, bütün dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib. Dövlət başçısı İlham Əliyevin digər bir sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilib. Belə ki, Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyin regional idarələrinin yaradılması qərara alınıb. Bu qərarlarla bağlı təhsil naziri Emin Əmrullayev dekabrın 21-də brifinq keçirərək dəyişikliklərin məqsədinı açıqlayıb və gözlənilən nəticələrdən danışıb.
 
Məktəbəqədər təhsildə əhatəlilik
 
Nazir Emin Əmrullayev təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması, təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsinin önəmini qeyd edib: “Təhsil nəzəriyyəsinə görə dünyada belə qəbul olunub ki, insanın inkişafı doğulduğu gündən başlayaraq ilk min gündən çox asılıdır. İnsanın 3 yaşına qədər olan dövr onun sonrakı həyatını, intellektual inkişafını, idraki bacarıqlarını formalaşdırır. Bu mənada məktəbəqədər olan mərhələnin təhsilin uzunmüddətli keyfiyyətinin artırılmasında  müstəsna əhəmiyyəti var. Tədqiqatlarla o da sübut olunub ki, məktəbəqədər təhsildə əhatəlilik ölkənin uzunmüddətli rifahının - iqtisadiyyatının, əhalinin sağlamlığının, şagirdlərin nailiyyətlərinin və bu kimi bir çox müsbət təzahürlərin əsas fundamentidir”.
 
Təhsil və qayğı bir arada - bir təhsil pilləsində
 
Ölkəmizdə son illər məktəbəqədər təhsildə ciddi uğurlar əldə olunub. Nəticədə məktəbəqədər təhsilin əhatəliliyi artıb. Ancaq hələ bu istiqamətdə işlər davam edir. Təhsil naziri qarşıda duran məqsədləri iki hissəyə bölüb: “Birinci hissə daha çox texniki məsələlərdir. Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması, onların səmərəliliyinin artırılması, uşaqlar üçün düzgün tədris, tərbiyə mühitinin təşkil edilməsi, o cümlədən qayğı ilə əhatələnməsi işimizin əsas hissəsini təşkil edir. Çünki məktəbəqədər təhsil pilləsinin digər təhsil pillələrindən fərqi ondan ibarətdir ki, burada təhsil və qayğı önəminə görə paralel gedir”.
 
Transfer zaman alacaq
 
Məktəbəqədər təhsil müəssisələrində, ümumilikdə 126509 uşaq təhsil və tərbiyə alır. 121385 uşağın təhsil və tərbiyə aldığı 1692 dövlət müəssisəsi, 5124 uşağın təhsil və tərbiyə aldığı 133 özəl məktəb var. Məktəbəqədər təhsil müəssisələrində  17218 nəfər işləyir. Odur ki, məktəbəqədər müəssisələrin Təhsil Nazirliyinin səlahiyyətləri daxilinə keçməsi vaxt tələb edir: “Prinsipcə biz on minlərlə insanı əhatə edən bir sistemdən danışırıq. Bu sistemin transferi müəyyən zaman alacaq”.
 
Lakin artıq nəzərdə tutulan bir islahat planı var: “İki istiqamətdə islahatların aparılmasını önəmli hesab edirik. Təhsil Nazirliyinin artıq müsbət  təcrübəsi  var. Müəllimlərin, direktorların, hətta şagirdlərin qəbulunda olduğu  kimi, elektron sistemlərin qısa müddətdə məktəbəqədər təhsil müəssisələrində də tətbiqi mümkündür. Sadəcə, biz müvafiq məlumatları toplamalı, məlumat sistemlərini formalaşdırmalıyıq”.
 
Alternativ məktəbəqədər təhsil modelləri tətbiq ediləcək
 
Transfer prosesi bitdikdən sonra daha çox özəl müəssisələrin sayının artırılması, alternativ məktəbəqədər təhsil modellərinin tətbiqi üzərində də düşünülür: “Qeyd edim ki, həmin modellərin son bir neçə ildə ölkəmizdə tətbiq olunanları da var. Misal üçün, dövlət ümumtəhsil müəssisələrində beşyaşlıların cəlb olunması ilə  məktəbəqədər təhsilə cəlb olunma faizini əsaslı şəkildə artırmışıq və bu yaş qrupunda uşaqların 85 faizindən çoxu məktəbəhazırlığa cəlb olunub. Hesab edirəm ki, bu, Azərbaycanın son dövrlərdə əldə etdiyi ən böyük nailiyyətlərdən biridir”.
 
“Regional idarələrin yaranması bizə imkan verəcək ki, təhsil fəaliyyətini vahid formata gətirək”
 
E.Əmrullayev Təhsil Nazirliyində aparılacaq struktur dəyişikliyinə zərurəti əsaslandırarkən bildirib ki, fevral ayının sonunadək yekunlaşacaq bu prosesin nəticəsi ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə uyğun regional idarələrin yaranması olacaq. Hər rayonda təhsili idarə edən, regional  idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərəcək qurumlar olacaq. Nazir bu dəyişiklikdəki məqsədlərdən danışıb: “Birincisi, indiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”.
 
Vətəndaş da problemə münasibətini dəyişməlidir
 
Yerlərdə problemlərin həlli vətəndaşların da problemə münasibətindən, problemə qarşı mübarizə metodundan çox asılıdır. Təhsil naziri bildirib ki, istənilən problem barədə anonim, yarımçıq, sosial şəbəkələr vasitəsilə edilən müraciətlərin müsbət həlli ya mümkün olmur, ya da çox zaman tələb edir. Halbuki vətəndaş portal.edu.az vasitəsilə müraciət edərsə, şikayətinə daha tez baxılar: “Portal vasitəsilə müraciəti izləmək imkanımız var. Yaradılan texnoloji proses bizə vətəndaşın müraciətinə nə vaxt baxıldığını, necə həll edildiyini müəyyənləşdirməyə, həll edilməyibsə, səbəbini öyrənməyə imkan verir”.
 
“Uzunmüddətli vədədə qeyri-mərkəzləşdirməni reallaşdırmaq planlaşdırılır”
 
Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olacaq. Nazirin sözlərinə görə, bir yandan yerli ənənələr təhsilin məzmununda öz əksini tapacaq,  digər yandan da yerli problemlərin həlli və qərarların verilməsi yavaş-yavaş regional təhsil idarələrinin səlahiyyətinə ötürüləcək: “Uzunmüddətli vədədə qeyri-mərkəzləşdirməni reallaşdırmaq planlaşdırılır. Məsələn,  müəllimlərin işə qəbulu vahid sistem şəklində həyata keçirilir. Regional təhsil idarələrinin bacarıqları artdıqca, onlara inam formalaşdıqca, işinə müsbət rəy verildikcə, bir sıra səlahiyyətlərin yerlərə - regional idarələrə verilməsinin tərəfdarıyıq və bunun daha doğru addım olduğunu düşünürük”.
 
Ruhiyyə DAŞSALAHLI, AZərbaycan müəllimi

 

0 0

Şərhlər

Oxşar xəbərlər