DİM müsahibə elan edir
18-03-2022, 16:38
359

DİM müsahibə elan edir

Martın 18-də 13 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

 

TehsilForumu.Az xəbər verir ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növünə (inzibati icraçı) aiddir.

 

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəis müavini vəzifəsidir.

 

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 22, İqtisadiyyat Nazirliyində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6, Dövlət Statistika Komitəsində 6, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 5, Hesablama Palatasında 2, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1 və Şirvan Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə aşağıda qeyd edilən kateqoriyaya aid şəxslər iştirak edə bilər:

 

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər martın 18-dən aprelin 6-sı saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
0 0

Şərhlər

Oxşar xəbərlər