Bəzi sosial şəbəkə səhifələrində paytaxtdakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən birinin bağlanması ilə bağlı yayılmış məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir.
15-05-2022, 14:24
714

Bəzi sosial şəbəkə səhifələrində paytaxtdakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən birinin bağlanması ilə bağlı yayılmış məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir.

TehsilForumu.Az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Forumu Sosial Platforması olaraq Bakı şəhəri Nizami rayonu 210 saylı tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva ilə əlaqə saxlamağa çalışdıq və məsələyə aydınlıq gətirildi ki, Məktəbin pedaqoji kollektivi və valideynlərin birgə rəyi əsasında məktəbin arxa tərəfdən həyətə giriş qapısının bağlanmasında məqsəd şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil almalarını, eyni zamanda, məktəb mühitinə mənfi təsir göstərməyə yönəlmiş kənar təsirlərin məhdudlaşdırılmasını təmin etməkdən ibarətdir. 


Belə ki, həmin qapıdan şagirdlərdən daha çox kənar şəxslər keçid kimi istifadə edirdi. Məktəbin həyətindən keçən şəxslər şagirdlərin gözü qarşısında siqaret çəkir, yığışaraq söhbət edir, uyğun olmayan müzakirələrə tənəffüs zamanı şagirdləri cəlb edir, səs-küy yaradaraq və nalayiq ifadələrlə tədris prosesinə mane olurdular. Digər bir sıra vətəndaşlar isə məktəbin həyətindən park kimi istifadə edir, heyvanlarını gəzdirir, oturacaqlarda oturub tum çırtlayır, ətrafı zibilləyirdilər. Bütün bunlar isə dərs prosesinin pozulmasına, müəllim və şagirdlərin fikrinin yayınmasına səbəb olurdu. Həmin şəxslərə məktəbin işçiləri tərəfindən irad tutulanda isə bəzən kobud şəkildə təhqirlə cavab verir, məktəbdaxili qaydalara açıq hörmətsizlik nümayiş etdirirdilər.

Direktor bir daha qeyd etdi ki, pedaqoji heyət və valideynlərin birgə rəyi əsasında məktəb həyətinə arxa tərəfdən giriş qapısının bağlanması tədris prosesinin normal təşkilinə və məktəbdaxili nizam-intizam qaydalarının təmin olunmasına imkan yaradır. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin mütləq əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanır.


 İnanıram ki, ilkin subyektiv yanaşma əsasında təhsilalanların ümumi mənafeyinə xidmət edən bu təşəbbüsü müzakirəyə çıxaran şəxslər də öz övladlarının daha əlverişli təhsil mühiti naminə ortaq optimal mövqeyə gələcəklər. Çünki şagirdlərin təhlükəsizliyi və onlar üçün əlverişli təhsil mühitinin etibarlı təminatı pedaqoji kollektivlə yanaşı, eyni zamanda valideynlərin marağında olan ən ümdə məsələlərdən biridir.
0 0

Şərhlər

Oxşar xəbərlər