Martın 27-si Azərbaycanda Elm Günüdür
27-03-2022, 09:16
349

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.


TehsilForumu.Az xəbər verir ki, bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyib: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.


Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.
Respublikamızda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.


 Azərbaycan elmində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
2014-cü il noyabrın 10-11-də ölkəmizdə ilk dəfə olaraq AMEA-nın təşkilatçılığı ilə Bakı Elm Festivalı keçirilib. Tədbirdə institut və elmi təşkilatların, regional bölmələrin elmi nailiyyətlərini əks etdirən məruzələr dinlənilib, müxtəlif sərgi və elmi şoular nümayiş etdirilib.



 Birinci Elm Festivalında 15 mindən çox insan iştirak edib. Respublikanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan ikinci Elm Festivalının açılış mərasimi 2016-cı il oktyabrın 31-də AMEA-nın əsas binasında təşkil olunub. Sonra festival işini Naxçıvanda, Sumqayıtda, Şəkidə və Gəncədə davam etdirib.

Festivalların keçirilməsində əsas məqsəd elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olub.


Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7 faiz, həmin dövrdə elmi-texniki işlərin dəyəri isə 53,2 faiz artıb. onların 57 faizini fundamental tədqiqatlar, 6,8 faizini tətbiqi tədqiqatlar, 12 faizini layihə-konstruktor işləri, qalan hissəsini isə nümunələrin hazırlanması və digər işlər təşkil edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində elm xərcləri üzrə 183,3 milyon manat, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılması üçün 116,7 milyon manat məbləğində vəsait ayrılıb.

 Ötən il elmi müəssisə və təşkilatlar tərəfindən 150 milyon manatlıq işlər yerinə yetirilib və onun da 97 faizini elmi-texniki işlər təşkil edib. Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin 32,6 faizi təbiət elmləri, 19,5 faizi texnika elmləri, 24 faizi humanitar və ictimai elmlər, 23,9 faizi aqrar və tibb elmləri sahəsinə sərf edilib.


Hesabat ilində AMEA-nın elmi müəssisələrində 181 problemin 502 mövzusu üzrə 1765 elmi tədqiqat işi aparılıb, 32 iş tətbiq olunub. AMEA-nın elmi müəssisələrində 71 (20-si xarici alimlərlə) qrant üzrə işlər davam etdirilib, 70 (12-si xarici) patent alınıb. Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab çap olunub, 7 mindən çox məqalə və tezis, o cümlədən 2 minə yaxın məqalə və tezis xaricdə dərc edilib. Elmi işçilərin əsərlərinə 25 minə yaxın istinad olunub.


Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. 

Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər