Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları şanlı Qələbənin qazanılmasına mühüm töhfələr veriblər
6-05-2023, 10:55
404

Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları şanlı Qələbənin qazanılmasına mühüm töhfələr veriblər

TehsilForumu.Az - Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Artıq 75 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».

Xatırladaq ki, müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.

Bu gün Qələbənin 75 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.

Kəmalə Rüstəmova
YAP Goranboy təşkilatının fəalı
2 0

Şərhlər

Oxşar xəbərlər