PISA-nın ideya müəllifi Bakıda nədən danışdı?
17-04-2022, 14:07
294

PISA-nın ideya müəllifi Bakıda nədən danışdı?

Əvvəlcə PISA haqqında.

Dünyada təhsillə bağlı ən çox müzakirə mövzularından biri PISA-dır. Bu qiymətləndirmə meyarı ilə dünyanın inkişaf etmiş ölkələri öz gələcəyinə baxır. Təsadüfi deyil ki, elə bu məqsədlə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA proqramı 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçür. Bu yaşda uşaqların riyaziyyat, oxuyub anlamaq və təbiət fənləri üzrə biliklərini müəyyənləşdirən PISA ən etibarlı platforma hesab olunur. PISA həm də yeni əsrin bacarıqlarını ölçür. Buna görə də PISA-nın nəticələrini təkcə müəllimlər deyil, ölkə rəhbərliyi səviyyəsində müzakirə edirlər və bununla da “insan kapitalı hansı səviyyədədir?” sualına cavab axtarırlar. 2000-ci ildən başlayaraq hər 3 ildən bir keçirilən PISA sınaqlarında iştirakçı ölkələrin sayı getdikcə artır. Azərbaycan da bu platformada iştirak edir.

Ötən həftənin ən yaddaqalan hadisələrindən biri PISA-nın ideya müəllifi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin (Andreas Schleicher) Bakıya səfəri idi. Təhsil Nazirliyi və “T-Network”un təşkilatçılığı ilə baş tutan bu səfərdə Andreas Pedaqoji Universitetin akt zalında 200-dən çox iştirakçının önündə XXI əsrin təhsilinin əsas çağırışlarından danışdı. Bu yazıda təkcə Andreasın çıxışından ayrı-ayrı istinadları təsnif etmişəm. Düşünmək və iş görmək üçün əla istinadlardır.

- PISA bir yarış deyil, bu bir güzgüdür ki, ölkə təhsil müstəvisini müəyyənləşdirə bilsin.

- Rəqəmsal və gerçək dünya artıq birləşib.

- Fundamental olaraq savadlı olmaq anlayışı dəyişib. Savadlılıq məfhumu artıq xətti mətnlərlə ifadə olunmur.

 Təhsil elmi-tədqiqat sahəsinə çevrilməlidir ki, tələbələr daha yaxşı öyrənsin, müəllimlər daha yaxşı öyrənməni təmin etsinlər.

- Yoxsulluq aqibət deyil. Təhsil yoxsulluq və varlılıq arasında fərq yarada bilmə mühərrikidir.

- Təhsilə edilən sərfiyyatın həcmi deyil, resursların necə istifadəsi fərq yaradır. Məsələn, təhsilə ən çox maliyyə vəsaiti ayıran Lüksemburq, ondan daha az vəsait ayıran Estoniyadan aşağı nəticələr göstərir.

- Tədrisin keyfiyyəti çox vacibdir, nəinki sinfin böyüklüyü. Resursların sərf olunması vacibdir. Yaxşı müəllim üçün sinfin böyüklüyü və kiçikliyi mane deyil.

- Təhsilin səviyyəsi birbaşa olaraq müəllimin peşəkarlığı ilə əlaqəlidir.

- Ölkələr cəmiyyət üçün gələcəyə nə qədər önəm verilməsinə görə fərqlənirlər.

- Öyrənmə baxımından yaxınlıqdakı məktəb ən yaxşı məktəbdir.

- Riyazi düşüncənin təqlid edilməsi çox vacibdir, bununla biz fenomenləri başa düşə bilərik.

- Müasir dünya fərdi təkcə biliyə görə tərif etmir, ən başlıcası, o biliklə nə edə bilərsən cavabıdır.

- Fənlərarası əlaqəni görərək məsələni çözmək vacib kompetensiyadır.

- Sabahkı müəllimlər data alimləri olacaq.

- Pedaqogika təkcə öyrətmək deyil, həm də şagirdin öyrənməni necə mənimsədiyini bilməkdir.

- Yaxşı təhsil güclü peşə səriştələrinin yaranması ilə müşahidə olunmalıdır.

- Müəllim tələbələrinin hər biri haqqında məlumatlı olmalıdır, əks halda tədris uğurlu olmayacaq.

- Müəllimlər arasında peşəkar iş birliyi olarsa, peşə bacarıqları da bir o qədər dərinləşəcək. Bu həm də məmnunluq hissi yaradacaq.

- Tələbə sadəcə müəllimin mühazirəsini dinləməməlidir. Onlar arasında sosial-emosional bağ olmalıdır.

- Ən yaxşı investisya kiçik yaşlardan doğru təməllərin yaradılmasıdır.

- Ev təsərrüfatları ilə məktəblər arasında sıx ünsiyyət olmalıdır.

P.S. Andreas Şleyxerin bütün çıxışını buradan izləyə bilərsiniz.

Cəsarət Valehov


0 0

Şərhlər

Oxşar xəbərlər