"Müəllimlərimizi Tanıyaq" -İradə İmanbəyli
2-01-2023, 11:22
547

"Müəllimlərimizi Tanıyaq" -İradə İmanbəyli


Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə - İradə İmanbəyli haqqında danışacağıq .

 İradə müəllimə 9 mart 1991-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub. 

İlk təhsilini Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində alıb. 

2006 -cı ildə həmin məktəbin ümumi təhsilini əla qiymətlərlə başa vurduqdan sonra, Lənkəran Dövlət Humanitar Kollecinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 

2010- cu ildə həmin ixtisası fərqlənməylə bitirdikdən sonra qarşısında qoyduğu məqsədində olduğu kimi kəndinin övladlarına faydalı olmaq üçün Dəmirçi kənd ümumi orta məktəbinə müəllim kimi qayıdıb. Fəaliyyətinin ilk vaxtlarından çalışqanlığı və innovativ dərsləriylə hamının sevgisini qazanıb, dərsləri qəzet və jurnallarda çap olunub. 

Daha sonra təhsilini davam etdirmək məqsədilə 2012-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix - Coğrafiya müəllimliyi ixtisasının qiyabi şöbəsinə qəbul olub. 

5 illik qiyabi təhsili müddətində iş fəaliyyətini də davam etdirib. 2017- ci ildə Lənkəran Dövlət Universitetindən məzun olduqdan sonra Masallı Dövlət Regional Kollecində Tarix müəllimi kimi fəaliyyətə başlayıb. Lakin uşaqlara sevgisi, qarşısındakı şagirdlərə vətənə sevgi, təhsilə bağlılıq, düzgün fərd kimi xüsusiyyətləri körpə yaşdan aşılamaq istəyi onu ibtidai sinif müəllimliyindən uzaqlaşdırmayıb.

Hal-hazırda müəllimlik fəaliyyəti ilə yanaşı Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə director müavini kimi fəaliyyət göstərir.

Müəllimlik fəaliyyəti müddətində daima öyrənməyə ,yeniliyə və dərslərini müasir təlim modellərinə uyğun qurmağa çalışır. Respublikada olan seminarlarda, beynəlxalq formlarda, vebinarlarda iştirak edir. 

İradə müəllimə fəal təlim metodlarına əsaslanan dərsləri, şagirdlərinin fəaliyyəti ilə rayon təhsilində daim diqqətdədir və dərsləri nümunəvi dərslər kimi dinlənilir. 

Rayonun ictimai həyatında fəal gənclərdəndir. Rayon təhsilinin inkişafı üçün yaradılan Təhsilə İctimai Dəstək Qrupunun üzvüdür. 

Təhsil sahəsində Könüllü kimi fəaliyyət göstərir. Dəfələrlə ictimai və təhsil sahəsində göstərdiyi fəaliyyətinə görə rayon rəhbərliyi, təhsil şöbəsi, Kollec, məktəb rəhbərliyi, Gənclər-İdman idarəsi, Yeni Azərbaycan Partiyası və müxtəlif qurumlar tərəfindən fəxri fərman və mükafatlarla dəyərləndirilib.

Şagirdləri, tələbələri ilə bərabər maraqlı kompozisiyalarla tarixi günlərlə bağlı tədbirlərdə iştirak edir.

Vətən müharibəsi, Dəmir yumruq, qələbə sevinci ilə bağlı şagirdləri ilə bərabər müxtəlif tədbir və görüşlərdə iştirak etmiş, maraqlı dərslər hazırlamış və tədbirlər təşkil etmişdir. 

Şagirdlərinə vətənpərvərliyin aşılanması ruhunda fəaliyyəti danılmazdır. Qızların təhsilə cəlb olunması, müasir düşüncəli, bacarıqlı şagirdlər yetişdirmək ən ilkin məqsədlərindəndir. 

İradə müəllimə iştirakçısı olduğu bütün təşkilatlarda, könüllü layihələrdə sağlam düçüncəli, öz bacarıqlarına inanan ,gələcəyimizin bünövrəsi olacaq nəsillərə faydalı olmaq üçün çox çalışır.

Uğurlar arzulayırıq 
0 0

Şərhlər

Oxşar xəbərlər