Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir.
19-03-2024, 11:54
231

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir.

TehsilForumu.Az - Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətləri dinamik şəkildə inkişaf edir. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Sovetlər birliyi dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulsa da, bu əlaqələrin yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 16 mart 2024-cü il tarixində ölkəmizə səfəri bu iki respublika arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanala çıxış etmişdir. Dövlət başçısı mətbuata verdiyi bəyanatında bildirmişdir ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq

Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açdı. Müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına əsaslanaraq deyə bilərik ki, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələri üçün yeni mərhələ başlayıb. Bundan sonra da Azərbaycan-Gürcüstan arasındakı münasibətlər inkişaf edəcək və ümumilikdə regionun inkişafına töhfə vermiş olacaq.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər