Peşə təhsili alan tələbələr üçün biznes təlimlərinə başlanılıb
29-01-2022, 16:00
259

Peşə təhsili alan tələbələr üçün biznes təlimlərinə başlanılıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində təlimlərə başlanılıb.


Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimdə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edirlər. Rayonun peşə liseyində keçirilən təlimdə gənclər KOBİA-nın Cəlilabad KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və bu kimi ilkin biznes biliklərinə yiyələnəcəklər. 


Təlimlər bir həftə davam edəcək.
Təlimlərə başlanılması ilə bağlı keçirilən tədbirdə tərəfdaş müəssisələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları üzrə müvəkkilin (ombudsmanın) Aparatının regional nümayəndələri iştirak ediblər. Tərəfdaşlar layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatlarla çıxış ediblər.
“Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsil müəssisələrində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviqi, özünüməşğulluğunun təmin olunmasıdır. 

Həmçinin kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının, peşə təhsilinə marağın artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsidir. 2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. 

Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. 

Sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir. Biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunur.

 Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuracaq gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.
0 0

Şərhlər

Oxşar xəbərlər