Məktəblərdə uşaqların fiziki tərbiyəsi haqqında - ƏTRAFLI
12-05-2022, 09:17
2 578

Məktəblərdə uşaqların fiziki tərbiyəsi haqqında - ƏTRAFLI

Orta məktəblərdə keçirilən bədən tərbiyəsi dərslərində topla oyunlara daha çox fikir verilir. Bu, uşaq və gənclərin ilkin yaşlardan etibarən topla oynanılan idman növlərinə (voleybol, basketbol, həndbol, futbol və s.) marağını artırır.


Azərbaycanda idman oyunlarının əsasını təşkil edən topla oyunlar zamanı əllər fəal inkişaf edir, uşaq topu tutmaq üçün yuxarı hoppanır, yan tərəflərə müxtəlif hərəkətlər edir.

 Qüvvə tələb edən hərəkətli oyunlar uşaqların fiziki inkişafı üçün çox zəruridir. Belə məşğələlər zamanı uşağa qaçmaq, əyilmək, sürüşmək, qolları yana və yuxarı qaldırmaq və s. hərəkətlər etmək lazım gəlir. Bu da onların döş qəfəsinin genişlənməsinə, onurğa sütununun düzgünlüyünə, çiyinlərin, qolların, biləklərin, əl barmaqlarının inkişafına səbəb olur. Belə oyunlar zamanı uşaqlarda yeni müsbət vərdişlər və çeviklik əmələ gəlir.

Təsadüfi deyil ki, uşaqların çoxu idman oyunlarına xüsusi maraqla yanaşır, ədalət prinsiplərinə əsaslanan yarış qaydalarına diqqətlə əməl etməyə, bir-birilə böyük həvəslə yarışmağa çalışır. Bütün bu amillər isə onların həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərir.

Orta məktəblərdə keçilən bədən tərbiyəsi dərsləri yeniyetmə və gənclərin sağlamlığında əhəmiyyətli rol oynayır. Bədən tərbiyəsi dərslərinə və fiziki hərəkətlər üzrə məşğələlərə dərin maraq oyatmaq üçün ilk növbədə, çalışmaq lazımdır ki, uşaqlar bu hərəkətlərin onların sağlamlığında xüsusi əhəmiyyət kəsb etdiyini anlasınlar. Şagirdlərin bədən tərbiyəsi dərslərinə həvəslə yanaşması üçün onlarda maraq oyadılmalıdır.

Adətən, dərs ilinin sonunda məktəblinin fiziki hazırlığında baş vermiş irəliləyişləri müəyyənləşdirmək və müsbət nəticələr əldə etmək mümkün olmur. Şagirdlərin fiziki hazırlığında lazımi dəyişikliklər etməkdən ötrü fənn tapşırıqlarının dərs ilinin ortasında da yerinə yetirilməsini tələb etmək lazımdır. Məktəb şəraitində pedaqoji nəzarətin təşkili prinsiplərindən irəli gələn ümumi qanunlar da bunları tələbə edir. Ancaq fəal pedaqoji nəzarətin müvəffəqiyyəti başqa şərtlərdən də asılıdır. Bunlardan ən vacibi şagirdlərin fiziki hazırlıq və fiziki inkişafın təkmilləşməsi prosesinə şüurlu cəlb edilməsidir. 

Şagirdi müəllimin göstərişlərini passiv surətdə yerinə yetirən şəxsdən, bu prosesin aktiv iştirakçısına çevirmək vacibdir. Yaxşı olardı ki, şagirdlər müəllimin göstərişlərini yerinə yetirərək əldə etdikləri nəticələri özləri də qeydə alsınlar. Digər vacib şərt pedaqoji nəzarətin dəqiq təşkili və onun həkim nəzarəti ilə sıx əlaqəsidir. 


Həkim nəzarəti dərs ilinin əvvəlində aparılmalı və müəllimlərə şagirdlərin sağlamlığı, onların fiziki inkişafinda baş verən dəyişikliklər barədə məlumatlar vaxtında çatdırılmalıdır. Bütün bunlar ölkəmizin gənc sakinlərinin fiziki sağlamlığı üçün əhəmiyyətlidir.

Mütəxəssislər bildirirlər ki, uşaqların fiziki tərbiyəsi məsələsi həm ailədə, həm də uşaq bağçalarında həll olunmalıdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən uşaq bağçaları sadə idman avadanlıqları ilə təchiz olunub. Bu isə körpələrin bədən tərbiyəsi ilə məşğul olmasına imkan verir. Uşaq bağçasında işləyən tərbiyəçilər hər gün uşaqlara kompleks idman hərəkətləri öyrədir ki, belə hərəkətlər körpələrin əzələlərinin müəyyən dərəcədə bərkiməsinə zəmin yaradır. Eyni zamanda, uşaqlar idmanın əlifbasını öyrənirlər. Mütəxəssislərin fikrincə, uşaq bağçalarında fiziki hərəkətləri yerinə yetirərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Belə ki, isti havalarda uşaqları çölə çıxarmaq və onlara öyrədilən idman hərəkətlərini məhz təmiz havada yerinə yetirmək lazımdır.


Bunun üçün əksər uşaq bağçalarının həyətində hər cür şərait mövcuddur: burada gimnastika alətləri, hədəflər, üzərindən tullanmaq üçün maneələr yaradılıb. Təəssüf ki, bəzi valideynlər körpə uşaqlarının bağçalarda idmanla məşğul olmasına müsbət yanaşmırlar. Məsələn, bəzilərinin fikrincə, əgər uşaq soyuqdəyməyə yoluxubsa, o, çölə çıxmamalıdır (xüsusilə qış mövsümündə). Nəzərə almaq lazımdır ki, ölkəmizdəki müasir uşaq bağçaları qış fəslində istiliklə yüksək səviyyədə təmin olunur. 

Quba şəhər Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar MƏli qızı Məmmədova.
0 0

Şərhlər

Oxşar xəbərlər