Kərim Kərimov - Həyatını kosmosa həsr etmiş azərbaycanlı general
12-04-2024, 13:27
230

Kərim Kərimov - Həyatını kosmosa həsr etmiş azərbaycanlı general

12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. Belə bir gündə həyatının 50 ilini sovet kosmonavtika elminin inkişafına həsr etmiş, Sovet İttifaqı kimi böyük bir imperiyanın tarixində əfsanəvi şəxsiyyət kimi tanınan, sovet kosmik erasının banilərindən və Azərbaycana son dərəcə bağlı olan general Kərim Kərimovun xatirəsini hörmətlə yad edirik.
 Əfsanəvi general

Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Onun raket texnikası sahəsində işləri hələ “soyuq müharibə” dönəmində Amerikada da ciddi maraq doğururdu. General K.Kərimov Dövlət Komissiyasının sədri kimi öz həyatında Yuri Qaqarinin kosmosu fəthi, ən mürəkkəb kosmik aparat və stansiyaların yaradılması kimi hadisələr yaşamışdı... Həyatının son günlərinə qədər sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə bağlı ən problemli məsələlər onun yaxından iştirakı ilə həll olunub.

 

O, öz əməyinin bəhrəsini sevər, yüksək dəyərləndirərdi. Bütövlükdə isə onun bütün həyatı işə tabe idi. Generalın sonadək Vətənə sədaqət nümunəsi olan həyatı olduqca gözəl və təəccüb doğuracaq dərəcədə maraqlıdır. 

Radiodan kosmonavtikaya


Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Onun atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan A.Kərimov tezliklə öz karyerasında irəliləyib. Onun xanımı, Bakıdakı elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə əhatə olunub. Ailədə 3 oğlan uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə Sürəyya xanım qəfil xəstəlik keçirib və tez bir vaxtda dünyasını dəyişib. Ataları ikinci dəfə evlənməyib və uşaqların tərbiyəsi ilə məşğul olub. Ona bu işdə mərhum xanımının valideynləri də kömək ediblər. Bəlkə də ailədə hökm sürən ümumi səmimi münasibət və bir çox cəhətdən qarşılıqlı anlaşma və qarşılıqlı yardım gənc Kərimin xarakterini müəyyən etmişdi.Onda uşaqlıq illərində radioya maraq yaranıb. Sonralar general Kərimov öz memuarlarında yazırdı: “Babamın evinin qarşısında, keçmiş kazarmaların binasında yaxşı insanlar müxtəlif dərnəklər, o cümlədən radiotexnika ilə məşğul olmağa imkanı verən Uşaq Texniki Stansiyası təşkil etmişdilər. Mən məhz onda texnikanın bu yeni istiqamətinə yönəlməyə başladım. Odur ki, mənim radioya marağım hələ məktəbəqədər uşaqlıq illərimdə başlayıb”. O, artıq yuxarı siniflərdən işləməyə başlayıb. Hələ 4-cü sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi. Orta məktəbi bitirdikdən sonra Novoçerkassk Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuş və 3-cü kursdan sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda (ADNSU) davam etdirib. Oxumaqla yanaşı, K.Kərimov ailəsini dolandırmaq üçün həm də işləyib. Birinci kursda ailə qurub, 1937-ci ildə doğulan qızına mərhum anası Sürəyyanın adını qoyub. Müharibə başlayan zaman bir çoxları kimi o da ön cəbhəyə can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O dövr üçün K.Kərimovun seçdiyi ixtisas olduqca nadir və qapalı idi. 

Sənaye İnstitutunun istedadlı məzunu

K.Kərimov 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini mühəndis-elektromexanik diplomi ilə bitirib. O, döyüşən orduya yox, artilleriya akademiyasına göndərilir. 1943-cü ilin sonlarında F.Dzerjinski adına Artilleriya Akademiyasına qəbul olub. Çox maraqlıdır ki, Azərbaycan Sənaye İnstitutunun ən perspektivli məzunu kimi yüksək hazırlıq səviyyəsi nəzərə alınaraq K.Kərimov Akademiyanın V kursuna (silahlanma fakültəsi) qəbul olunub.   

 

Tezliklə akademiyanın rəhbərliyi kursantların təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə diplom işini “əla” qiymətlərlə müdafiə edir və texnik-leytenant rütbəsində Baş İdarənin sərəncamına göndərilir. Müharibənin taleyini həll etmiş məşhur “katyuşa”lar məhz burada istehsal olunurdu.
   

Qeyd olunmalıdır ki, “Katyuşa” istehsalı heç də asan başa gəlməyib.  “Katyuşa”ların vaxtından əvvəl partlayışlar törətməsi onun kütləvi istehsalına başlanmasına imkan vermirdi. Bu problemin həlli çoxlu qurbanlar hesabına başa gəlib. Lakin Kərim Kərimov və onun əməkdaşlarının gərgin əməyi nəticəsində bu problem həll olunub, almanların Şərqə doğru irəliləməsinin qarşısı alınıb. Bir fakt da qeyd olunmalıdır ki, “Katyuşa”   istehsalına Lavrenti Beriyanın idarəsi nəzarət edirdi. K.Kərimovun bu sahədə xidmətləri onunla nəticələnib ki, müharibə qurtaran kimi onun növbədənkənar hərbi rütbəsi artırılıb və “Qızıl ulduz” ordeni ilə təltif olunub.

Bundan əlavə, sovet hərb sənayesi üçün perspektiv vəd edən K.Kərimov müharibədən dərhal sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatına göndərilib. Onun bioqrafiyasında əsaslı dönüşün başlanğıcı 1946-cı ildə qoyulub. Stalinin göstərişi ilə K.Kərimov bir qrup mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniyaya - Nordxauzen şəhərinə ezam olunub. K.Kərimov burada “Fau-2” ballistik raketlər üzərində işləyib. Müharibədən sonra dağıdılmış alman raket texnikasının qalıqları SSRİ-yə gətirilib və burada yoxlanılıb. Lakin Almaniyanın hərbi arsenalında olan raket texnikasını tədqiq etmək üçün xüsusi vasitələr tələb olunurdu. Məhz bu məqamda Kərim Kərimovun uşaqlıqdan maraq göstərdiyi sahə - radiotexnika köməyə gəldi.
 

     

Heç 30 yaşı belə tamam olmayan, lakin SSRİ Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə Dövlət Komissiyasının iclasında o zaman üçün unikal radioteleölçü - “Don” sistemini yaradıb. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə xidmət edib. Sovet rəhbərliyi K.Kərimovun zəhmətini yüksək qiymətləndirir - o, 1950-ci ildə Stalin mükafatına layiq görülüb. 1960-cı ilin sentyabrında K.Kərimov Raket Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-cı illərin ortalarına kimi o, qitələrarası ballistik raketlərin yaradılması üzərində isləyir, günlərlə vaxtını strateji təyinatlı raketlərin sınaq poliqonunda keçirirdi.

  

Tezliklə general K.Kərimov strateji təyinatlı raket qüvvələrində ən aparıcı şəxsə çevrilib. General “Zenit” kəşfiyyat peyklərinin buraxılmasına şəxsən nəzarət edib. “Zenit” raket-kosmik kompleksinin tətbiqinə görə K.Kərimov Lenin mükafatına layiq görülüb. Daha sonra ona kosmos sahəsində işləməyi təklif edirlər. “Bu təkliflə az qala xətrimə dəydilər. Yüksəkməxfi qitələrarası raketlərlə məşğul olurdum və birdən mənə tanış olmayan kosmos barədə təklif aldım”-deyə general sonralar xatırlayırdı. Lakin bir qədər sonra K.Kərimov kosmosun fəthində ilk pionerlərdən biri olmasına görə taleyinə minnətdarlıq edirdi. 1964-cü ildə yenicə yaradılmış Kosmik Vasitələrin Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib. Bu vəzifədə fəaliyyətini davam etdirməklə yanaşı, K.Kərimov 1965-ci ildə pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olunub və bu vəzifədə fasiləsiz olaraq tam 25 il çalışıb. 1975-ci ildə “Soyuz-Apollon” Sovet-Amerika birgə gəmisinin uçuşunu hazırlayıb. 1979-cu ildə pilotlu orbital stansiyanın uğurlu uçuşlarını təşkil etdiyinə görə Dövlət mükafatı alıb,

 

   

1987-ci ildə “Mir” çoxmodullu orbital stansiyanın yaradılmasına görə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib. 1991-ci ildə 74 yaşında K.Kərimov istefaya çıxıb, lakin son günlərinə qədər uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının elmi məsləhətçisi işləyib. General həftədə 2-3-dəfə mərkəzə baş çəkər, orbital stansiyada baş verənlərlə bağlı məlumatları qəbul edib, onları təhlil və sistemləşdirər, əməkdaşlarına dəyərli tövsiyələrini verərdi. 

 

K.Kərimovun fəaliyyətində planetlərarası stansiyalar, Mars, Venera və kometaların öyrənilməsi kimi xüsusi layihələr də var. Bütün bunlar sovet kosmonavtikasının 50 illik tarixini əks etdirir və bütün bu layihələr Kərim Kərimovla sıx bağlıdır.         

 

“Yoldaş Dövlət Komissiyasının Sədri!”On illər ərzində general-leytenant Kərim Kərimovu bu cür adlandırıblar. “Uçuşa icazə verirəm”. Bu əmri verən şəxsin çiyinlərinə son dərəcə ağır məsuliyyət yükü düşürdü. Yalnız və yalnız o, son qərar qəbul edirdi. Onun iki kəlmə sözü onlarla, yüz minlərlə insanın üzunillik zəhmətinə yekun vurur. İnsan düşüncəsinin taleyi, ağlasığmaz maddi xərclər və hətta insan həyatı məhz ondan asılı idi. Baxmayaraq ki, o, kino-televiziya ekranlarının qəhrəmanı idi, onu çox az adam tanıyırdı. Onu yalnız arxa plandan çəkməyə icazə verirdilər. Onun səsini isə yalnız məşhur Levitanın səsi ilə müqayisə etmək olardı.

 

 

Sovet dövründə Baykonurdan kosmonavtların üçüşundan hazırlanan bütün birbaşa televiziya yayımlarında bir azdan kosmosa yollanacaq gəmi heyətinə üz tutan, lakin üzü görünməyən bu general “Sizə uğurlu uçuş proqramı həyata keçirməyi və sağ-salamat doğma Yerə qayıtmağı arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planetlərarası və pilotlu uçuşlar üzrə xüsusi Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, onun məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz həmvətənimiz K.Kərimovdur.

 

 Həyatda olduqca səmimi olan general Kərimovu “gizli oyunlar” çox üzürdü. Onlardan biri Aya ilk pilotlu proqram üzrə uçuşun təşkili ilə bağlıdır. O, bu layihənin həyata keçirilməsinə uzun illər bilik, enerji, var-qüvvəsini sərf edib. K.Kərimovun layihəsi uğurlu sonluğunu gözləyirdi. Lakin... Bu barədə K.Kərimov sonralar öz xatirələrində bildirirdi: “1961-ci ildə mənim rəhbərlik etdiyim Maşınqayırma Nazirliyinin Baş İdarəsi qarşısında olduqca mürəkkəb və böyükhəcmli vəzifə qoyulmuşdu. Başlıca vəzifə Günəş sistemi planetinə və Aya avtomat və pilot göndərmək idi. O vaxt Sergey Korolyovun rəhbərlik etdiyi konstruktor bürosu digər sifarişlərdən azad olunmuşdu və yalnız raket və kosmik tədqiqatlar üçün gəmilərin yaradılması ilə məşğul olurdu. Ay və planetlərin öyrənilməsi üçün ağırlığı 2 min ton olan güclü N-1 raketinin yaradılmasına çalışırdıq. Lakin Nikita Xruşşov kosmik tədqiqatlar üçün nəzərdə tutulmuş vəsaitləri digər istiqamətlərə xərclədi. Nəticədə, bu layihə baş tutmadı”. .       

 

“Məşğul olduğum işin adını belə söyləyə bilmədim”

 Əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının əsas yaradıcılarından biri, general Kərim Kərimovun bütün həyatı kosmosla bağlı olub. 1966-cı ildən 1991-ci ilə kimi Baykonurdan kosmonavtların uçuşlarına şəxsən xeyir-dua vermiş və onları qarşılayıb. Uzun illər K.Kərimovun başı üzərində qalın məxfilik pərdəsi asılıb... Yalnız 1987-ci ildən sonra Moskvada nəşr olunan “Pravda” və “Sovetskaya Rossiya” qəzetləri general K.Kərimovun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama verib. Kərim Kərimov özü məxfilik şəraitində fəaliyyətini belə şərh edib: “Özümü çox pis hiss edirdim. Mən hətta məşğul olduğum işin adını belə söyləyə bilməzdim. Lap gülünc idi. Makinaçı mətni yığırdı, mətndəki “reaktiv” sözünü isə buraxırdı, bu sözü sonradan qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım olan sənədi əldə etmək üçün nə qədər səy göstərmək tələb olunurdu! Mən hətta bu barədə sakitliklə də danışa bilmirəm. Əminəm ki, bizim məxfilik sistemimiz texnika sahəsində ABŞ-dan geridə qalmağımızın əsas faktorlarından biri idi” (“Novaya qazeta”).

 

Kərim Kərimovun işləri okeanın o tayında - Amerikada da diqqətlə izlənilirdi. Generalın əməyinin bəhrəsi olan “Mir” stansiyası istifadəyə verildikdən sonra Amerika mətbuatı yazırdı ki, ruslar amerikalıları 10 il qabaqladılar və indi kosmosa nəzarət edirlər.    

 

Kərim Kərimovun haqqında “Novıye izvestiya” qəzeti 12 aprel 2005-ci il sayında yazırdı: “Azərbaycanlı general Kərim Kərimovun adı tam 25 il ərzində mətbuat üçün qapalı idi, onu üzdən yalnız keçmiş SSRİ-nin rəhbərliyi tanıyırdı. Bu insanın fəaliyyəti Amerikanın NASA kosmik agentliyinin də diqqət mərkəzində idi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi K.Kərimovla əlaqə qurmağa uğursuz cəhdlər edirdi”.  

Kərim Kərimovun sevincli anları

Kərim Kərimovun həyatında bir çox xoşbəxt və sevincli anlar olub. Bunlar təkcə kosmosla bağlı olmayıb. General Kərimov zahirən, ola bilsin, olduqca az diqqət cəlb edirdi, lakin çox səmərəli ictimai iş aparırdı. O, istedadlı azərbaycanlı gənclərin Rusiyanın ali məktəblərində təhsil almalarına, Azərbaycanda kosmik elmin yaradılmasına kömək edirdi.

 

...K.Kərimov öz arxivindəki şəkillərə baxmağı sevərdi. Bu şəkillər arasında onun üçün ən qiymətlisi generalın xeyir-duası ilə kosmosu ilk dəfə fəth etmiş Yuri Qaqarindən aldığı “kosmosun atasına” yazılı avtoqrafdır.

 

  K.Kərimovun yaxından köməkliyi ilə 1975-ci ildə Bakıda təbii ehtiyatların kosmik tətbiqi elmi mərkəzi yaradılıb. 1978-ci ildə bu mərkəz elmi istehsal birliyinə çevrilib və daha sonra onun bazasında milli aerokosmik agentliyi yaradılıb. Kosmik tədqiqatların inkişafında və Azərbaycanda Milli Aerokosmik Agentliyin yaradılmasında böyük xidmətlərinə görə Kərim Kərimov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

 

General K.Kərimov  Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.
Sovet və dünya kosmonavtika tarixində şanlı iz buraxmış, hər bir azərbaycanlının fəxr etdiyi general Kərim Kərimov 2003-cü il martın 29-da vəfat edib. Moskvada azərbaycanlıların da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilib.

 


 

 
0 0

Şərhlər

Oxşar xəbərlər