Müəllim adına verilən yüksək qiymət cəmiyyətin inkişafına verilən dəyərdir
9-04-2023, 07:35
865

Müəllim adına verilən yüksək qiymət cəmiyyətin inkişafına verilən dəyərdir

TehsilForumu.Az - Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin isə etibar etdiyi şəxsdir. Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var.Biz hansı istiqamətdə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, öyrəndiklərimizə görə həmişə müəllimlərimizə minnətdarıq. Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də hər zaman müəllimlərimizə böyük ehtiram və hörmət bəsləyirik.Bundan əlavə, müəllim təkcə bilik bələdçisi deyil, həm də tərbiyəçi - dəyərlər daşıyıcısıdır. Cəmiyyətin yeni üzvünü tərbiyə etməyin ən asan yolu isə, mənə elə gəlir ki, bu gün tamhüquqlu bir vətəndaşın zəhmətkeş, prinsipial və dürüst, fəal həyat mövqeyi olan, ətrafındakıların və bütövlükdə cəmiyyətin problemlərinə biganə olmayan, humanizm ideyasına sadiq olduğunu şəxsi nümunədə göstərməkdir.

 

Müəllim uşaqlar arasında sözsüz nüfuza malik olmalıdır. Şəxsiyyətin mənəvi-etik əsasının formalaşmasına təsir göstərməklə, şagirdlərini arzu və xəyallara həvəsləndirməyi bacarmalıdır. Əgər müəllim öz dünyasında yaşayır və böyüyən nəslin həyatından tamamilə uzaqlaşırsa, bütün bunlar mümkün deyil. Müəllim müasir insan olmalıdır, özünün hansı dünyada yaşadığını və şagirdlərinin hansı dünyada yaşayacağını yaxşı anlamalıdır. Məhz buna görə də fikrimcə, müəllimin seçdiyi təhsil formatı böyük əhəmiyyət kəsb edir. Fikrimcə, müasir müəllimin və ümumiyyətlə, peşəsində müəyyən uğur qazanmaq istəyən hər bir insanın ən əsas bacarığı daim öyrənmə qabiliyyətidir.Müəllim pedaqoji fəaliyyət prosesində şagirdlərlə bilik, bacarıq, vərdişlər, elmlərin əsaslarını formalaşdırmaqla yanaşı, onlarda geniş elmi dünyagörüşü, əqidə və inam da formalaşdırmalıdır.

Müəllim pedaqoji fəaliyyət müvəffəqiyyətlə yerinə yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır. Müəllimin pedaqoji fəaliyyətinin təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra funksiyalardan ibarətdir. Həmin funksiyaların həyata keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin formalaşmasını təmin edir.

Psixoloji ədəbiyyatda müəllimin fəaliyyəti üçün xarakterik olan aşağıdakı funksiyalar qeyd olunur: inkişafedici, tərbiyəedici, qnostik, təşkilatçılıq, kommunikativ, konstruktiv. Bu funksiyaları həyata keçirməyi bacarmaq, hər bir fənn müəlliminin pedaqoji ustalığının göstəricisi ola bilər. Hər bir funksiyanın mahiyyətini ayrı-ayrılıqda açıqlayaq:

İnkişafetdirici funksiya müəllimdən öz şagirdlərini hərtərəfli inkişaf etdirməyi tələb edir. Təlim və inkişaf bir-biri ilə bağlı prosesdir. Ona görə də inkişafetdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətlərinin əqli, sensor və emosional sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirə bilsin, onlarda müstəqil işləmək bacarığı aşılaya bilsin. Bunun üçün müəllim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Bu sırada şagirdlərin qabiliyyətlərini öyrənməyi, fərdi xüsusiyyətlərini nəzərə almağı, öyrənilən faktları təhlil edərək ümumiləşdirməyi, müqayisə etməyi, şagirdləri problemli situasiya ilə qarşılaşdırmaqla düşündürməyi göstərmək olar.

Nigar Əlimirzəyeva 

 
1 0

Şərhlər

Oxşar xəbərlər