Məktəb binasından oğurluq edənlər SAXLANILDI
17-01-2024, 11:55
551

Məktəb binasından oğurluq edənlər SAXLANILDI

Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

TehsilForumu.Az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
2 0

Şərhlər

Oxşar xəbərlər