“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam etdirilir
11-12-2021, 13:11
362

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam etdirilir

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam etdirilir.

TehsilForumu.Az Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən  bildirilib ki, ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir.

Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.

İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Milli Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli Tarixi-Bədii Qoruğuna, “Suraxanı” tanker-muzeyinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə təşkil olunur.

Layihə çərçivəsində təşkil olunan birgünlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, ikigünlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz və Zaqatala rayonlarının məktəbliləri iştirak edir.

Noyabrın 6-dan start verilən ekskursiyalarda bu günədək hər şənbə günü 700, bazar günləri isə 950 məktəbli olmaqla 9 min 900 məktəbli iştirak edib.

Proqram çərçivəsində ümumilikdə 13 min 700 məktəblinin iştirakı nəzərdə tutulub. Dekabrın sonunadək “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi çərçivəsində hər şənbə günü ekskursiyada iştirak edən məktəblilər “Nargis” jurnalının “Port Baku Mall” ticarət mərkəzində təşkil olunan “Karabakh - Winter Wonderland” sərgisini də ziyarət edəcəklər. Sərgidə Qarabağın tarixi və mədəniyyətindən bəhs olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər