Şuşa zirvəsinin sakini – kəşfiyyatçı Mehrab Niftəliyev .
15-11-2021, 17:17
814

Şuşa zirvəsinin sakini – kəşfiyyatçı Mehrab Niftəliyev .


TehsilForumu.Az - Mehrab Niftəliyev!
14 medallı Vətən Müharibəsi Qəhrəmanı!
 Fəxr etməliyik ki, Vətən belə oğullar yetişdirib.

Azərbaycan Ordusu öz əzmi, mərdliyi, igidliyi ilə siyasi müstəvidə yeni reallıq yaratdı. 28 ildə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və digər müvafiq qurumların reallaşdıra bilmədiyi vəzifəni 44 günə şərəflə gerçəkləşdirdi. Ermənistan və havadarlarının işğal etdiyi torpaqlarımız Vətən oğullarının canı, qanı bahasına azad olundu.

 Bu müqəddəs missiyanı şərəflə yerinə yetirən, Azərbaycanın yeni tarixini yazan Vətən müharibəsi qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı – istehkamçı Mehrab Söhrab oğlu Niftəliyevdir. Vətən müharibəsinin ilk günlərindən II Qarabağ müharibəsində iştirak edən hərbçimiz vətənpərvərliyi, mərdliyi, qəhrəmanlığı ilə Cəbrayıldan Şuşayadək şərəfli döyüş yolu keçib, hünəri ilə adını hərb tariximizin şanlı səhifəsinə həkk edib.

Mehrab Niftliyev 1985-ci ildə Quba şəhərində doğulub. Məktəb illərindən vətənpərvərliyi ilə seçilən Mehrabın hərb sənətinə böyük ma­rağı olub. Bu maraq və qəlbindəki vətən sevgisi gələcəkdə onun peşəkar hərbçi olmasına zəmin ya­radır. Onun bütün taleyini, ömrünü orduya, hərbə bağlayan qəlbinin dərinliklərində kök salan istək – işğal olunmuş torpaqlarımızı azad etmək amalı idi.

Mehrab Azərbaycan Silah­lı Qüvvələrində hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edir. Gənc hərbçi qısa zamanda ona olan ümidləri doğruldur, respublikamızda, eləcə də xarici ölkələrdə təşkil edilən bir sıra hərbi təlimlərdə uğurlara imza atır. O, xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini uğurla tamamla­yaraq kəşfiyyatçı – istehkamçı kimi ixtisaslaşır. Silahlı Qüvvələrin Baş Qərargahının tabeliyində olan Xü­susi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edir.

Mehrab Niftəliyev Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı hərbi qurumu olan Xüsusi Təyinatlı Qüvvələrdə çətin və qeyri-stan­dart vəziyyətlərdə peşəkarlıq, şəxsi cəsarət göstərir. Erməni dilini öyrənən mahir kəşfiyyatçımız düşmənin arxa tərəfinə keçərək bir neçə erməni hərbçisini əsir götürür. O, Vətən müharibəsinədək bir çox hərbi tapşırıqları layiqincə yerinə yetirir, xüsusilə Aprel döyüşlərində igidliyi ilə seçilir.

Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsinə göndərilir. Həyat yoldaşı Vüsalə xanım hərbçimizin cəbhəyə getdiyi günü belə xatırladı: “Bir yerdə bay­raq aldıq. Dedi bunu Şuşaya apa­racağam. Şuşa uğrunda döyüşmək onun arzusu idi, arzusuna çatdı ”.

Baş gizir Mehrab Niftəliyev cəbhənin müxtəlif bölgələrində erməni işğalçılarına qarşı əzmlə vuruşur. Düşmənin illərdən bəri qurduğu istehkamları yararkən həmişə ön sırada olur. O, Cəbrayıl, Füzüli, Hadrut və Şuşanın işğal­dan azad olunmasında böyük qəhrəmanlıq göstərir. Komandiri Toğrul Məmmədovun söylədiyi kimi, bütün döyüşlərdə qabaqda, ön cərgədə gedir, tapşırıqları qüsur­suz yerinə yetirir: “Müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa istiqamətində oldu. Mehrab da bu döyüşlərdə düşmənin onlarca zabitini və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv etdi”.

Mehrab Niftəliyev döyüşlərə silahından əlavə, 60 kq-a yaxın çəkisi olan müxtəlif sursatlarla girirdi. Üstündə bu qədər ağır yük və dizindəki qəlpə yarasına baxmayaraq o, inamla irəli gedirdi. Düşmənin nə mərmisi, nə topu dayandıra bilirdi onu. Məhz bu xüsusiyyətlərinə görə, cəbhə yol­daşları kəşfiyatçımızı “Terminator” adlandırırdı.

Döyüş yoldaşlarının qeyd etdiyi kimi, mərdliyi, cəsurluğu ilə seçilirdi Mehrab. Vətən müharibəsində onunla bilikdə vuruşan İlqar Hüsey­novun dediklərindən: “Hər adamın edə bilmədiyini bacarırdı. Biz nədənsə ehtiyat edirdiksə, Mehrab çəkinməzdi, döyüş dostlarını daha da irəli aparardı. Onunla döyüşdən çox yaralı, meyit çıxarmışıq, ürəkli, mərd, vətənpərvər idi”.

Burada bir haşiyə çıxmaq yerinə düşər: Vətən müharibəsindən də əvvəl müxtəlif hərbi əməliyyatlarda iştirak edən Mehrab hələ 2012-ci ildə xüsusi döyüş tapşırığını yerinə yetirərkən özünün də təhlükədə ol­masına baxmayaraq döyüş yoldaşı Teyyubun həyatını xilas edib. Çox ağır vəziyyətdə olan dostunu döyüş meydanından təkbaşına çıxara­raq təhlükəsiz yerə gətirib. Xüsusi təyinatlı hərbçimiz, baş leytenant Teyyub Hacıyevin danışdığı bu hadisə igid kəşfiyyatçımızın insanlı­ğının, sədaqətinin və fədakarlığının təzahürüdür. Yalnız mənəvi aləmi zəngin olan şəxslər belə keyfiyyətlərə malik ola bilərdi.

Cəbrayıl istiqamətində döyüşlərdə mərdliyi ilə fərqlənən gənc kəfiyyatçımız həm də bir istehkamçı kimi misilsiz şücaət göstərir. Cəbrayıla ilk bayrağı sancaraq, adını tarixə həkk edir. Komandiri Toğrul Məmmədov həmin tarixi anları qururla xatırla­dı: “Cəbrayılda yerləşən hər şeyi dağıtmışdılar, yalnız hərbi hissələr qalmışdı. Orada hərbi hissəyə ilk girənlərdən biri Mehrab idi. Biz hərbi hissəyə doğru irəlilədikdə Mehrab qəflətən irəli atılıb erməni polkovnikini, polkovnik – leyte­natını yerə sərdi. Sonra da bir neçə erməni əsgərini məhv etdi. Cəbrayılın ilk görüntülərində də siz Mehrabın şəklini görə bilərsiz. Həmişə, üstündə bayraq gəzdirirdi. Cəbrayılda ilk Azərbaycan bayrağı­nı Mehrab qaldırıb. Hərbi hissənin qabağında da şəkilini çəkmişdilər”.

Mehrab Niftəliyev son döyüşündə – Qarabağın tacı olan Şuşanın azad olunması əməliyyatında da əsl qəhrəmanlıq salnaməsi yaratdı. Həmin döyüşlərdə onunla çiyin-çiyinə vu­ruşmuş silahdaşlarının xatirələrini dinlədikcə Mehrabın portreti canlandı göz önündə. Mehrab Niftəliyevin son döyüşü barədə onun komandiri böyük fəxrlə, ehti­ramla danışdı: “Şuşa istiqamətində də beş gün bir yerdə döyüşmüşük. Sonra mən yaralandım. Digər döyüş yoldaşımız da yaralanmışdı. Mehrab onu çıxartdı döyüş meyda­nından, sonra özü də yaralı olması­na baxmayaraq irəlilədi. Düşmənin şəxsi heyət və sursat daşıyan iki maşınını qumbara ilə partlatdı. Ən böyük arzusu Şuşa uğrunda vuruş­maq idi... Arzusuna da çatdı”.

Uca boylu, mavi göz­lü, cəngavər cüssəli igid kəşfiyyatçımızın məxsusi döyüş taktikasına, cəsurluğuna, həm də mənəvi-insani keyfiyyətlərinə heyran qalmamaq mümkün deyil: “Mehrab bizim qorxmaz, cəsur, ürəkli, sözünüdeyən, yoldaş­larımızdan idi. Axırıncı, son döyüşlərdə onun göstərdiyi şücaət təqdirəlayiqdir. Yaralanmamışdan əvvəl Mehrab əvvəlki döyüşlərdə yaralanan əsgərlərimizə əlindən gələni əsirgəmədi. Güllə altında qa­lanları canı-qanı bahasına olsa da, oradan çıxarırdı”. Mehrabla Xüsusi Təyinatlı Qüvvələrdə birlikdə eyni cəbhədə vuruşan Ramin Şaba­novun bu fikirləri qəhrəmanımızın hazırlıqlı, peşəkar kəşfiyyatçı, bacarıqlı istehkamçı olması ilə yanaşı, yüksək şəxsi keyfiyyərlərini də ifadə edir.

Topsuz, mərmisiz, PUA-sız Şuşanın azad olunması əməliyyatı dillərdə dastana çevriləcək şanlı hərb tariximizə yazılmışdır. Onlarca xüsusi təyinatlı hərbçımiz kimi gizir Mehrab da bu şanlı tarixi öz qanı, canı ilə yazır. Dizindəki qəlpə ilə dörd dəfə yaralanmasına baxmaya­raq, geri çəkilmir, qala şəhərimizin azadlığı uğrunda vuruşur. Şuşada üçrəngli, aylı – ulduzlu Azərbaycan Bayrağı yüksəklərə qalxdıqdan sonra, özü də yüksək zirvəyə – şəhidlik məqamına ucalır.

Mehrab Niftəliyev ölümündən sonra dövlətimizin ərazi bütövlü­yünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırı­ğını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nüma­yiş etdirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Dekabrın 15-də isə Prezi­dent İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olundu.

Kəşfiyyatçı şəhidimizin özündən sonra şəkillərdən boylanan nurlu si­ması, yaddaşlara hopan, qəlblərdə yaşayan xoş xatirələri, dastana dönən qəhrəmanlığı, bir də Ləman, Sənan və Kamran adlı üç övladı yadigar qaldı.

Mehrab Niftəliyevin 10 yaş­lı qızı Ləmanı dinləmək kiçik qəlbində döyünən ata həstərinin iz­tirabını, sevgisini, nisgilini qələmlə təsvir etmək isə başqa bir acıdı: “...Yaşmada ailəvi dost olduğumuz Aylin ilə dedik ki, boya, kağız alaq nəsə düzəldək, atalarımız gəlsin, sürpriz edək. Onun atası yara­landı, elə bildim mənim atam da yaralanıb. Çox istəyərdim mənin atam da sağ olsun. Atasızlıq çox pis şeydi. Ata getdisə, evin dirəyi də getdi”.

Gözüm çərçivədəki xoşbəxt ailə fotosuna dikilir. Vüsalə xanı­mı dinlədikcə əmin oldum ki, igid kəşfiyyatçı Mehrab Niftəliyev həm də məsuliyyətli ailə başçısı, həsas ömür-gün yoldaşı, qayğıkeş ata olub: “Hər bir ata uşağını sevir, Mehrab da bir başqaydı. Uşaq­ları ilə hərtərəfli məşğul olurdu, şəxsiyyət kimi rəftar edirdi onlarla. Müharibəyə getməmişdən dedi ki, hər xəbərə hazır ol, dik dayan, ola bilsin ki, qayıdışım olmadı...

Kədərini gizlədib, göz yaşlarını ürəyinə yağdırır, xatirələrlə ovunub, övladları ilə təskinlik tapır şəhid xanımı. Təsəlli yeri bir də Mehrab kimi yüzlərlə şəhidlərin canı baha­sına azad olunmuş Vətən torpaq­larıdır. Vüsalə xanımın hisslərini ifadə etməyə nə kəlmələr yetər, nə cümlələr bitər: “Arzularımız yarımçıq qaldı, amma, o, istədiyi zirvəyə çatdı. Çox çətindi, 3 balası var, mən onlara görə dik dayanacağam. Onun balalarını böyüdəcəyəm... Elə bilirəm gələcək, axşam olur saat 8-də işdən gəlirdi, elə bilirəm yenə gələcək. Noyabrın 11-də mən bütün qadın xoşbəxtliyimi onunla dəfn elədim. Fəxr edirəm onunla, qürur duyuram. Qəhrəman idi Meh­rab, balalarımın qəhrəman atası”.

Vüsalə xanımın simasında ləyaqətli, şərəfli, şəhidinin ruhu­na sədaqətli, ürəyində sevgisiylə kədərini qoşa yaşadan bütün Azərbaycan qadınlarının qarşısında baş əyirəm.

Kəşfiyyatçı – istehkamçı, gizir, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” medalına layiq görülmüş Mehrab Niftəliyevin məzarı Sumqayıtın Şəhidlər xiyabanındadır. Onun abidəsi isə Vətən müharibəsinin 2783 şəhidi ilə birlikdə xalqımızın qəlbində ucaldılıb. Ən böyük abidə xalqın qəlbində ucalan abidədir. Fəxr etməliyik ki, Vətən belə oğullar yetişdirib.Azərbaycan Ordusu öz əzmi, mərdliyi, igidliyi ilə siyasi müstəvidə yeni reallıq yaratdı.

Ruhuna sayğı və ehtiramla...
Bu gün Qəhrəmanımızın il dönümü ilə əlaqədar onun ailəsini ziyarət etdik. 
Övlad itkisi çətindir, amma qəhrəman anası, qəhrəman atası olmaq qürurludur.

Rüfət Hacıyev.Quba rayon Təhsil şöbəsinin müdri.
1 0

Şərhlər

Oxşar xəbərlər