Sertifikatlaşdırmadan öncə diaqnostik qiymətləndirmə
8-03-2024, 14:10
3 161

Sertifikatlaşdırmadan öncə diaqnostik qiymətləndirmə

Eşqi Bağırov: “17 min nəfər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb ediləcək və proses 2026-cı ildə tamamlanacaq”


Tərbiyəçi-müəllimlər də sertifikatlaşdırmadan keçəcək. Gələn il üçün planlaşdırılan bu prosesə hazırlıq məqsədi ilə ölkə ərazisindəki bütün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmə təlim ehtiyaclarının müəyyən edilməsi üçün sertifikatlaşdırma mərhələsinə hazırlıq məqsədi daşıyır. Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək.

 

Sertifikatlaşdırmaya isə növbəti ildən başlanılacaq. 17 min nəfər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb ediləcək və proses 2026-cı ildə tamamlanacaq.

 

200 nəfər hərbi rəhbərin əməkhaqqına dəyişiklik edildi

 

Məktəbəqədər təhsil müəssisələrindən fərqli olaraq, ümumtəhsil müəssisələrində növbəti qiymətləndirmə artıq yekunlaşıb. Belə ki, hərbi rəhbərlərin diaqnostik qiymətləndirilməsi aparılıb.

 

Eşqi Bağırovun sözlərinə görə, ümumtəhsil müəssisələrində 4000-ə yaxın hərbi rəhbər çalışır və onların hər biri diaqnostik qiymətləndirmədən keçirilib. Əməyinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə həyata keçirilən son qiymətləndirmədən sonra 200-ə yaxın hərbi rəhbərin əməkhaqqına dəyişiklik olub. Belə ki, fevralın 1-dən onların əməkhaqqılarına müvafiq əlavələr edilib.

 

Hərbi rəhbərlərin sertifikatlaşdırılması nəzərdə tutulmasa da ümumtəhsil müəssisələrində fənn müəllimlərinin sertifikatlaşdırılması bu il davam edəcək. Bu il riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikatlaşdırmaya cəlb olunacaq. Həmin müəllimlərə sertifikatları elektron qaydada təqdim ediləcək. E.Bağırovun fikrincə, bu qərar daha çevik xidmət göstərməyə imkan verəcək və müəllimləri də məmnun edəcək: “Bu, əlçatanlıq baxımından böyük müəllim kütləsinin rahatlığına, bizim isə çevik qərarlar vermək və xidmət keyfiyyətini yaxşılaşdırmağımıza gətirib çıxaracaq”.

 

Şagird təhlükəsizliyi və sağlamlığı üçün qabaqlayıcı tədbirlər görülür.“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir və ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edir. Qaydaların tətbiq ediləcəyi təhsil müəssisələrinin sayının artacağı nəzərdə tutulur.

 

E.Bağırov pilot müəssisələr üzrə monitorinq və təhlillər əsasında təkliflər formalaşdırıldığını da deyib. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş gedir.

 

Agentlik direktoru şagirdlərin təhlükəsizliyi, sağlamlığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən birinə isə bu ilin əvvəlindən start verildiyini deyib, maarifləndirmə tədbirlərindən danışıb. Onun sözlərinə görə, son bir ay ərzində 1000-ə yaxın məktəbdə görüşlər təşkil olunub və tədris ilinin sonuna kimi prosesin əhatəliliyi artacaq: “Valideynlər də çox məmnundur. Prosesi faydalı hesab edirik. Bəzi hallarda hüquq-mühafizə orqanlarından da nümayəndə dəvət edirik. Bu tədbirlərin qabaqlayıcı təsir göstərəcəyinə ümid edirik”.

 

Məktəbə qəbul

 

E.Bağırov tədris ilinin sonunda hər il müşahidə edilən problem - məktəbə qəbul prosesində ünvan uyğunsuzluğu ilə bağlı valideynlərə bəzi tövsiyələr verib: “Hər il müşahidə etdiyimiz əsas çətinlik ondan ibarətdir ki, valideynlər prosesə gec qoşulurlar. Məktəb seçimi ilə bağı qərarlarını tədris ilinin əvvəlinə saxlayırlar”.

 

Tövsiyə isə budur ki, qərar və ya niyyətlərini valideynlər indidən bildirsinlər: “Platforma açıqdır və xahişimiz odur ki, məktəb seçimini vaxtında etsinlər. Ünvan uyğunsuzluqlarının aradan qaldırılması üçün müraciətləri qəbul edirik. Ötən aylar ərzində bu platforma vasitəsilə artıq 600-ə yaxın müraciət müsbət cavablandırılıb. Növbəti həftədən bu platformanı istifadəyə verəcəyik”.

 

Xidmətin yalnız elektron platforma ilə də məhdudlaşmadığını qeyd edən E.Bağırov “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri göstərildiyini xatırladıb: “Bir müddətdir ki, ümumi və məktəbəqədər təhsillə bağlı xidmətlərin əsas hissəsi “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir”.
0 0

Şərhlər

Oxşar xəbərlər