Ümummilli lider Heydər Əliyevin anım günüdür
12-12-2022, 07:20
771

Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatından 19 il ötür.

TehsilForumu.Az xatırladır ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.
Uzun müddət ABŞ-nin Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.

Allah rəhmət eləsin!
0 0

Şərhlər

Oxşar xəbərlər