Fil Bati: “Daha çox universitet öz tədqiqat potensialını artırır və bu, onlara dünya reytinqlərinə qoşulmağa imkan verir”
24-02-2024, 07:00
223

Fil Bati: “Daha çox universitet öz tədqiqat potensialını artırır və bu, onlara dünya reytinqlərinə qoşulmağa imkan verir”

Müasir dünya reallıqları universitetlərin qloballaşması kimi mühüm bir məsələni də günümüzün hadisəsinə çevirib. Ali məktəblərin yeni çağırışlara çevik və adekvat reaksiyası, sürətli transformasiya onların inkişaf üfüqlərini müəyyən edir. Müasir universitetlərin bir sıra keyfiyyət göstəricilərində öz əksini tapan inkişaf dinamikası bu və ya digər dərəcədə qlobal reytinqlərdə də müşahidə olunur. Bu mənada Böyük Britaniyanın “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən aparılan tədqiqatlar da ali təhsil müəssisələrinin qiymətləndirilməsində mühüm mənbə rolunu oynayır.

 

Bütün dünyada universitetlərin reytinqlərinin işlənib hazırlanmasında akademik mənbə rolunu oynayan “Times Higher Education”nun nümayəndə heyəti bu günlərdə ölkəmizdə səfərdə olub və ali təhsil sahəsində bir sıra səmərəli görüşlər keçirib. THE-nin qlobal məsələlər üzrə rəhbəri Fil Bati “Azərbaycan müəllimi” qəzetinə verdiyi geniş müsahibəsində universitetlərimizin beynəlxalq reytinqlərdə iştirakı, qlobal tanınma, davamlı inkişaf məqsədlərinə töhfəsi kimi önəmli məqamlara toxunub.

 

- Siz bir qədər əvvəl Bakıda oldunuz. Azərbaycana səfəriniz və apardığınız danışıqlar barədə nə deyə bilərsiniz?

 

- Biz həqiqətən Azərbaycan universitet sektoru ilə əməkdaşlıq etməkdən və sektorun inkişafını dəstəkləmək üçün məlumatlarımızı və fikirlərimizi bölüşməkdən çox məmnunuq. Ölkə daxilində böyük potensial var, getdikcə daha çox universitet öz tədqiqat potensialını artırır və bu, onlara dünya universitetləri reytinqlərinə qoşulmağa imkan verir. Lakin biz Azərbaycan universitetlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirəndə də böyük güc görürük. Azərbaycan universitetlərini, onların təhsil və tədqiqat sahəsində liderliyini COP29-un gündəliyinin mərkəzinə qoymaq üçün əla fürsət var.
- Azərbaycan universitetlərinin qlobal sıralamada (THE) mövqeyini necə qiymətləndirərdiniz? Azərbaycan universitetlərinin reytinqdə yüksək mövqe tutmasına necə nail ola bilərik?

- Öncə qeyd edim ki, “Times Higher Education World University Rankings” tədqiqatı universitetləri öz missiyalarının bütün əsas aspektləri üzrə ölçmək üçün 17 ayrı-ayrı performans göstəricisindən istifadə edir: tədris; tədqiqat; biliklərin ötürülməsi; beynəlxalq baxış. Beləliklə, universitetləri reytinqlərdə yüksəltmək üçün sadə bir düstur yoxdur. Biz onların dünya reytinqlərində irəliləmələrini dəstəkləmək üçün hər bir təhsil müəssisəsi haqqında analitik və beynəlxalq müqayisəli məlumatları bölüşməkdən məmnunuq.

        "   İlk növbədə, tədqiqat  universitetlərinin qiymətləndirilməsinə yönələn “Times Higher Education World University Rankings”-ə daxil olmaq üçün qurumlar son beş ildə ən azı 1000 tədqiqat məhsulu və hər il ərzində minimum 150 elmi məqalə dərc etməlidir "

​Beləliklə, dünya reytinqində mövqe tutmaq istəyən universitetlər üçün əsas istiqamət tədris mərkəzli universitetlərdən tədqiqat universitetlərinə keçidi sürətləndirmək və onların tədqiqat potensialını inkişaf etdirməkdir.

 

Biz tədqiqatın kəmiyyət ölçüləri ilə müqayisədə keyfiyyət ölçülərinə üstünlük veririk, lakin bəziləri üçün tədqiqat potensialının yaradılması əsasdır.

 

Bundan əlavə, ölkənizdə diqqətin beynəlmiləlləşməyə - beynəlxalq istedadların Azərbaycana cəlb edilməsi işinə, həmçinin qlobal tanınma və akademik nüfuzun yaradılmasına yönəldiyini görmək çox sevindiricidir.

 

İnanıram ki, COP29 və əlaqəli tədbirlər Azərbaycan universitetlərinin tanınmasını artırmaq üçün çox faydalı ola bilər. Məlumatlarımız göstərir ki, onlar Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini irəli aparmaqda güclü göstəricilərə malikdirlər.

 

- Bu gün universitetlərimizin reytinqlərdə irəliləməsinə ən çox nə mane olur? Tövsiyələriniz nələr olardı?

- Dünya universitetləri reytinqləri qlobal tədqiqat universitetlərini qiymətləndirmək üçün nəzərdə tutulduğundan - yüksək keyfiyyətli tədqiqat məhsulu hazırlamaq üçün ali məktəbin tədqiqat potensialının artırılması və məhsuldar alimlərin yetişdirilməsi əsasdır. Bununla belə, bizim ayrı-ayrı universitetlərin missiyalarını əks etdirən müxtəlif reytinqlərimiz və fərqli ölçülərimiz var. Buna görə də universitetlərə öz missiya və məqsədlərinə və xüsusi institusional məqsədlərə ən yaxşı uyğun gələn sıralama və müqayisə sistemlərini seçməyi tövsiyə edirik.

 

- Azərbaycan tərəfi ilə reytinqlərə yanaşmaqda ortaq fikirləriniz varmı?

- “Times Higher Education”-da biz hər birinin öz missiyası və məqsədi olan, müxtəlif universitetlərə dəstək ola bilməyimiz üçün geniş və müxtəlif performans göstəriciləri və fərqli universitet sıralama sistemləri təqdim etməyə çalışırıq. Biz bəzi universitetlərə (az sayda) qlobal tədqiqat universitetləri kimi inkişaf etməkdə, reytinqlərə daxil olmaqda və özlərini qlobal tədqiqat mərkəzləri ilə müqayisə etmək üçün dəstək ola bilərik. Digər Azərbaycan universitetləri, şübhəsiz ki, tədrisə, məsələn, sənaye əlaqələrinə və ya sosial təsirə diqqət yetirərək fərqli bir yol tutmaq istəyəcəklər. Onları dəstəkləmək üçün bizim də məlumatlarımız və anlayışlarımız var. Reytinqlər universitetin missiyasını müəyyən etməməlidir, sadəcə onu məlumatlandırmalıdır.

- Qlobal reytinqdə yüksək mövqe tutan hər hansı bir universitet nümunəsində ali məktəblərin reytinq komandalarına hansı vəzifələrin verildiyini necə şərh edə bilərsiniz?

- Dünyanın ən böyük universitetlərinin bir çoxu, xüsusən də ABŞ və Böyük Britaniyada tədris və tədqiqatın eyni institutda həyata keçirilməsini təmin edən modeli uyğunlaşdırıblar. Bu, tələbələrin ən son kəşflərdən xəbərdar olmasını və öz fənlərinin ən qabaqcıl alimləri tərəfindən tədris olunmasını və tədqiqatda fəal iştirak etməsini təmin edə bilər. O, həmçinin tələbələrin tədris prosesində tədqiqat metodları və üsullarını tətbiq etmələrinə, onlara problem həll etmək və təcrübə aparmaq kimi həyati əhəmiyyətli bacarıqları inkişaf etdirməyə kömək edə bilər.

 Texnologiya sürətlə inkişaf etdikcə və iş yeri sürətlə dəyişdikcə bu cür ötürülə bilən bacarıqlar gələcəkdə daha da vacib olacaq. Biz tələbələrə təkcə texniki bacarıq və bilikləri deyil, həm də davamlılıq, problem həll etmək və liderlik kimi bacarıqları inkişaf etdirməkdə dəstək olmalıyıq. Bu, tədqiqatın intensiv olduğu universitet mühitində daha yaxşı inkişaf etdirilə bilər. Tədqiqat universiteti hətta bir bakalavr tələbənin də inkişaf edə biləcəyi bir yer ola bilər, sadəcə təlimat almaq deyil, həm də gələcək üçün uzunmüddətli bacarıqları inkişaf etdirmək lazımdır.

- Elm və təhsilin inteqrasiyası barədə nə düşünürsünüz? Bu tandem universitetlərimizin qlobal reytinqlərdə imkanlarına necə təsir edə bilər?

- Dünya universitetləri reytinqində yüksək yer yalnız dünya səviyyəli mükəmməlliyə - tədrisdə və ilk növbədə, tədqiqatlar vasitəsinə nail olunacaq. İstedadlı insanları cəlb etmək, saxlamaq və yetişdirmək və ən yaxşı imkanları təmin etmək üçün çox vaxt əhəmiyyətli sərmayələr qoyulmalıdır. Bu proses daim davam və inkişaf etdirilməlidir. Bununla belə, məlumatların reytinq sistemlərinə təqdim edilməsini dəstəkləmək və ən əsası, beynəlxalq rəqiblərlə müqayisədə performansı müqayisə etmək və monitorinq etmək üçün məlumatlardan faydalanmaq istiqamətində universitetlər daxilində məlumat və reytinqlər üzrə mütəxəssislərin hazırlanması vacib ola bilər.

 

- Müasir çağırışlar baxımından rəqabətədavamlı olmağa çalışan universitetlərin qarşısında hansı vəzifələr durur?

- Düşünürəm ki, bu gün universitetlərin qarşısında duran ən böyük problem süni intellektin yüksəlişidir. Bu, tədqiqat və kəşflərin baş verməsini sürətləndirən çox müsbət qüvvə, həmçinin tədris və öyrənməni dəstəkləmək üçün gözəl bir vasitə ola bilər. Lakin bu, sürətlə inkişaf edən bir vasitədir və onun öhdəsindən gəlmək olduqca çətindir.

 

- THE və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Bütün dünyada hökumətlər öz universitet sektorlarının inkişafını dəstəkləmək üçün unikal qlobal məlumat bazamızdan, müqayisəli məlumatlarımızdan və qlobal ali təhsildə 50 illik təcrübəmizdən yararlanmaq üçün “Times Higher Education” ilə getdikcə daha çox əməkdaşlıq edirlər. Universitetlərin çiçəklənməsini təşviq etmək və onların dünyanı daha yaxşı bir yerə çevirmək üçün tədris, araşdırma və bilik ötürülməsini təmin etmək naminə aydın bir missiyaya sahib olmaqdan məmnunuq. Odur ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə ölkə universitetlərinin tam potensialının reallaşdırılmasına kömək üzrə əməkdaşlıq etmək bizim üçün çox xoşdur və şərəfdir. Əməkdaşlığımız çox erkən mərhələdədir, lakin biz artıq THE sıralamalarında bəzi aydın üstünlüklərin ortaya çıxdığını görürük. Biz Azərbaycanla tərəfdaşlığı inkişaf səviyyəsinə qaldırmaqdan məmnunuq.

 

- Azərbaycanın ali təhsil nümayəndələrinə hansı mesajları çatdırmaq istərdiniz?

- Biz Azərbaycanın universitet sektoru ilə istedad və beynəlxalq tərəfdaşlıqların cəlb edilməsinə, sektorun nüfuzunun inkişaf etdirilməsinə və uğur qazanmaq üçün qabaqcıl təcrübə mübadiləsinə töhfə verməkdən şadıq. Qeyd etdiyim kimi, indi Azərbaycan universitetlərini və onların təhsil və tədqiqat liderliyini COP29-un gündəliyinin mərkəzinə qoymaq, onların artmaqda olan görünənliyini və qlobal mövqelərini dəstəkləmək fürsətindən istifadə etmək üçün mükəmməl bir məqamdır.

 

Biz qlobal universitet liderlərindən ibarət cəmiyyətimizi Azərbaycana dəvət etməkdən məmnunuq ki, onlar burada maraqlı potensial və imkanları öz gözləri ilə görsünlər.

 
0 0

Şərhlər

Oxşar xəbərlər