Qanunvericilikdə ali təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alan tələbə əmək fəaliyyəti ilə məşğul olmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
4-06-2023, 10:59
725

Qanunvericilikdə ali təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alan tələbə əmək fəaliyyəti ilə məşğul olmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

TehsilForumu.Az təqdim edir.
Sual: Ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyən edilir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilir və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilir.

Eyni zamanda rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilir.

Bundan əlavə, 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilir.

Onu da qeyd edirik ki, pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilir.

Sual: Əmək veteranı adı kimlərə verilə bilər?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra - icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:

- iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və sovet respublikalarının fəxri adlarına layiq görülənlər;

- keçmiş sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;

- Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;

- Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;

- Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;

- uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).

“Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir.

Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.

Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir.

Sual: Məhkəmə qətnaməsindən apelyasiya və kassasiya şikayəti hansı müddətə verilir?

Cavab: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər.

Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti verə bilərlər.

Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

Sual: Ali təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alan tələbə əmək fəaliyyəti ilə məşğul ola bilərmi?

Cavab: Qanunvericilikdə ali təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alan tələbə əmək fəaliyyəti ilə məşğul olmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində tədris kredit sistemi əsasında təşkil olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na görə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 (hər semestr 20) həftədir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində, təcrübələrdə iştirak etməsi, auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi, imtahanlara hazırlığı və imtahanları verməsi və s. kreditlərin müəyyənləşdirilməsi meyarlarına daxildir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Qeyd olunanlardan göründüyü kimi, tələbənin gün ərzində 4,5-5 saat auditoriya dərslərində iştirak etməsi nəzərdə tutulur. Əks təqdirdə tələbə fənlər üzrə zəruri kreditləri qazanmır və onun akademik borcu qalır. Fənlər üzrə akademik borcu qalan tələbə həmin fənləri yenidən dinləməli və onların mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Bundan əlavə, bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tam, qısaldılmış və natamam iş vaxtı müəyyən edilmişdir. Həmin Məcəlləyə uyğun olaraq:

- tam iş vaxtı - həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

- işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

- əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

Sual: Ödənişli təhsil məzuniyyətinin hansı növləri var və müddəti nə qədərdir?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

b) dövlət imtahanlarını vermək üçün;

c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əməkhaqqı ödənilir.

Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Yuxarıda nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər. 

Hüquqi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi.
0 0

Şərhlər

Oxşar xəbərlər