Eşqi Bağırov: Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdən biridir MÜSAHİBƏ
22-11-2023, 21:45
1 506

Eşqi Bağırov: Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdən biridir MÜSAHİBƏ

TehsilForumu.Az- ın əldə etdiyi məlumata görə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun  müsahibəsi

- Eşqi müəllim, məktəbəqədər təhsil müəssisələri yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklikdən sonra ictimaiyyət nazirliyin işə nədən başlayacağını, hansı islahatları aparacağını çox diqqətlə izləməyə başladı. Bu sahənin idarə edilməsində ayrıca agentliyin yaradılmasına, sizcə, ehtiyac var idimi?

- Bilirsiniz, icra qurumu və siyasəti müəyyən edən qurum arasında fərq vardır. Agentliyin yaranmasında məqsəd daha çevik və səmərəli icra və nəzarəti təmin etməkdir. Müasir dövrdə hər şey çox sürətlə dəyişir. Məqsədə, hədəf auditoriyasına daha tez, daha qısa və daha effektli yollarla çatmaq indi prioritetə çevrilib. Bunun üçün alətlər də təkmilləşib, imkanlar da genişlənib. Texnoloji yeniliklər sayəsində bütün münasibətlər, həmçinin idarəetmə mexanizmi də yeni müstəviyə keçib. Bu sahədə idarəetmə sisteminin səmərəliliyinin təmin edilməsinə nail olmaq üçün bu addım atılıb.

-Məqsədləriniz arasında ən başda nə gəlir. Hansı vacib istiqamətləri önə çıxarmısınız?

- Əlbəttə ki, bu istiqamətdə atacağımız bütün addımlar, ilk növbədə, birmənalı şəkildə, inkişaf edən Azərbaycan üçün gələcəkdə keyfiyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməkdir. Cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Təməlin düzgün qoyulması bu gün üçün çox aktual məsələdir. Təbii ki, bununla yanaşı, hədəfimiz ölkəmizdə olan bütün məktəbəqədər və ümumtəhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək, əlaqələndirmək və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirməkdir.

- İctimaiyyət agentliyin yaradılması barədə məlumatlıdır. Əməli fəaliyyətə nə vaxt başlanılacaq? Bunun üçün lazım olan mexanizm qurulubmu?- Elm və təhsil nazirinin əmri ilə struktur artıq təsdiq edilib və tam fəaliyyətə başladığımızı deyə bilərik. Müvafiq sahələrdə işlərin funksional istiqamətdə qurulması və təkmilləşdirilməsi aparılır ki, bunlar da yaxın zamanda tamamlanacaq.

- Bundan sonra bağça və məktəblərlə bağlı bütün işlərə məsul məhz agentlik olacaq, yoxsa bu işlər hansısa şəkildə Elm və Təhsil Nazirliyi ilə bölüşdürüləcək?

- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək. Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada, agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, uşaq gənclər inkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir.

- Sadaladığınız vəzifələr ictimaiyyətin həmişə müzakirə etdiyi, diqqətdə saxladığı sahələrdir. Hədəfə çatmaq üçün agentlik, yəqin ki, öz strategiyasını da müəyyənləşdirib.

- Əvvəldə qeyd etdiyim kimi, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu layiqli vətəndaşa çevirir. Bizim üçün əsas hədəflərdən biri və başlıcası budur. Bunu reallaşdırmaq üçün biz də “Azərbaycan 2030: sosial – iqtisadi inkişafa dair milli prioritetlər”ə və Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına söykənərək yaxın və uzaq hədəflərimizi müəyyənləşdirmişik. Bunun əsasında da agentliyin növbəti il üçün fəaliyyət planı olacaq.Məsələn?

- Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, təhsilverənlərin peşəkar inkişafı, vətəndaş məmnuniyyətinin artırılması, həm məktəbəqədər, həm də ümumi təhsil üzrə göstərilən xidmətlərdə əlçatanlığın təmin olunması, təhsil müəssisələrinə nəzarətin təmin edilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdir.

- Məktəblərdə islahatların aparılması, yeni yanaşmaların tətbiqi öz yerində. Bəs vətəndaş məmnunluğu agentliyin nə dərəcədə marağında olan məsələdir?

- Qeyd etdiyim kimi, atacağımız addımların hər biri həm də vətəndaş məmnunluğunun təmin olunmasına hesablanıb. Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir. Biz icma-məktəb münasibətlərinin tənzimlənməsinə, valideyn-məktəb münasibətlərinin daha düzgün şəkildə formalaşmasına nail olmaq istəyirik. Bu istiqamətlərin hər biri 2024–cü il üçün də fəaliyyət planımızda əsas strateji məqsədlər içərisində nəzərdə tutulub.

- Bu, sizin işin, bəlkə də, ən çətin istiqamətlərindən biri olacaq. Buna nail olmaq üçün hansı üsul və metodlara üstünlük verəcəksiniz? İşi necə qurmağı düşünürsünüz?

- Buna, ilk növbədə, vətəndaş üçün əlçatan olmaq, çevik və operativ qərarlar verməklə nail olacağımızı düşünürük. Ən vacib məsələlərdən biri olan təhsilalanların sağlam-psixoloji inkişafı və təlim-tərbiyəsinə, təhsilverənlər arasında etik davranış qaydalarına nəzarət etmək və onların peşəkar inkişafına dəstək verməklə. Bundan da vacibi, bütün bu mexanizmdə, proseslərdə təhsilverənlərin və valideynlərin rolunu artırmaqla bu işi həyata keçirə biləcəyimizə inanıram.

- Agentliyin fəaliyyətini diqqətlə izləyəcəyik. Sizə uğurlar arzulayıram. Müsahibə üçün isə təşəkkür edirəm.

0 0

Şərhlər

Oxşar xəbərlər