Üç rayon üzrə buraxılış imtahanlarının nəticələri müzakirə edilib
21-04-2022, 06:37
418

Üç rayon üzrə buraxılış imtahanlarının nəticələri müzakirə edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair görüşlər davam edir.
Bu barədə TehsilForumu.Az-a BŞTİ-dən məlumat verilib. 


Bildirilib ki, görüşdə Təhsil İnstitutu tərəfindən buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub. Təqdimat zamanı fənlər üzrə nəticələr və fərqlərin statistik əhəmiyyətliliyi, açıq kodlaşan və qapalı suallara verilən cavablar, testlərin etibarlılıq və məlumatlılıq əmsallarının təhlil nəticələri müzakirə olunub.


Həmçinin testlərin məzmun və standartların əhatəliliyi baxımından təhlil təqdim edilib. Ən zəif nəticə göstərilmiş məzmun xətləri müzakirə olunub.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı görüləcək işlərdən, fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların tətbiqindən danışıblar.


Buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi ilə bağlı məktəb rəhbərləri və müəllimlərin təklifləri dinlənilib, perspektiv fəaliyyətin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal, Qaradağ və Səbail rayonu üzrə məktəblərin direktorları və müəllimlər iştirak ediblər.
0 0

Şərhlər

Oxşar xəbərlər