STEAM Azərbaycan Festivalı, innovativ yeniliklər, gələcəyə ümidlər-FOTOLAR FacebookTwitter
14-12-2021, 14:12
715

STEAM Azərbaycan Festivalı, innovativ yeniliklər, gələcəyə ümidlər-FOTOLAR FacebookTwitter

9-10 dekabr tarixində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalı keçirilib.
 
6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
 
Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib.
 
Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 
 
TehsilForumu.Az xəbər verir ki, festival çərçivəsində Təhsil naziri Emin Əmrullayev  bildirib ki, "STEAM Azərbaycan" 100 mindən çox şagirdi əhatə edir:
 
 "15 bölgədə "STEAM" mərkəzləri açılacaq. Hazırda Quba, Gəncə, Salyan, Ağdaş rayonlarında STEAM mərkəzləri fəaliyyət göstərir. Növbəti tədris ilindən başlayaraq innovativ məktəblər layihəsinə başlayacağıq. İnanıram ki, layihə Azərbaycan gəncliyini ən yaxşı şəkildə hazırlayacaq".
 
O qeyd edib ki, layihə ilk başlayan müddətdən Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və göstərdiyi dəstək nəticəsində həyata keçirilib:
 
 "Bu gün burada olan gənclərin qurduqları stendlərin böyük qismi də işğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri ilə bağlıdır".
 
Emin Əmrullayev festivala qatılan şagirdlərin təhsil aldıqları məktəblərə yüksək motivasiya ilə geri dönəcəklərini, həmçinin festivalın onların İKT üzrə bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində əhəmiyyətlini vurğulayıb. Təhsil naziri növbəti illərdə festivalın coğrafiyasının genişləndirilməsinin, digər ölkələrdən də məktəblilərin cəlb olunmasının nəzərdə tutulduğunu deyib. 
 
"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov STEAM layihəsinin 2019-2020-ci tədris ilindən həyata keçirildiyini qeyd edərək bildirib ki, hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat keçirilir. Layihənin icra olunduğu məktəblərdən 189-u Bakı şəhərinin, 113-ü isə regionların payına düşür. 
 
İqrar Nəzərov layihə üzrə məzmunun inkişaf etdirilməsi, yeni innovativ dərs vəsaitlərinin hazırlanması, STEAM təhsilinin növbəti təhsil pillələrinə inteqrasiyası, həmçinin müxtəlif xarici şirkətlərlə olan əməkdaşlıqdan söz açıb. 
 
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 
 
Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər