Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub.
9-06-2024, 12:47
335

Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub.

TehsilForumu.Az xəbər verir ki , bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 8-də Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib. 
 
Tədbir iştirakçıları əvvəlcə məktəbə gedib, müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqlarında müəllim kollektivi və şagirdlərlə görüşüb, səmimi söhbət edib, təbriklərini çatdırıb, uğurlar arzulayıb, təhsil ocağında yaradılan “Kükü kənd tam orta məktəbinin 100 illiyi” guşəsi ilə tanış olublar.
 
Sonra məktəbin qarşısında müəllim və şagirdlərlə xatirə şəkli çəkdirilib.
 
Şahbuz rayon Mədəniyyət Sarayında davam edən yubiley tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əlamətdar hadisə münasibətilə məktəbin kollektivini təbrik edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2024-cü il 1 aprel tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 20 illik və Şahbuz rayon Kükü kənd orta məktəbinin 100 illik yubileylərinin qeyd olunması, istər muxtar respublikanın, istərsə də ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisədir. Hər iki məktəbin yubileylərinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə eyni vaxta təsadüf etməsi təhsil ictimaiyyəti üçün çox sevindirici haldır. Yüz illik təhsil ənənələrinə malik Kükü kənd tam orta məktəbi hər bir məktəb üçün uğur payıdır, məktəbin tarixi inkişaf yolu barədə araşdırmaların aparılması təhsilə yön verməkdə əhəmiyyətli rol oynaya bilər. Bu baxımdan muxtar respublikanın aparıcı kütləvi informasiya vasitələri sayılan həm Naxçıvan Televiziyasında, həm də “Şərq qapısı” qəzetində məktəbin tarixi, təhsil ənənələri barədə yayımlanan materiallarda da maraqlı faktlar öz əksini tapıb. 
 
Elxan Nəcəfov qeyd edib ki, Naxçıvanda təhsil sahəsində son üç tədris ilində yüksək göstəricilər əldə olunub, buraxılış imtahanlarının nəticələrinə görə muxtar respublika məktəbləri ölkə üzrə ilk üçlükdə yer alıb. Builki nəticələrin bütün təhsil müəssisələri ilə yanaşı Kükü kənd tam orta məktəbi üçün də uğurlu olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını bütün təhsil ictimaiyyətinə, Kükü kənd tam orta məktəbinin kollektivinə çatdırıb. Qeyd edib ki, Naxçıvan diyarı öz tarixi-mədəni abidələri, keçmişi, ən çətin günlərdə nüfuzu, məğrurluğu ilə tanınıb, bugünkü Azərbaycanın qurulmasında müstəsna rol oynayıb. Muxtar respublika qabaqcıl təhsil ənənələri ilə də hər zaman seçilib, burada fəaliyyət göstərən məktəblər ölkəmizə dəyərli ziyalılar, müxtəlif sahələr üzrə mütəxəssis, alimlər, xadimlər yetişdirib. Həmin təhsil ocaqlarından biri də bu gün 100 yaşı qeyd olunan Kükü kənd tam orta məktəbidir. Məktəbin tarixi ölkəmizin və Naxçıvanın keşməkeşli dövrünə, 1924-cü ilə gedib çıxır. Naxçıvan Muxtar Respublikasının da yaradılması ilə tarixə düşmüş həmin ildə Naxçıvan şəhərindən 52 kilometr məsafədə yerləşən Küküdə ilk məktəbin açılması o dövrün şərtlərinə görə olduqca mühüm hadisə olub. Məktəbin yetirmələri Naxçıvanda təhsil quruculuğu sahəsində böyük işlər görüb, İkinci Dünya müharibəsi dövründə kadr ehtiyacını ödəmək üçün əllərindən gələni əsirgəməyiblər. 1950-ci illərdə məktəbdə 234 şagird təhsil alıb. Təqdirəlayiq haldır ki, təhsil ocağı bu gün də öz tarixi ənənələrinə sadiq şəkildə uğurla inkişaf edir, hər il nailiyyətləri ilə ölkəmizin təhsil sahəsinə töhfələr verir. 
 
Kükü kənd tam orta məktəbinin məzunu olmasından böyük qürur hissi keçirdiyini deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə həm kənd sakinləri, həm də məktəbin məzunları adından səlahiyyətli nümayəndəyə minnətdarlıq edib. Qeyd edib ki, bu məktəb tarixi ənənələri, dəyəri olan təhsil ocağı kimi tanınır, seçilir. Bu baxımdan yubiley tədbirinin keçirilməsi həm də ölkəmizdə həyata keçirilən təhsil siyasətinin göstəricisidir. Məhz həmin siyasətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət ölkəmizdə uğurla davam etdirilir. 
 
Vurğulanıb ki, məhz Ulu Öndərin müəyyənləşdirdiyi təhsil strategiyasının nəticəsi olaraq istər ötən əsrin 70-80-cı illərində, istərsə də müstəqilliyin bərpasından sonra Kükü kənd tam orta məktəbi böyük uğur yolu keçib. Hər iki tarixi dövrdə məktəb tam orta məktəb kimi fəaliyyətini bərpa edib, onun maddi-texniki bazası gücləndirilib, tədrisin təşkili üçün geniş imkanlar yaradılıb. 1990-1993-cü illərdə Ümummilli Liderimiz Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi dövrdə dəfələrlə ucqar kəndlərə səfər edib, oranın sosial-mədəni inkişafı ilə maraqlanıb. Həmin kəndlərdən bir də Kükü olub. Dahi şəxsiyyətin kəndə səfəri həm də sakinlərin yaşayışında stimul, motivasiya rolu oynayıb. Kənddə fəaliyyət göstərən məktəb müasir bina ilə təmin olunub, ən müasir maddi-texniki baza yaradılıb. Məktəbin ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutan məzunları barədə söhbət açan Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynli ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının Naxçıvanda təhsil sahəsinin daha da inkişafı, onun tərkib hissəsi kimi Kükü kənd tam orta məktəbinin uğurlarının çoxalması ilə nəticələnəcəyini vurğulayıb. 
 Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxışında bildirib ki, göstərilən yüksək dövlət qayğısından bəhrələnən Kükü kənd tam orta məktəbinin pedaqoji kollektivi şagirdlərin təhsili və təlim- tərbiyəsi ilə yüksək səviyyədə məşğul olub. Bu özünü muxtar respulikada, eləcə də Azərbaycan Respublikasında keçirilən bilik yarışlarında, olimpiadalarda və digər tədbirlərdə məktəb şagirdlərinin qazandığı uğurlarda göstərir. Məktəb bir əsirlik fəaliyyətində, istər sovetlər zamanında istərsə də müstəqillik illərində öz şagirdləri və yetişdirdiyi ziyalı nəsli ilə seçilən təhsil ocaqlarındandır. Bu gün rayonun, muxtar respublikanın, eləcə də ölkəmizin inkişafında Kükü kəndindən olan, ilk təhsilini bu məktəbdə alan yüzlərlə ziyalının əməyi vardır. 
 
Sonra ölkə hüdudlarından kənarda təhsillərini davam etdirən və əmək fəaliyyəti ilə məşğul olan Kükü kənd tam orta məktəbin məzunlarının videomüraciəti izlənilib. 
 
Kükü kənd tam orta məktəbinin direktoru Mais Məmmədov məktəbin son illərdə qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, 2022-2023-cü tədris ilində məktəbi bitirən 4 nəfərin hamısı 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olublar. Şagirdlərdən 2-si 500-700 intervalında bal toplayıb. Bu şagirdlərdən Mirisa Seyidov 550 balla NDU Tibb fakultəsinə, Məmmədli Əli isə 668 balla ATU tədris ingilis dilində Tibb fakultəsinə qəbul olaraq 4-cü qrup üzrə muxtar respublika birincisi olub, "Qızıl" nişana və respublika üzrə 102 şagirddən biri olaraq prezident təqaüdünə layiq görülüb. Bu il məktəbin 11-ci sinfini 9 şagird bitirir. Atestat imtahanında şagirdlər yüksək nəticələr göstərib, məktəbi bitirən şagirdlərdən 2-si - Gülay Kərimli 294 və Nihat Bağırlı isə 293 bal toplayıblar. XI sinfi bitirən şagirdlərdən 3-ü "Qızıl" nişana namizəd göstərilib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı Sərəncama əsasən Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin 2 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yubiley tədbirində həmin təltiflər, eyni zamanda fəaliyyətlərində fərqlənən bir qrup müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, təşəkkürnamələri, Şahbuz rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
 
Sonra yubiley tədbirinin bədi-kompozisiya hissəsi başlayıb, rayon məktəblərinin şagirdləri şeirlər, mahnılar səsləndirib, rəqs nümunələri göstəriblər.

 
0 0

Şərhlər

Oxşar xəbərlər