Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib - FOTOLAR
7-05-2022, 15:29
325

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib - FOTOLAR

Mayın 6-da Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti baş tutub. 

TehsilForumu.Az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib.

Çıxışının sonunda nazir müavini tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları bir daha təbrik edib.

Konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.

Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. 

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.



0 0

Şərhlər

Oxşar xəbərlər