Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb.
4-10-2023, 18:00
421

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb.

TehsilForumu.Az xəbər verir ki ,Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Fonddan  bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıblar.

Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib: “Səmərəli tərəfdaşlıq formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində olan əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlığın yaxşı nəticələri olacaq və gələcəkdə yeni layihələr də həyata keçiriləcək”.

Elnur Nəsibov “NEQSOL Holding” və Təhsilin İnkişaf Fondu arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də Fondun təşkilatçılığı ilə dövlət-universitet-sənaye işbirliyinə dair Təhsilin İnkişafı Forumunun və digər mümkün təşəbbüslərin dəstəklənməsi gözlənilir”.İmran Əhmədzadə isə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib: “Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il ərzində aylıq təqaüd almaqla yanaşı, təhsil sahələri üzrə təcrübə keçmək, mentorluq proqramında iştirak və sair imkanlardan faydalana biləcəklər. Layihə onların peşəkar kadr kimi yetişməsinə, gələcəkdə layiqli işlə təmin olunmasına və cəmiyyətə faydalı olmasına töhfə verəcək”.

2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür.

“NEQSOL Holding” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
0 0

Şərhlər

Oxşar xəbərlər