“Müəllimin peşəkarlığı nəzəri bilikləri necə çatdırmaq ustalığındadır...” - Nadir İsrafilov
28-02-2023, 17:00
381

“Müəllimin peşəkarlığı nəzəri bilikləri necə çatdırmaq ustalığındadır...” - Nadir İsrafilov

Müəllimlərin işə qəbulu eyni qaydada davam etdiriləcək. Sadəcə əlavə yenilik var. Ötənilki imtahan nəticələrinin təhlillərinə əsasən qərara alınıb ki, hər fənn üzrə 30 dəqiqə əlavə zaman verilsin".
Bunu Elm və Təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
Nazir imtahan müddətinin 2 saat 30 dəqiqə olacağını bildirib: "Qaydalar rəsmiləşmə mərhələsindədir. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək".
TehsilForumu.Az məlumatına görə, məsələyə münasibət bildirən təhsil mütəxəssisi Nadir İsrafilov Redaktor az.-a açıqlamasında deyib ki, təhsilin uğurlu inkişafı savadlı və peşəkar kadrların fəaliyyətindən birbaşa asılıdır. O da danılmazdır ki, perspektivli namizədlər arasında düzgün seçim apararaq onların mütəxəssis kimi təhsil müəsisələrinə cəlb olunması daim ən aktual məsələlər sırasındadır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində müəllimlərin işə qəbulu ilə əlaqədar mütəmadi yeniliklər tətbiq edilməsi başa düşüləndir. Bu sahədə həyata keçirilən ən önəmli dəyişikliklərdən biri də müəllimlərin işə qəbulu ilə bağlıdır. Artıq, ikinci 10 illikdir ölkənin orta ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir və demək olar ki, elə bir il olmur ki, bu istiqamətdə yeniliklər edilməsin, müəyyən dəyişikliklər aparılmasın.
Elə götürək təkcə ötən ilin bu vaxtlarını. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, imtahan müddəti hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırıldı. Indi isə, artıq bu müddətin 150 dəqiqəyə çatdırılması nəzərdə tutulur. Ötən il habelə namizədlərə bərabər imkanların yaradılması, vakansiya seçimi   məqsədilə müsabiqədə bir sıra yeniliklər edilib.
Müsabiqədə uğur qazanmış müəllimlərin işə qəbul olduğu ümumi təhsil müəssisəsində davamlı çalışmasının stimullaşdırılması, vakansiya seçimi zamanı səmərəliliyin artırılması, müəllimlərin iş yerini mütəmadi dəyişməsinin şagirdlərin psixoloji durumuna və nəticələrinə mənfi təsiri səbəbindən qaydalara digər müvafiq dəyişikliklər edilib. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Ötən il verilən qərara əsasən, müəllimlər seçdikləri yerdə azı 3 il daimi əsaslarla işləməliydilər ki, yerlərini dəyişə və ya imtahanda iştirak edə bilsinsinlər və bu qərar rəsmiləşdirilməmişdi. Ancaq hazırkı halda həmin müəllimlərin MİQ-də iştirakı təmin ediləcək. 
Ötən ildən ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanmaqla 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediliməsi, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcəyi, belə ki, səhv cavablandırılmış 4 test tapşırığına görə 1 düzgün cavabın silinəcəyi, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacağı nəzərdə tutulmuşdu və s.
Yeni qaydalarla bağlı təhsil rəsmisinin son açıqlamasına görə müəllimlərin işə qəbulu imtahanında metodika və pedaqoqikada hüquqi savadlılıqla bağlı dəyişiklik edilərək sual sayı azaldılıb. Hesab edirəm ki, metodika-hər hansı məqsədə nail olmaq üçün hazır qaydalardır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Nəzəri biliklərə sahiblənmək hələ yaxşı müəllim olmaq demək deyil. Müəllimin peşəkarlığı nəzəri bilikləri necə çatdırmaq ustalığındadır. Buna görə də ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqlarının 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanması növbət dəyişikliklər zamanı nəzərə alınmalı, müsahibə zamanı isə müsabiqə iştirakçısının psixoloji durumu və şəxsi keyfiyyətlərinin üzə çıxarılması əsas şərtlərdən biri olmalıdır. MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydasının tətbiq edilməsini də təqdir etmirəm. Bu, yalanın doğrunun haqqına girməsi anlamına gəlir.
O ki, qaldı müəllimlərin işə qəbul imtahanında hər hansı fənnin suallarının çətin və ya asan olması ilə bağlı müxtəlif fikirlərin mövcud olmasına onu deyə bilərəm ki, çətin və asan sual olmur, anlaşıqsız və anlaşıqlı sual olur. Rəsmi açıqlamaya əsasən yeni qaydalara dair bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib. Həmin çərçivələrin nədən ibarət olması ilə tanış olduqdan sonra MİQ müsabiqəsinin qiymətləndirilmə çərçivəsi barədə nəsə bir konkret fikir söyləmək olar.
0 0

Şərhlər

Oxşar xəbərlər