Orta məktəblərdə laborantlar nə ilə məşğuldur?
13-02-2022, 12:03
4 309

Orta məktəblərdə laborantlar nə ilə məşğuldur?

Dünyanın bir çox inkişaf etmiş ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə kimi dövlətlərdə laborant, müəllim köməkçisi və bu kimi vəzifələrdə çalışan əməkdaşlar məktəbdə tədris prosesinin düzgün qurulmasında, dərslərin təşkilində, əyani vəsaitlərin hazırlanmasında müəllimlərin, sözün həqiqi mənasında, ən yaxın köməkçiləri hesab olunurlar.



Əlbəttə, bu vəzifələr bizim qanunvericilikdə də mövcuddur. 



Bəs, müəssisə rəhbərlərimiz və laborantlarımız buna əməl edirlərmi? 



Aparılan araşdırmalar göstərir ki, məktəb direktorlarımız bu vəzifədən əsasən katibə, köməkçi, hətta bir çox hallarda "katibələrin katibəsi”qismində yararlanırlar. 



Yəni, orta məktəblərdə çalışan laborantların əsas vəzifəsinin direktorlara çay aparmaq, onları vətəndaş zənglərindən və şikayətçilərdən qorumaq, müdirlərinin şəxsi tapşırıqlarını yerinə yetirməkdən ibarət olduğunu görərik. 



Eyni zamanda, laborant vəzifəsinin texniki ştat olmasına baxmayaraq, məktəb direktorları Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı apardığı imtahandan dəfələrlə cəhd edib keçə bilməyənləri laborant vəzifəsinə təyin etməklə, onları dolayı yollarla (analıq, xəstəlik və bu kimi məzuniyyətlərdə olanların əvəzinə illərlə) müəllim simasında auditoriyalara göndərirlər. 



Laborantların Qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri 



Laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrinin saz halda olmasına çalışır, onların vaxtında əldə edilməsi, xüsusi zavod və emalatxanalarda təmiri üçün sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. 



Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Filmotekalarla müntəzəm olaraq işgüzar əlaqə saxlayır. 

Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir. Müəyyən olunmuş formada hesabatlar hazırlayır.  



Onu da qeyd edək ki, orta ümumtəhsil məktəblərimizin əksəriyyətində laborant vəzifələri formal xarakter daşıyır. Onlar qanunvericiliklə üzərlərinə düşən işlərdən daha çox məktəb rəhbərlərinin müxtəlif tapşırıqlarını yerinə yetirirlər. 



Məsələnin digər tərəfi isə laborantların qeyri-ixtisaslı olmaları ilə bağlıdır. Belə ki, bir çox hallarda aidiyyəti olmayan müxtəlif ixtisas sahibləri bu vəzifədə çalışırlar ki, bu da dərs prosesinə mənfi təsir göstərir. 



Bundan başqa, dövlətə yüksək maliyyə xərcləri bahasına başa gələn laboratoriyalardan çox nadir hallarda istifadə olunur. Laborant ştatına işə götürülənlərə onların vəzifə funksiyaları izah olunmur, iş planı tələb edilmir.



Şübhəsiz ki, bu sahədə olan qanunvericilikdə də müəyyən boşluqlar mövcuddur. Ancaq sözügedən məsələdə müəssisə rəhbərlərinin üzərinə daha böyük məsuliyyət düşür. 


Təəssüf ki, bu problemlər direktorların vəzifə məsuliyyətlərindən asılı olaraq, məktəblərin bəzisində az, bəzisində çox olmaqla, demək olar ki, əksər müəssisələri əhatə edir. 
1 0

Şərhlər

Oxşar xəbərlər