Tarix Muzeyində akademik Ziya Bünyadovun fəaliyyətini, elmi yaradıcılığını ehtiva edən kolleksiya qorunur
22-12-2021, 06:13
311

Tarix Muzeyində akademik Ziya Bünyadovun fəaliyyətini, elmi yaradıcılığını ehtiva edən kolleksiya qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Fotoneqativ fondlarında görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun çoxşaxəli fəaliyyətini, elmi yaradıcılığını ehtiva edən kolleksiya qorunur.

TehsilForumu.Az - a  muzeydən məlumat verilib.
Muzeyin fondlarında 1970-1990-cı illərə aid dörd fotoşəkil və alimin elmi fəaliyyəti ilə bağlı bir yazısı yer alıb. Eyni zamanda, muzeydə Z.Bünyadovun 1945-ci ildə çəkilmiş fotoneqativi qorunur.
Orta əsr Azərbaycan tarixinin həqiqətlərini aşkara çıxaran Z.Bünyadovun 1970-ci illərdə rus dilində yazdığı “Tənqidçilərimə və opponentlərimə cavab” yazısı da fondda yer alır.


Ziya Bünyadov 1923-cü ildə Astara şəhərində anadan olub. Hərbi məktəb bitirdikdən sonra (1941) leytenant Ziya Bünyadov İkinci Dünya müharibəsində iştirak edib, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə igidlik nümunəsi göstərib. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə 1945-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 

O, 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına qəbul olub. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin il Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin edilib.


Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin müəllimi olub. 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışıb.


Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir.
O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.


Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1990-cı ilin iyununda Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər (1997) yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

     
0 0

Şərhlər

Oxşar xəbərlər