Tədrisi pozan şagirdlər,məktəblərdə mobil telefon istifadəsi, cəzalanan müəllim-Nə etmək lazımdır?
29-01-2022, 07:10
532

Tədrisi pozan şagirdlər,məktəblərdə mobil telefon istifadəsi, cəzalanan müəllim-Nə etmək lazımdır?

Məktəblərdən xoşagəlməz hadisələrin müşahidə olunması təəssüf ki, gündəmin bir parçasına çevrilməkdə davam edir.

 

Xüsusilə yuxarı sinif şagirdlərinin tədrisə mane olaraq bunu qeydə alıb sosial şəbəkələrdə yayımlaması cəmiyyətdə birmənalı olaraq mənfi reksiya və situasiyalara səbəb olur.

 Buna misal kimi, 165 nömrəli məktəbdə baş verən hadisəni və onun nəticəsini göstərmək olar.Bütün bu baş verənlər ictimaiyyət arasında müəyyən sualların yaranmasına gətirib çıxarır.

 

Şagirdlərin məktəblərə mobil vasitələrlə buraxılması nə dərəcədə düzgündür, buna necə nəzarət olunmalıdır? Eyni zamanda hadisələrin mərkəzində olan və xüsusilə daimi nadinclik nümayiş etirən şagirdlər üçün ayrıca təhsil müəssisəninin yaradılması nə dərəcədə zəruridir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov bu istiqamətdə valideynin də məsuliyyəti barədə qanunvericiliyin hazırlanmalı olduğunu bildirib:

 

“Mən dəfələrlə qeyd etmişəm və bu gün də o qənaətdəyəm ki, nə qədər ki, təhsil qnunvericiliyimizdə təhsil verənlə yanaşı təhsilalanın və onun valideyninin də məsuliyətinin nəzərə alınması ilə bağlı dəyişiklik edilməyəcəksə, müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və təhsil prosesinin digər iştirakçıları cəzasız qalacaqsa, bu kimi hallar yenə də davam etməkdə qalacaq. Bir çox dünya ölkələrinin təcrübəsində olduğu kimi valideynin də məsuliyyəti barədə qanunvericilik hazırlanarsa, gələcək nəslin təlim-tərbiyəsində birgə məsuliyyət və cavabdehlik də təmin olunar”.

 

Məsələnin birtərəfli həlli düzgün mövqe sayıla bilməz...

 

“Baş verənlərə yanaşma tərzimiz dəyişməlidir. Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil. Söhbət təkcə 165 nömrəli məktəbdən getmir. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisə rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, cəmiyyətin qınaq obyektinə çevrilə biləcək vəziyyətlər bir o qədər qaçılmaz olacaq. Çünki, artıq dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib”.

Ekspert məktəb faktorunun bəzi vacib elementlərin ötürücüsü kimi arxa planda qaldığını qeyd edib:

 

“Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi-hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib”.

 

O məktəbdə baş verən proseslərin sosial şəbəkələrdə yayılmasını qeyd edərək, şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə nəzarətin vacibliyinə diqqət çəkib:

 

“O ki, qaldı ayr-ayrı şagirdlər tərəfindən məktəbdə baş verən prosesləri video görüntülər vasitəsi ilə sosial şəbəkələrdə yaymalarına, bu artıq ulduz xəstəliyinin məktəblilərə də sirayət etməsinin bir nümunəsidir, təhsildə fərqlənə bilməyənlərin heç olmasa bu yolla fərqlənmək istəyidir. Məktəbə şagirdin telefonla daxil olmasına qadağa qoyulması məsələsi dəfələrlə gündəmə gətirilsə belə, bu məsələ hələ də öz lazımi həllini tapmayıb. Düzdür, dünyanın bir çox ölkələrinin, o cümlədən bizim də bəzi məktəblərin girişində telefonların yığışdırılıb, müvafiq qutularda saxlanılması və dərsin sonunda sahiblərinə qaytarılması təcrübəsi var. Niyə bu təcrübə bütün məktəblərə şamil edilməməlidir...?”

 

Son olaraq ekspert, -“Çətin tərbiyə olunanlar üçün bir vaxtlar olduğu kimi ayrıca xüsusi məktəblərin açılması isə nə qədər zəruri olsa belə, çox ehtimal ki, bir çoxları tərəfindən köhnə sovet düşüncəsinin məhsulu kimi qiymətləndiriləcək...”-deyə bildirib.

 

Təhsil eksperti Adil Vəliyev isə AzEdu.az-a açıqlamasında məsələyə fərqli münasibət bildirərək, çıxış yolunun həmin şagirdlər üçün ayrıca təhsil müəssisəsi açmaq olmadığını qeyd edib:

“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, fikir versək, son zamanlar məktəblərdə müşahidə olunan xoşagəlməz hadisələrin əsas iştirakçıları yuxarı sinif şagirdləridir. Bu əsasən, 8; 9; 10-cu sinif şagirdlərini əhatə edir. Düşünürəm ki, baş verən hadisələr birbaşa müəllim üzərində olan bir məsuliyyət deyil. Ailənin ovladına aşıladığı tərbiyə və məsuliyyət doğru şəkildə aşılanmadığı üçün hazırda biz bu kimi problemlərlə qarşılaşırıq. Ancaq bunun çıxış yolu heç də həmin şagirdlər üçün ayrıca təhsil müəssisəsi açmaq deyil. Çünki belə bir təhsil müəssisəsi açılarsa, düşünürəm ki, o şagirdləri daha da özümüzdən, cəmiyyətdən uzaqlaşdırmış olarıq”.

 

Ekspert bu şagirdlərə tətbiq oluna biləcək cəza metodları üçün xarici məktəblərdə tətbiq olunan vasitələri nümunə gətirib:

 

“Ancaq biz xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrinə nəzər salsaq, görərik ki, valideynlər və müəllimlər şagirdlərin formalaşması üçün bərabər işləyirlər. Onlar çalşırlar ki, övladları məktəbə, müəllimlərinə və sinif yoldaşlarına bağlı olsun. Bəs az sayda da olsa bənzər hallar müşahidə olunduğunda hansı cəza tədbirləri görürlər? Belə olan halda həmin şagirdi 1-2 həftə kimi bir müddətdə sinif yoldaşları və müəllimlərindən uzaqlaşdıraraq, başqa sinifdə və fərqli müəllimlər vasitəsilə tədrisə cəlb edirlər. Bu həmin şagirdə bir cəza kimi tətbiq edilir. Bu zaman şagirdi düşünür ki, öz sinif yoldaşları və müəllimlərindən uzaq qalmaması üçün eyni hərəkəti təkrarlamamalıdır”.

 O, valideynlərin övladlarının texnoloji vasitələrindən istifadəsinə nəzarət etməli olduqlarını vurğulayıb:

 

“Çox təəssüf ki, biz müasir texnologiyalardan doğru şəkildə faydalanmırıq. Məsələn, övladlarımız kiçik yaşlarında ağlayan zaman təcili telefonlarımızı və digər texniki vasitələrimizi onlara veririk, ancaq necə istifadə etdiklərinə, nə izlədiklərinə nəzarət etmirik. Halbuki onları daimi nəzarətdə saxlamalıyıq. Çünki bu kimi nüanslara diqqət etmədikdə, gələcəkdə övladlarımızın izlədikləri cizgi filmlər, hər hansı videolar onlarda şüuraltı olaraq müəyyən depressiv hərəkətlərə yol aça bilər.Ancaq nəzərə alaq ki, hazırkı dövr texnologiya dövrüdür. Biz bu texnologiyadan doğru istifadə etməliyik ki, həm dövrümüzlə ayaqlaşa bilək, həm də gələcəkdə özümüzün və ölkənin gələcəyi üçün daha geniş məlumatlar əldə edə bilək. Nümunə olaraq bildirim ki, elə Vətən müharibəsində bizə hərbi üstünlük qazandıran əsas vasitələrdən biri də dronlar oldu. Bu dronlar da indiki nəslin icadlarındandır”.

 

Ekspert təhsilalanlara müasir avadanlıqlardan doğru şəkildə istifadəsi ilə bağlı maarifləndirici işlər aparılmalı olduğunu bildirib:

 

“Son olaraq onu qeyd edim ki, pandemiya başlayan zaman biz övladlarımızı, şagirdləri planşetdən, telefondan dərs üçün istifadəyə çətin öyrəşdirə bildik. Çünki onlar bundan hər zaman oyun, əyləncə vasitəsi kimi istifadə ediblər. Nəticədə bizim onlara bunu aşılamağımız çox çətin oldu və uzun çəkdi. Övladlarımızın gələcəyi üçün onlara, yəni həm 1-11-siniflər arası bütün şagirdlərə, hətta tələbələrə də müasir avadanlıqlardan istifadənin doğru qaydasını başa salmalıyıq və bu istiqamətdə bir xeyli maarifləndirici işlər aparmalıyıq”.

 

 

0 0

Şərhlər

Oxşar xəbərlər