Azərbaycanın iqtisadi gücünun artması müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.
4-06-2022, 17:05
353

Azərbaycanın iqtisadi gücünun artması müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.


 Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Etiraf olunmalıdır ki, Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilib. 

Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəzə çevrilib. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan illər öncə “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırılmışdısa, Cənub qaz dəhlizi layihəsi XXI əsrin ən iri enerji layihəsidir. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu çox böyükdür. Avropanın enerji suverenliyi məsələsi xüsusilə son illər əhəmiyyətli dərəcədə qabardılır. 

Azərbaycan qazının Avropa istehlakçısına çatdırılmasına da bu strategiyanın tərkib hissəsi kimi baxıla bilər. Ona görə bu layihənin Avropa üçün, hətta deyərdim ki, qlobal müstəvidə əhəmiyyəti danılmazdır. Ölkəmizə verilən önəm isə təkcə karbohidrogen ehtiyyatları ilə bağlı deyil. Belə ki, Avropaya qaz başqa yerlərdən də çatdırıla bilər. Bu ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş statusu ilə bağlıdır və ona verilən önəmin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində qeyd etdiyi kimi, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Bu isə o deməkdir ki, bundan sonra da bu əməkdaşlıq inkişaf edəcək və ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz sanballı töhfəsini verəcəkdir.

 Avropada, eləcə də dünyada Azərbaycan qazına təlabat sürətlə artır. Bütün dünya bilir ki, Azərbaycan etibarlı tərəfdaşdır və bu vaxta kimi imzalanmış müqavilələrdə heç bir dəyişiklik edilməmişdir. Dünyanın tanınmış şirkəti olan BP ilə SOCAR arasında olan uzunmüddətli tərəfdaşlıq bu deyilənlərə əyani sübutdur. Azərbaycan hər zaman öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir.Azərbaycanın artan iqtisadi gücü Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.

YAP Quba rayon təşkilatının sədri 
Fidan Hüseynova.
0 0

Şərhlər

Oxşar xəbərlər