ADPU-da Zahid Xəlilin 80 illiyi qeyd olunub
5-04-2022, 15:03
678

ADPU-da Zahid Xəlilin 80 illiyi qeyd olunub

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, filologiya elmləri doktoru ADPU-nun Əbədiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. 

TehsilForumu.Az xəbər verir ki, tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, Respublikanın tanınmış ədəbiyyatşünas və filoloq alimləri, AYB-nin üzvləri, mətbuat nümayəndələri, Universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. 

Qonaqlar tədbirdən əvvəl Zahid Xəlilin zəngin yaradıcılığını əks etdirən əsərlərlə tanış olublar. 

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yubilyarı təbrik edərək vurğulayıb ki, Zahid Xəlil müasir ədəbiyyatımızın zirvələrindən biri olmaqla yanaşı həm də 60 ilə yaxındır ki, Pedaqoji Universitetdə fəaliyyət göstərir. O, zaman-zaman ADPU-da "Gənc Müəllim" qəzetinin redaktoru, müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət etmişdir və bu gün də bu xidmətini yüksək məhsuldarlıqla davam etdirir. 

Natiq qeyd edib ki, xüsusən Vətən müharibəsi dövründə Zahid Xəlil yaradıcılığı xalqımızın böyük qələbə dastanını uşaqlarımıza tərənnüm edən "Dəmir Yumruq Dastanı" kimi möhtəşəm bir əsər bəxş eləyib. 

Çıxış edən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Bilal Həsənli Zahid Xəlil yaradıcılığı haqqında öz təəssüratlarını bölüşüb.     

AYB-nin üzvü, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə böyük ədiblə bağlı özünün xatirələrini bölüşüb, onun yaradıcılığına həsr etdiyi məqalə ilə çıxış edib.

Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl öz çıxışında canlı klassik olan Zahid Xəlilin həm bütün MDB məkanında, həm də Türkiyədə çox yaxından tanındığını vurğulayaraq onun elm və sənətlə eyni zamanda məşğul olaraq mükəmməl nəticələr ortaya qoyduğunu bildirib.

Yubiley tədbirində məruzə ilə çıxış edən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Zahid Xəlilin Azərbaycan ədəbiyyatında kiçik yaşlı uşaqlar üçün peyzaj lirikasının mükəmməl nümunələrini yaratdığını qeyd edib. Bildirib ki, o əsərində eyni zamanda həm bədii, həm də pedaqoq baxışı sərgiləyir, uşaqlarda poeziya ilə anlayışların formalaşmasının mükəmməl nümunələrini yaradır.

Natiq vurğulayıb ki, 90-cı illərdə torpaqlarımız işğal olunarkən “Vətən mənə oğul demə” yazan Zahid Xəlil qələmi 2020-ci ilin şanlı zəfərindən sonra “Dəmir Yumruq Dastanı”nı yazaraq balalarımıza qələbə dastanını poetik dillə təqdim elədi.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı yubilyarı təbrik edərək Zahid Xəlilin İnstitutun Elmi Şurasının qərarı ilə təsis edilmiş "Uşaq ədəbiyyatı üzrə Abdulla Şaiq mükafatı"nın ilk laureatı seçildiyini diqqətə çatdırıb və mükafatı ədibə təqdim edib.

ADPU-nun beynəlxaq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova da universitet və fakültə rəhbərliyi adından uşaq ədəbiyyatının böyük nümayəndəsi olan Zahid Xəlili təbrik edib və ADPU rəhbərliyi adından ununmüddətli ədəbi və elmi-pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman” təqdim edib.

Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədibin yaradıcılığından şeirlər, mahnılar ifa edib, ədəbi kompazisiyalar, səhnələr, videoçarxlar nümayiş etdiriblər.

Sonda tələbələrin suallarını cavablandıran professor Zahid Xəlilə onun yaradıcılığına göstərilən diqqətə görə universitet rəhbərliyinə və ədəbi ictimaiyyətə təşəkkür edib.
0 0

Şərhlər

Oxşar xəbərlər