Niyə təhsil sistemində işə qəbul imtahanla aparılır?
9-04-2024, 12:32
298

Niyə təhsil sistemində işə qəbul imtahanla aparılır?

Artıq bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu prosesini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Geridə qalan zaman onu deməyə əsas verir ki, proses işə qəbulla bağlı neqativ halların aradan qaldırılmasına, şəffaflığın və obyektivliyin təmin olunmasına səbəb olub. Onu da qeyd edək ki, əvvəllər müəllimlərin işə qəbulu müsabiqəsi yalnız orta ümumi təhsil məktəblərində çalışan təhsilverənlər arasında təşkil olunurdusa, son zamanlar məktəbəqədər və peşə təhsili müəssisələrinə də qəbul müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

Qeyd edək ki, ilbəil təkmilləşən müəllimlərin işə qəbulu müsabiqəsi istər təhsil işçiləri, istərsə də ictimaiyyət nümayəndələri arasında böyük rəğbətlə qarşılanır.

         

Bəs, proses haqqında təhsil ekspertləri nə düşünür?

         

“Biz son illər tam obyektiv yerləşdirməni müşahidə edirik”

         

Təhsil eksperti Elçin Əfəndi son dövrlərdə müəllimlərin işə qəbul imtahanının keçirilməsi, eyni zamanda bu istiqamətdə aparılan islahatları təqdirəlayiq hal kimi qiymətləndirdiyini deyir: “Əvvəlki dövrlə müqayisə etsək, son 10-12 ildir ki, tam şəffaf bir sistem üzərindən müəllimlərin işə qəbulu həyata keçirilir. Qeyd edim ki, əvvəllər kor-təbii formada müəllim seçimi aparılırdı. Uzun müddətdir ki, bütün təhsilalanlar, ictimaiyyət və cəmiyyət o dövrdə bəzi şəxslər tərəfindən verilən yanlış qərarların ağrı-acısını yaşayır. Amma son illərdə biz görürük ki, konkret olaraq vakant yerlər üzrə müvafiq müsabiqədə iştirak edən şəxslər var və həmin şəxslər ümumi şərtləri ödədikləri halda, çıxarılan vakant yerlər üzrə konkret təyinatlarını alır və həmin yerdə işə başlayırlar. 2022-ci ildən yeni qaydada tətbiq olunan şəhid ailə üzvlərinin, ilk növbədə, yerləşdirilməsini xüsusilə vurğulamaq istərdim. Orta ümumi təhsil məktəbləri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrinə də işə qəbulun müsabiqə yolu ilə aparılması nazirliyin məsələyə şəffaf və obyektiv yanaşdığını bir daha sübut edir.Müəllim seçimi ilə bağlı məktəbəqədər təhsil müəssisələrində də ciddi dəyişikliklər var. Artıq tərbiyəçi-müəllimlərin işə qəbulu da mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq müvafiq vakant yerlər məhz ixtisas sahiblərinə təqdim olunur. Yalnız ixtisaslı şəxslərin müsabiqədə iştirakı və onların əldə etdikləri müvafiq nəticələr əsasında yerləşdirilməsi həyata keçirilir. Eyni zamanda bu, peşə təhsili istiqamətində də uğurla yerinə yetirilir.

 

Bütün bunlar belə deməyə əsas verir ki, artıq biz son illər tam obyektiv yerləşdirməni müşahidə edirik. Paralel olaraq sertifikasiya imtahanları da keçirilir ki, bu da əvvəlki dövrlərdə müxtəlif üsullarla təhsil prosesinə cəlb olunanların sıradan çıxmasına rəvac verir”.

 

“Nazirlik bu təcrübədən 12-13 ildir ki, uğurla istifadə edir” 

         

Təhsil eksperti professor Şahlar Əsgərov müəllimlərin işə qəbulu prosesini həmişə diqqətlə izlədiyini, pedaqoji kadrların işlə təmin olunmasında şəffaflığın və obyektivliyin qorunduğunu bildirir: “Müəllimlərin işə qəbulu müsabiqəsi təhsil sahəsinin əsas elementlərindən biridir. Çünki məktəbdə təhsil mühitini yaradan yeganə şəxs müəllimdir. Əgər biz müəllimləri düz seçəriksə, bu seçimdə səhvə yol verməriksə, onda biz güclü təhsil mühiti yaradarıq. Şəffaf təhsil mühiti yaratdıqdan sonra biliklərin müəllimlərdən şagirdlərə keçidi uğurla ola bilər. Düşünürəm ki, nazirlik bu təcrübədən 12-13 ildir ki, uğurla istifadə edir. Sevindirici haldır ki, məktəbəqədər və peşə təhsili müəssisələrinə qəbul da müsabiqə yolu ilə həyata keçirilir. Bu sahədə Elm və Təhsil Nazirliyi böyük təcrübəyə malikdir. Prosesin təhlil olunaraq ilbəil təkmilləşdirilməsi də atılan düzgün addımlardandır”.
0 0

Şərhlər

Oxşar xəbərlər