Siyəzəndə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib
14-12-2021, 21:04
384

Siyəzəndə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib


Dekabrın 14-də Siyəzəndə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib.
TehsilForumu.Az xəbər verir ki, Siyəzən Mədəniyyət Mərkəzində təşkil olunan “Dədə Ələsgər ocağı” adlı tədbirdə Aşıq Ələsgərin uca zirvələri fəth edən sənətkar olmasından, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın icrası ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər keçirilir.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Yazıçılar Birliyinin üzvü, şair Nəcməddin Mürvətov, şair-publisist Güllü Eldar Tomarlı, Ələsgərşünas Rəşid Süleymanov, şair-yazıçı Aydın Tağıyev çıxış edərək söz ustadının həyat və yaradıcılığından söz açıblar.

Bildirilib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərlər yaratmaqla, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. 

Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Yubiley tədbirində çıxış edən natiqlər 1821-ci ildə Göyçə mahalında anadan olan Aşıq Ələsgərin Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini söyləyiblər.

Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək aşıq sənətinə, Dədə Ələsgər yaradıcılığına verilən dəyərə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yubiley tədbirində Aşıq Əhməd Səftəroğlu söz ustadının əsərlərindən parçalar ifa edib.

https://azertag.az/xeber/Siyezende_Asiq_Alesgerin_anadan_olmasinin_200_illiyi_qeyd_edilib-1951350
   
0 0

Şərhlər

Oxşar xəbərlər