"Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı rekord həddə yüksəlib"
15-01-2024, 20:30
346

"Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı rekord həddə yüksəlib"

TehsilForumu.Az bildirir ki , "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı rekord həddə yüksəlib"
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsis edilən Təhsil Qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin 40 vətəndaşı müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılan 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ əldə ediblər. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli deyir ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb. Bu Azərbaycan təhsili tarixində rekord rəqəmdir: "Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb. Azərbaycanda oxuyan tələbələrin sayının 2026-cı ildə 75 minə çatması hədəfdir. Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin artdığı müşahidə edilir. Bunun üçün sistemli iş tələb olunur ki, bütün bu istiqamətdə atılan addımlar vahid olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə ali təhsilə qəbul 60 min nəfəri keçib. Biz bu sayın 2026-cı ildə 75 min nəfərə çatdırılmasını hədəfləmişik".

Nazir müavininin fikrincə, əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər addımlardan biri də özəl universitetlərin əcnəbi tələbələr üçün ayırdığı təqaüdlərdir: "Düşünürəm ki, bu cür addımlar sistemli olması təhsilimizin gələcəyi üçün daha da səmərəli nəticələr verəcək".

Dövlət Miqrasiya Xidməti (DMX) Baş idarə rəisinin müavini Tamilla Hacıyeva bildirib ki, bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib. Ölkəyə miqrant axınını səciyyələndirən amillərdən biri də ali təhsil sisteminin keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və təhsilin cəlbediciliyinin artırılmasıdır: "Biz bu tendensiyanı ölkəmizdə hər il əcnəbi tələbələrin sayının artmasında müşahidə edirik. Hazırda Azərbaycanda yaşayan miqrantların önəmli bir qismini respublikanın ali təhsil müəssisələrində oxuyan və çalışan əcnəbilər təşkil edir. Əcnəbi tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün də bütün zəruri imkanlar təmin olunub. 2023-cü ildə professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib".

T.Hacıyevanın dediyinə görə, Dövlət Miqrasiya Xidmətinin əcnəbi tələbə və müəllimlərlə bağlı işinin digər bir istiqaməti onların yerli cəmiyyətə inteqrasiyasının təmin edilməsidir: "Bu istiqamətdə Dövlət Xidməti müxtəlif layihələri icra edir və zəruri tədbirləri görür. Ölkəmizdə mövcud siyasi sabitlik və iqtisadi inkişaf, Azərbaycanın multikultural dəyərləri, xalqımızın qonaqpərvərliyi və bəşəri dəyərlərə önəm verməsi ölkəmizdəki əcnəbi tələbələrin özlərini rahat hiss etmələrini şərtləndirir. Əcnəbilər, o cümlədən, əcnəbi tələbələr arasında aparılmış sorğular onların inteqrasiya ilə bağlı çətinliklər yaşamadığını göstərir. Bununla belə, Dövlət Xidməti əcnəbilərə ödənişsiz Azərbaycan dili ilə bağlı kurslar təşkil edir, həmçinin onların yerli cəmiyyətə inteqrasiyasına yönəlmiş digər tədbirlər həyata keçirir".

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, qəbul qaydalarının asanlaşdırılması Azərbaycana üz tutan xarici tələbələrin sayına təsir göstərib: "Qeyd edim ki, Azərbaycana oxumağa gələnlər arasında rus, İran vətəndaşları üstünlük təşkil edir. Qardaş Türkiyədən gələnlərin sayında ciddi artım var. Təbii ki, bunun birinci səbəbi "Study in Azerbaijan" layihəsidir. Azərbaycanda hər il xarici ölkə universitetlərinin sərgiləri həyata keçirilir. Həmçinin, ölkədən kənarda bu istiqamətdə ciddi işlər görülür. Azərbaycan universitetlərinin xaricdə sərgilərinin keçirilməsi, alimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələrinin çıxması ölkəmizdəki ali təhsil müəssisələrinə marağı kifayət qədər artırıb".

Onun sözlərinə görə, daha çox xarici tələbənin təhsil aldığı universitetlər arasında Bakı Dövlət Universitetini, Naxçıvan Dövlət Universitetini və Tibb Universitetini xüsusən qeyd etmək lazımdır. "ADA" və İqtisad Universitetində də kifayət qədər xarici tələbə təhsil alır. Bu, ölkə iqtisadiyyatına çox müsbət təsir göstərir.

Ekspert vurğulayıb ki, son illər ingilis dilində tədrisin peşəkar səviyyədə təşkil edilməsi də ölkəyə olan marağı artırıb. Ekspert hesab edir ki, ölkəyə gələn əcnəbi tələbələrin sayının artması gələcəkdə ali təhsil müəssisələrinin dünyada reytinqini yaxşılaşdıra bilər. Bu, həm də ali təhsil sisteminin beynəlxalq rəqabət imkanlarını artırmağa kömək edəcək.

Təhsil eksperti Nadir İsrafilov vurğulayıb ki, əcnəbi tələbələrin təhsil almaq üçün Azərbaycanı seçmələrinin əsas səbəbi Boloniya bəyannaməsinə üzv dövlətlərin hamısı üçün tətbiqi zəruri olan prinsiplərin həyata keçirilməsi ilə əlaqədardır. Yəni ikipilləli ali təhsilə keçid, kredit sisteminin tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tələbə və müəllim mobilliyinin genişləndirilməsi, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, məzunların işlə təminatına nail olunması və s.

Qeyd edək ki, əcnəbilərin Azərbaycanda təhsil alması prosesi Nazirlər Kabinetinin müəyyən etdiyi və qüvvədə olan qaydalarla tənzimlənir. Həmin qaydalar imkan verir ki, başqa ölkələrin vətəndaşı olan gənclər Azərbaycan universitetlərində təhsil alsınlar. Bunun üçün mövcud yollardan biri universitetlərin elan etdiyi qəbula qatılmaqdır. Bu zaman xarici ölkə vətəndaşı olan şəxs təhsil almaq istədiyi ixtisasa uyğun universitetin müəyyən etdiyi fənn və ya fənlər üzrə müsahibədən keçir. Yəni imtahan fənninə də, keçid üçün qoyulan tələblərə də hər universitet özü qərar verir.

Statistik təhlil sübut edir ki, universitetlər arasında əcnəbi tələbələrin ən çox üz tutduğu təhsil müəssisəsi Azərbaycan Tibb Universitetidir. Bu, bir tərəfdən tibbə olan maraqla əlaqələndirilsə də, digər tərəfdən tibb təhsilinin başqa ölkələrlə müqayisədə ölkəmizdə nisbətən ucuz başa gəlməyi ilə izah olunur. Ümumiyyətlə, universitetlərimizdə əcnəbilərlə iş yaxşı təşkil olunub. Məsələn, Bakı Dövlət Universitetində (BDU) də ölkədəki bütün ali təhsil müəssisələrində olduğu kimi vətəndaşların qəbulu və ölkədə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması uyğun olaraq portal.edu.az və atis.edu.az vasitəsilə aparılır.

BDU-dan verilən məlumata görə, Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər öklələrdən BDU-da təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olur. Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində 51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində 7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla, ümumilikdə 127 nəfər əcnəbi vətəndaş qəbul olunub. Bu da ötən illərə nisbətən böyük göstəricidir.

Dünyada ən çox iqtisadiyyat və mühəndislik, memarlıq ixtisaslarına maraq var. Ona görə də UNEC, AzTU və AzMİU əcnəbi tələbələrin çoxluğuna görə ölkə universitetlərinin siyahısında ön yerlərdə olmaları təəccüb doğurmamalıdır. Məsələn, "Prestijli universitet olduğu üçün UNEC-i seçdiyini" deyən Yohana Emmanuel Kitima Tanzaniyadan Azərbaycana gələn ilk tələbədir. O, "Mühasibatlıq və audit" ixtisasına yiyələnir: "İlk dəfə Bakıda keçirilən Çelsi-Arsenal oyununa baxmağa gəlmişdim, Bakıdan çox xoşum gəldi. Ona görə təhsil alacağım universiteti də buradan seçdim. Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsi ilə Azərbaycan Respublikası tərəfindən ayrılan qrant proqramından xəbərdar oldum. Bu, xaricdə yaşamaq üçün də ilk şans idi. Amma UNEC-ə qəbul oluna biləcəyimə inanmırdım".

Ümumiyyətlə, universitetlərə xarici ölkə vətəndaşlarının müraciəti təhsil müəssisələrində təhsilin keyfiyyəti ilə yanaşı, tədrisin ingilis dilində təşkilindən asılıdır.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənovun fikrincə, ölkəmizdə 4 dildə təhsil imkanı var və bu, bir çox ölkələrdən universitetlərimizə tələbə cəlbinə təkan verən vacib amillərdəndir. O, son illərdə regionlardakı təhsil müəssisələrinin də bu imkanları təmin etdiyini və nəticədə artan nüfuzunu qeyd edib: "Sevindiricidir ki, region universitetlərində də əcnəbi tələbə sayı artmaqdadır. Məsələn, Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti bu il tələbələri arasında əcnəbi sayını kifayət qədər artırıb".

Bu, həm də hökumətin həyata keçirdiyi layihələrlə əlaqədardır. Azərbaycanda əcnəbilərin təhsilə cəlbində hökumətin, Elm və Təhsil Nazirliyinin fəaliyyətinə diqqət çəkən sektor müdiri Azərbaycanda təhsil imkanlarını ən yaxşı şəkildə təqdim edən "Study in Azerbaijan" layihəsindən danışıb: "İlk dəfə olaraq, layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilib və uğurla icra olunur. Belə ki, əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin keyfiyyətinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavab verir. Prosesin sonunda tələbənin məlumatları nazirliyin portalına düşür".
0 0

Şərhlər

Oxşar xəbərlər