Şagirdlərin qəddini əyən məktəbli çantaları
15-11-2022, 07:20
437

Şagirdlərin qəddini əyən məktəbli çantaları

TehsilForumu.Az - Şagirdlərin belini bükən, qəddini əyən məktəbli çantasının həddindən artıq ağır olması bu gün valideynləri narahat edən ən əsas problemlərdəndir. Məktəblilər də kitab, dəftər dolu ağır çantaları daşıya bilmədiklərindən şikəyətlənirlər. Əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlər deyil, valideynlərin daşıdığının şahidi oluruq. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.

Valideyn Qızılgül Cavadova deyir ki, övladlarının məktəb çantasını daşımaqdan belində ağrılar əmələ gəlib: "Övladımın biri 2-ci, digəri 5-ci sinifdə oxuyur. Hər ikisinin çantasını özüm daşıyıram. Çünki çantalar o qədər ağırdır ki, əgər uşaqlar onu özləri götürsələr, əminəm ki, dərs ilinin sonuna onurğalarında problem yaranacaq. Hər ikisinin sinfində elə uşaqlar var ki, ağır çanta daşımaqdan onurğalarında müxtəlif xəstəliklər əmələ gəlib. Eyni problemlə üzləşməmək üçün məcbur qalıb ağır çantaları məktəbə özüm aparıb gətirirəm. Çantaların ağır olması kitabların ağırlığı və çoxluğu ilə bağlıdır. Bunun üstünə iş dəftərləri, gündəlik və digər ləvazimatları da gələndə çantanı ümumiyyətlə, yerdən qaldırmaq mümkün olmur".

Bədənin formalaşması dövründə şagirdlərin bu qədər ağır kitablarla dolu çanta daşımasının onların sağlamlıqlarına ciddi ziyan vurduğunu mütəxəssislər də dəfələrlə vurğulayıblar.

Uzman həkim-pediatr Əli Quliyevin dediyinə görə, məktəbli çantasının çəkisi uşağın çəkisinin 13-14 faizini keçməməlidir. 8 yaşınadək olan uşaqlar 2, 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-14 yaşlı uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. 14 yaşadək uşaqların 8-10 kiloqramlıq məktəbli çantası götürməsi yolverilməzdir. Uzun zaman ağır çanta daşımaq uşaqlarda skolioz, kifoz kimi xəstəliklərin yaranmasına səbəb olur. Ağırlıq səbəbindən onurğa sütunu gərilir, tədricən deformasiyaya uğrayır və nəticədə uşaqlarda bel önə doğru əyilir, yəni uşağın kürək hissələri donqarlaşır: "Son illər məktəbə gedən uşaqların çoxunda skolioz xəstəliyi müşahidə olunur. Skolioz - onurğanın yanlara doğru əyilərək, vertikal ox ətrafında burulmasına deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərəçarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır, bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və tənəffüs sistemi orqanlarının, ürək və böyrəklərin fəaliyyətinə də mənfi təsir göstərir".
Uşaqların məktəb ləvazimatları arasında ən önəmli vəsait məktəb çantalarıdır. Bu səbəbdən də məktəb çantalarının düzgün seçilməsi çox önəmlidir. Valideynlər çanta seçimində diqqətli olmalı, onun mümkün qədər yüngül olmasına diqqət yetirməlidir. Çantanın asqıları möhkəm və ensiz olmamalıdır. Dar asqısı olan çantalar çiyinin bəlli nöqtəsinə təzyiq edərək ağrı və keyiməyə səbəb olur. Möhkəm asqılar bel, boyun və kürəkdəki bağ əzələlərinə zərər verir.

Zaman-zaman Elm və Təhsil Nazirliyinin məsələyə münasibəti isə belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırırlar. Elm və təhsil naziri Emin Əmrullayev də bəzən lazım olmayan yükün çantalara yığıldığını vurğulayıb. Nazir qeyd edib ki, həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazımlıdır: "Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlər, heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdır. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil. Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədəuyğundur".

Millət vəkili Etibar Əliyev hesab edir ki, şagirdlərin çanta problemi əsasən kurikulumlar əsasında yazılmış dərs vəsaitlərinin çapından sonra yaranıb: "Şagirdlərin fənni mənimsəməsi üçün dərs vəsaitlərinin, iş dəftərləri də daxil olmaqla çapı şagird çantasını xeyli ağırlaşdırdı. Ümumiyyətlə, kitabların həcminə də diqqət yetirmək lazımdır. Elə fənlər var ki, məsələn, mövzu çox konkret və yığcam izah olunacağı halda bir mövzuya bir neçə səhifə yer ayrılır. Bu da həm mənimsəməni mürəkkəbləşdirir, həm də kitabların həcmini artırır".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir, Elm və Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb. Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri ləğv olunan, amma nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan bu iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar. Çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir. Halbuki uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər.

Nadir İsrafilov vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nda rəqəmsal dərslik - rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərsliklərdən istifadəni görür.
məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər".

Azərbaycanda elektron dərs sistemi hələ ki, geniş tətbiq olunmasa da, e-dərslik yaradılması üçün addımlar atılıb. Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə elektron dərslik portalı (www.e-derslik.edu.az) yaradılıb. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin, məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar.
Dərslik portalına da ümumilikdə 300-ə yaxın elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin də sayı az deyil. Şagirdlərin dərsi daha həvəslə, maraqla hazırlaması məqsədilə elektron dərsliklərə əlavə materiallar yerləşdirilib. Hər bir şagirdin bu portala çıxışı mümkündür. Yetər ki, şagirdlər kompüter, planşet və smartfonla təmin olsun. Şagirdlər rahatlıqla elektron dərslik portalından həmin dərslikləri smartfonlarına yükləyərək istifadə edə bilərlər.

Bu zaman sual yaranır: əgər şagirdlərin elektron dərsliklərdən istifadə etməsi üçün resurs varsa, bəs nə üçün məktəblərdə elektron dərsliklərdən istifadə edilmir?

Ekspertlər deyir ki, bunun üçün bütün şagirdlərdə planşet, smartfon olmalı, Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi sürətləndirilməlidir.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, rəqəmsal texnologiyaların müasir təhsil sistemində aktuallığını nəzərə alaraq, Azərbaycan təhsil sistemində davamlı olaraq informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilir, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi həyata keçirilir. Artıq Nazirlik tərəfindən bu sahədə müxtəlif layihələr icra olunub və proses davam etdirilir. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə 3 minə yaxın ümumi təhsil müəssisəsinə noutbuk paylanılıb.

Sevinc Qarayeva
0 0

Şərhlər

Oxşar xəbərlər