Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib
19-12-2021, 15:08
228

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

TehsilForumu.Az - Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.


İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi‑müəllim, 2 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.


Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.


İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.


İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) dekabrın 26-da keçiriləcək.

0 0

Şərhlər

Oxşar xəbərlər