QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
18-12-2021, 11:02
622

QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)


«TARİXİN QARA SƏHİFƏLƏRİ: Deportasiya. Soyqırım. Qaçqınlıq» kitabından alıntı

Tez-tez eşidirik, yeri gəldi, gəlmədi, xalq deyir ki, bizim ziyalımız yoxdur. Həqiqətləri yazmayıblar ki, bilək. Amma o yoxluğun içində sizə lazım olan bilgiləri yazanlar da az deyil. Ziyalının işi yazmaqdır. Sizin işinizsə oxuyub nəticə çıxartmaqdır. Lakin bu az yazılanı belə oxumursunuz və ona görə də elə bilirsiniz ki, kimsə yazmayıb. Gözləyirsiniz ki, mürgülü halda uzandığınız yerdə ziyalı gəlib öz yazdığını sizin üçün oxuyacaq və sizin yerinizə də nəticə çıxaracaq. Tanınmış iki alimimizin bu kitabını oxuyun və çox şeyləri biləcəksiniz. Bizim razılaşmadığımız bəzi məqamlar olsa da çox dəyərli bir əsərdir. Zəhmət olsa da OXUYUN!

(Əvvəli: https://fedai.az/?p=55135)

1747-ci ildə Nadir şaha sui-qəsd edildikdən sonra, ona məxsus qiymətli qaş-daşları vaxtilə şahın sarayına yol tapmış erməni Lazar oğurlayır. Hazırda Moskvada “Silahlar palatasında” saxlanan, həcminin böyüklüyünə və saflığına görə diqqəti cəlb edən çox qiymətli brilyant daş Nadir şahın xəzinəsindən oğurlandıqdan 10-15 il sonra həştərxana gətirilmiş, sonralar isə Sankt-Peterburqda yaşayan erməni zadəganı Şafrasın əlinə keçmişdi. Şafrasdan həmin brilyantı kollec müşaviri Lazarevin vasitəçiliyi ilə çox ucuz qiymətə (400 min rubla) qraf Q.Orlov xəzinə üçün almışdı və pasxanın birinci günü qırmızı yumurtaya bənzər futlyarın içində imperatriçə II Yekaterinaya təqdim etmişdi. Şafrasın qiymətli brilyantı ucuz qiymətə saraya satması erməni bicliyi idi. O, bu güzəştin əvəzində imperatriçədən nəsillikcə Rusiya zadəganı titulu almışdı. Həmin brilyantın həcmcə nisbətən balaca başqa bir tayını isə Tiflis ermənisi knyaz Abamelik şəxsən imperator Pavel Petroviçə hədiyyə etmişdi.

İmperator isə knyaz Abameliki şəxsi səyinə və sədaqətinə görə səxavətlə mükafatlandırmış, ona Podolsk quberniyasında mülk baqışlamış, oğlanlarını qvardiyaya qəbul etmişdi. Sonralar onlardan ikisi general rütbəsi, digər üçü isə ştab zabiti rütbəsinə yüksəlmişdilər.

Müxtəlif yollarla yüksək hərbi rütbələr əldə etmiş ermənilər rus qoşunlarının Zaqafqaziyaya yürüşü zamanı ordunun önündə getmiş, Azərbaycanın Şimal və Cənub xanlıqlarının işğalında müstəsna rol oynamışdılar. Erməni və gürcü zabitlərinin hazırlanmasında Rusiya Nazirlər Kabinetinin gürcü və erməni zadəganlarının uşaqlarının kadet korpusuna (orta hərbi məktəb) qəbul edilməsi haqqında 1738-ci il 17 aprel tarixli qərarının müstəsna rolu olmuşdu.


1797-ci il oktyabrın 1-də çarın fərmanı ilə İranlı erməni məliklərinin və onların itaətində olan erməni əhalisinin (2 min nəfər) çar Rusiyasının təbəəliyinə qəbul edilməsi və onların Qafqaz xətti boyunca yerləşdirilməsi qərara alınır.

1799-cu il iyunun 3-də Kartli və Kaxetiya çarı Georkiyə ünvanlanan, “Qazax adlanan ərazidə erməni məliklərini və onların itaətində olan erməniləri məskunlaşmaqdan məhrum etməmək” haqda imperator I. Pavel ali fərman vermişdi. Rusiyaya Şərqdə öz istilaçılıq niyyətini həyata keçirmək üçün həmin ölkələrdə yaşayan xalqların dilini bilən mütəxəssis-tərcüməçilər lazım idi. 1798-ci il iyunun 24-də Rusiya Xarici İşlər Kollekiyasına fərman verilmişdi ki, tələbələrə çin, mancur, fars, türk və tatar dillərini öyrətmək məqsədilə hər il 5000 rubl vəsait xərclənsin. Bir az əvvəl, 1797-ci il fevralın 26-da verilən fərmanla isə Xarici İşlər Kollekiyası yanında Asiya xalqları ilə iş aparmaq üçün xüsusi Departament yaradılmışdı.

Qeyd etdiyimiz kimi, erməni dövləti yaratmaq uğrunda uzun müddət gərgin əmək sərf etmiş din xadimlərindən biri də arxiyepiskop Hovsep Arqutyan İosif Arqutinski Dolqoruki olmuşdur. O, daha bic davranmış, özünü Arkiştilərin xələfi kimi qələmə vermişdi. Arqutyan həmçinin guya erməni çarları zamanı kəsilən sikkələri və digər 17 ədəd sikkə və medalları imperator I Pavelə hədiyyə edir. Əvəzində imperator 1890-cı il yanvarın 2-də ona xeyir-dua verir. Martın 22-də Hovsen Arqutyan knyaz şərəfinə layiq görülür, iyulun 28-də Eçmiədzin kilsəsinin ali patriarxı, oktyabrın 30-da isə bütün ermənilərin katalikosu təsdiq edilir. Ona imperatorun fərmanı ilə 1000 rubl həcmində illik maaş və ömürlük təqaüd təyin edilir.Eçmiədzinə gedib çatmaq üçün xüsusi müşayiətçi dəstə və 1000 rubl yol xərci ayrılır.


İrəvan xanlığı ərazisində yaşayan oğuz boyları VII əsrdən etibarən islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiadzin kilsəsinə və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinç, Noraqavit Ağunatun Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı.

Tədricən varlanan erməni kilsəsi və mülkədarları bu minvalla 19-cu əsrin əvvəlində 60- dan artıq qədim oğuz yaşayış məntəqələrinə sahib olmuşdular. 19-cu Əsrin əvvəlində Rusiyanın Zaqafqaziyanı işqal etmək üçün hərbi əməliyyatlara başlaması İran və Türkiyəni həmin ərazilərdən sıxışdırıb çıxarmaq və gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamışdı.

İLKİN QAÇQINLIQ DÖVRÜ VƏ ERMƏNİ VİLAYƏTİNİN TƏŞKİLİ

Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır.


1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5- min əhali bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi.


1804-cü ilin yazında İrəvan xanlığının, ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır.

Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar.

Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri qovmaq istəyirdilər. 1807-ci il avqustun 26-da general Nesvetayev qraf Qudoviçə yazdığı məktubda göstərirdi ki, qarapapaqlar Gümrü yaxınlığında yerləşən Tapanlı və Qoçqant kəndlərinə basqın etmiş, 7 erməninin başını kəsmişlər.


Oktyabrın 29-da göndərilən raporta isə Şörəyelin yerli sakinlərindən 26 ailənin Qars paşalığına qaçdıqları qeyd edilir.


Şərqi Anadoluda yaşayan ermənilər İrəvan xanlığının ruslar tərəfindən işğalını səbrsizliklə gözləyirdilər. Bayazid paşalığında yaşayan ermənilər 1806-cı ilin sentyabr ayında Tiflisə məktub göndərmişdilər ki, rus qoşunları İrəvanı ələ keçirən kimi, 10000 erməni hər şeylərini atıb gələcəklər. Ərzurum ermənilərindən 200 ailə rusların İrəvanı ələ keçirdiklərini eşidib hətta yola düşüblərmiş. Onlar Qarsa çatanda bu xəbərin yalan olduğunu eşidib, orada gözləməyə məcbur olmuşdular. Eyni zamanda həmin məktubda göstərilir ki, İrəvan sakinlərindən (xanlığın ərazisindən) 500 tatar (azərbaycanlı) ailəsi Qarsa köçmüşdür.


Rus qoşunları Şörəyelə daxil olanadək sultanlığın ərazisində 170-ə yaxın kənd olmuşdur. 1805-ci ilin statistik məlumatlarına görə isə Şörəyeldə sultan Budağın itaətində cəmisi 524 ailə yaşamışdır. Həmin ərazidə rusların istər türklərlə, istər İrəvan xanının, istərsə də İran şahının vəliəhdi Abbas Mirzənin qoşunları ilə müharibələri nəticəsində Şörəyelin kəndlərinin əksəriyyəti xaraba qalmış, əhalisi isə qaçqın düşmüşdür. Sonradan həmin ərazidə Türkiyədən gələn ermənilər məskunlaşmışdılar. Sultan Budaq və kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında general-mayor Haqverdova yazdıqları ərizədə göstərilirdi ki, İranla müharibə nəticəsində kəndlər dağıdılıb xaraba qalmış və bütün Şörəyel əyalətində сəmisi 250 ev qalmışdır.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gənсə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılır.

19-cu əsrin əvvələrində İrəvan xanlıqı 15 mahaldan — Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parcanis, Səədli, Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarından ibarət idi.
0 0

Şərhlər

Oxşar xəbərlər