"Qıymayın gəlinciklə oynayan gəlinciklərimizə"
27-04-2023, 15:30
327

"Qıymayın gəlinciklə oynayan gəlinciklərimizə"

TehsilForumu.Az təqdim edir.

   Təkəm.Kimsə məni anlamır.Anam,atam,ətrafımdakı insanların heç biri.İzdiham dolu dairənin tam mərkəzindəyəm.İnsanlarla doludur dörd bir yanım.Niyə?Axı niyə?Bu qədər insan varkən əhatəmdə,niyə mən heç kimə dərdimi danışıb,kömək ala bilmirəm?
  Cəhalətin qurbanı olmağıma bir addımım qalıb.Sadəcə tək bir addım.Və mən uçurumdan bir daha qalxmamaq üzrə yuvarlanacam.Yalvarıram,analar,atalar,insanlar eşidin məni!Duyun məni!Hiss edin məni!Əlinizi uzadın mənə!Buraxmayın məni uçurumdan aşağı!
  Mənim hələ yeni-yeni həyəcanla,həyat eşqilə yanıb,tutuşan,döyünən ürəyimi boğmayın cəhalət yastığıyla.O ürəyim ki,içində neçə arzular bəsləmişəm,böyütmüşəm.O ürəyim ki,körpə ürəyidir hələ,"qıymayın mənə" deyir.O ürəyim ki,yaşamaq,yaratmaq,yaşatmaq istəyir.Etməyin!Qıymayın bizə!Qıymayın körpə ürəklərə!Qıymayın gəlinciklə oynayan gəlinciklərə!
  Axı biz hələ uşağıq.Biz yaşamaq istəyirik.Nəfəs almaq istəyirik,boğmayın bizi!
  Biz təhsil almaq istəyirik,məktəblərdən çıxarmayın bizi!
 Biz həkim olmaq istəyirik,zəhərləməyin bizi!
 Biz müəllim olmaq istəyirik,cəhalət quyusuna atmayın bizi!
 Biz mühəndis olmaq istəyirik,inşası yarım qalmış binadan atmayın bizi!
 Biz rəssam olmaq istəyirik,həyatımızı qara boyalarla çəkilmiş rəsm kimi çərçivəyə salmayın bizi!
 Biz musiqiçi olmaq istəyirik,taleyimizin şən melodiyasını ölüm marşına çevirməyin!
 Biz hüquqşünas olmaq istəyirik,qanunsuzluqlarınızla dörd divarda,həbsə məhkum etməyin bizi!
 Biz gülmək istəyirik,gülüşümüzü göz yaşıyla əvəzləməyin!
 Biz yaşamaq istəyirik,öldürməyin bizi!
 Nəfəs verin,həyat verin bizə!Güc verin bizə!Dayanın dağ kimi arxamızda!Körpə qızlarımıza pis gözlə baxan zehniyyətin önünə sipər çəkin!Qoymayın bizi ala kimsə əlinizdən!Qoyma uşaqlığımızı kimsə ala əlimizdən!
    Erkən nikaha yox deyək!!!Qoruyaq gəncliyimizi,gələcəyimizi,vətənimizi,dünyamızı!!! 
                                                  
                                                            Günel Fateh
0 0

Şərhlər

Oxşar xəbərlər