Məktəb psixoloqlarının II ümumrespublika konfransına start verilib
24-04-2022, 20:59
359

Məktəb psixoloqlarının II ümumrespublika konfransına start verilib

Konfrans Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, nazirliyin “Məktəblinin Dostu” və “Sağlam Təhsil - Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir. 

 

Konfransın təşkilində əsas məqsəd məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olmaqdır. 

 

Konfransın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. 

 

Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Açılış nitqi ilə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov təmsil etdiyi qurum tərəfindən pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirilən layihələr, aparılan tədqiqatlar, nəşr olunan kitab və metodik vəsaitlərdən danışıb. 

 

Gələcəkdə həyata keçiriləcək layihələr haqqında da məlumat verən Elnur Rüstəmov konfransın mövzusu barədə çıxış edib. 

 

Konfransın açılışında iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev məktəblərdə psixoloji işin təşkili ilə bağlı belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

 

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov da öz növbəsində məktəblərdə müşahidə olunan əsas psixoloji problemlərə toxunub və bu mövzuda daha intensiv şəkildə tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib. 

 

Daha sonra çıxış edən digər qonaqlar konfransın əhəmiyyətini vurğulayaraq məktəblərdə olan aktual problemlərin həlli yönündə daimi maarifləndirmə işlərinin aparılmasına dəstək işinin təşkilinin vacibliyini qeyd edib, məktəb psixoloqlarının öz peşə fəaliyyətlərində rastlaşdıqları əsas çətinliklərin həlli istiqamətində atılması lazım olan addımlara toxunublar. 

 

Açılış mərasimindən sonra “Yeniyetmələrdə psixoloji böhranın təzahür xüsusiyyətləri” , “İnternetin məktəblilərin həyatına təsiri və profilaktikası”, “Sabit və böhran vəziyyətdə şagirdlərin sosial-emosional bacarıqlarının inkişafı” mövzularında məruzələr dinlənilib. 

 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası”, “ Uşaqlara KBT( Koqnitiv davranış terapiyası) texnikalarının tətbiqi” mövzularında workshoplar təşkil edərək məktəb psixolqoları ilə yeni yanaşmalar, yeni texnikaları bölüşüblər.  

 

Qeyd edək ki, iki gün davam edəcək konfransda 7 məruzə, 4 workshop keçirilməsi nəzərdə tutulub




0 0

Şərhlər

Oxşar xəbərlər