“Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir.”- Buna ehtiyac varmı? Nadir İsrafilov:
19-04-2023, 16:30
519

“Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir.”- Buna ehtiyac varmı? Nadir İsrafilov:

TehsilForumu.Az - “Görünür, nazir kurikulumların inteqrativ xarakterini nəzərə alaraq, inteqrativ fənlərin yaradılacağını nəzərdə tutub.”
“Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi". Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazirin bu fikirləri heç də hamı tərəfindən birmənalı qaşılanmayıb və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bir çox çox istifadəçilər fənlərin adının dəyişdirilməsinin təhsildəki problemlərdən çıxış yolu olmadığını deyərək, öz iradlarını bildiriblər. Hətta, “Özümüzdən yeni fənnlər kəşf etməyək” kimi çiddi iradlar da səsləndirilib.
Məsələyə münasibət bildirən təhsil mütəxəssisi Nadir İsrafilov hesab edir ki, görünür, nazir kurikulumların inteqrativ xarakterini nəzərə alaraq, inteqrativ fənlərin yaradılacağını nəzərdə tutub. Belə olacağı təqdirdə heç şübhəsiz ki, fənnin adı da dəyişikliyə məruz qalır. Bir vaxtlar, hələ sovet dönəmində elmi kommunizm, fəlsəfə və iqtisad kursları əsasında şagirdləri vətənə məhəbbət, zalımlara və istismarçı siniflərə nifrət, proletar beynəlçiləlçiliyi, xalqlar dostluğu ruhunda tərbiyələndirmək məqsədilə orta ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün “İctimaiyyat” fənni yaratmışdıq. “SSRI tarixinə dair epizodik hekayələr”i milliləşdirərək “Ata yurdu” fənninə, “İbtidai hərbi hazırlıq” kursunu “Çağırışaqədərki hazırlıq” fənninə çevirdik.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinə əsasən fənlərin sayını azaltdıq. Belə ki, "İnsan və cəmiyyət", "Azərbaycan Respublikasının Konstitusiyası", "İqtisadiyyatın əsasları", "Təbiətşünaslıq" "Həyat bilgisi"nə, "Rəsmxət", "Əmək hazırlığı" "Texnologiya"ya, "Astronomiya" "Fizika"ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirdik.
Son zamanlar da mətbuatda orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlərin şahidi oluruq. V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacağı barədə açıqlamalar verilir, fizika, kimya, biologiya və coğrafiya fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyəti, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsi və digər yeniliklər təqdir edilir. İnteqrativ adlandırılan birləşdirilmiş fənlərə dair dərsliklərin tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəli olduğu əsaslandırılır.
Razılaşaq ki, ən böyük hakim zamandır. Real olanı isə odur ki, nə yenilik edəcəyimizdən asılı olmayaraq “fizika” fizikadır, “kimya” kimyadır, “biologiya” biologiyadır, “çöğrafiya” da coğrafiya. Hələ ki, Arximed qüvvəsi mayeyə batırılmış cismin sıxışdırdığı mayenin çəkisinə bərabərdir, hələ ki, suyun kimyəvi tərkibi iki hidrogendən və hər biri ilə birləşmiş bir oksigen atomundan ibarətdir, hələ ki, Ontogenez - orqanizmlərin mayalanma anından bioloji ölümünə qədər olan həyatıdır və hələ ki 5 qitə və 6 materik yerini dəyişməyib, bu dəyişikliklərin də nə dərəcədə uğurlu olacağı zamana bağlı olan məsələdir...
Hesab edirəm ki, daha vacib olanı nazirin toxunduğu digər məsələdir: “Təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır. Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır".

0 0

Şərhlər

Oxşar xəbərlər