Uşaqlarda “Paralel (fiziki, əqli, sosial) inkişaf” nəzəriyyəsi
3-08-2022, 12:30
1 138

Uşaqlarda “Paralel (fiziki, əqli, sosial) inkişaf” nəzəriyyəsi

Uşaqlar potensial bacarıq daşıyıcılarıdırlar. Bunu üzə çıxarmaq üçün sadəcə lazım olan mühiti yaradın. Bir müddət sonra qarşınızda dayanan insan sözün yaxşı mənasında sizi çox təəccübləndirəcək. 

Texnologiyalar əsrində yeni yanaşmaları çevik məniməsəyən, analiz edən, ünsiyyətcil, problemlərdən optimal çıxış yolu tapa bilən kadr potensialı yetişdirmək təhsil qurumlarının əsas vəzifəsidir. XXI əsrdə texnoloji yeniliklər, bununla paralel həyatımıza daxil olan sosial sfera o qədər sürətli dəyişir ki, yeni metodologiya mənimsənilməmiş, başqa bir metodologiya meydana çıxır. Ümumiyyətlə, internet əsrində bütün sahələrdə inkişaf sürətlə gedir, elm-texnologiya inkişaf etdikcə qısa zaman ərzində bütün sahələrdə dəyişikliyi labüd edir. Təhsil sistemi də bu inkişafdan kənarda qala bilməz. Çünki təhsil sistemi bütün qlobal dəyişikliklərin aparıcı fiquru- insan kapitalının "istehsalçı"sıdır. Lakin etiraf edək ki, digər sahələrlə müqayisədə təhsil sahəsində gözlənilən nəticələri əldə etmək, hədəfə çatmaq üçün dəyişiklikləri qəbul etmək , təhlil aparmaq, müzakirələr, proqramların hazırlanması, dəyişikliklərin edilməsi və bunun fonunda maddi-texniki tədris bazasının gücləndirilməsi, geniş təhsil auditoriyasının maarifləndirilməsi, təhsilverənlərin təlim və seminarlara cəlb olunması vaxt və maliyyə tələb edən məsələlərdir.

 Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, şagirdin yetişməsində məsuliyyət və bütün yük təhsil müəssisələrinin vəzifəsidir. Xeyr, bu yanaşma kökündən yanlışdır. Uşaqların zehni, əqli inkişafında, formalaşmasında məktəb əsas məkandır, amma yeganə məsuliyyət daşıyan qurum deyil. Ailə ilə paralel bütün özəl və dövlət qurumlarının uşaqlarla bağlı sosial aksiyaları, xüsusi proqramları olmalıdır. Məktəbli turları, düşərgələr yaratmaq, gəzintilər təşkil etmək müxtəlif sferanın diqqət mərkəzində olmalıdır. Çünki cəmiyyət gələcəyin qurucuları olan uşaqlara görə tam məsuliyyət daşıyır. Onlarda ətrafa mühitə hörmət, məsuliyyət hissinin formalaşmasında, vətənpərvərlik duyğularının aşılanmasında bu cür sosial kompaniyalar mühüm əhəmiyyət daşıyır. 

Zamanla ayaqlaşmaq üçün artıq gənclər praktik bilik və bacarıqlara yiyələnməli, texniki yenilikləri çevik mənimsəməlidirlər. Nəzəri biliklər praktikada tətbiq olunmursa, cəmiyyətdə fərdin özünü təsdiqinə şərait yaratmırsa, onda bu sadəcə bilik yığınıdır. Nəzərə almaq lazımdır ki, müasir dövrdə yaddaş deyil, təfəkkür ön plandadır. Yəni bilik yığınını əvəz edəcək kifayət qədər internet resursu əlçatandır. Bacarıq daha çox ön planda olmalıdır. Təhsil auditoriyası bacarıqların kəşfi və inkişafına təkan verən təlimdə xüsusi yanaşmaların bazası olan mövcud nəzəriyyələrin çoxluğundan tez-tez şikayət edir. Halbuki nəzəri konsepsiyalar təlimin təşkilində əsas yanaşmaların ortaya qoyulmasında çox vacibdir. Hazırda metodikada istifadə olunan nəzəriyyələrin (H.Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi, Jan Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi, L.Viqotski “Sosial inkişaf” nəzəriyyəsi, K.Dvek “Düşüncə tərzi” nəzəriyyəsi və s.)  müsbət tərəfləri ilə yanaşı çatışmayan cəhətləri də var. Çatışmazlıqlar daha çox nəzəriyyələrin uşaqların inkişafında fiziki, əqli və sosial amillərə kompleks yanaşma nümayiş olunmamasındadır. Biz uşaqlardan dünyanı bütöv halda dərkini istəyiriksə, öncə onlarda inkişafın hərtərfli eyni anda aparılmasının qayğısına qalmalıyıq. İrəli sürdüyümüz “Paralel inkişaf” nəzəriyyəsində uşaqların həm fiziki, əqli, həm də sosial inkişaf bacarıqların formalaşması önə çəkilir. Nəzəriyyənin ümumi aspektlərini təsvir etsək, uşaqlar inkişaf baxımından 4 mərhələdən keçirlər:

1.İlkin bacarıqların formalaşdığı dövr 2 yaşa qədər;

2.Əsas bacarıqların formalaşdığı dövr 2-6 yaş;

3.Xüsusi bacarıqların formalaşdığı dövr 6-13 yaş;

4.Özünüdərk  bacarığının formalaşması dövrü 13 yaşdan sonrakı mərhələ. 

- İlkin bacarıqların formalaşdığı dövrdə uşaqlar fiziki, əqli,  sosial inkişaf baxımından digər dövrlərə nisbətən  daha çox bacarıq əldə edirlər. Bizə sadə görünsə də yerimək, müstəqil qidalanma vərdişləri, ətrafla ünsiyyətə ilk cəhdlər, sadə cümlələri qurmaq uşağın həyatında böyük bir sıçrayışdır. Artıq 2 yaşında uşaq özünü güzgüdə tanımağa başlayır, demək şəxsiyyət kimi formalaşma prosesinin ilk mərhələsi yekunlaşır. Bu mərhələdə uşağın formalaşmasında fasilitator rolunu   valideyn oynayır. Uşağın fiziki olaraq inkişafı üçün qidalanma rasionuna, kiçik motorikanın inkişafına valideyn xüsusi fikir verməlidir.

- Əsas bacarıqların formalaşdığı dövrdə uşaqlarda yazı, oxu, hesab bacarıqları formalaşır. 6 yaşda uşaqlarda nitq mərkəzi bağlandığı üçün bu mərhələ uşaqların inkişafında mühüm əhəmiyyət daşıyır. Bu mərhələdə fasilitator valideyn və müəllimlərdir.

- Xüsusi bacarıqların inkişaf etdiyi dövrdə uşaqlarda qabaqlayıcı təlim metodları vasitəsiylə daha mürəkkəb bacarıqların formalaşmasına diqqət yetirmək lazımdır. Bəzən valideyn və təhsilverənlər yaş səviyyəsinin uyğun olmadığını əsas gətirərək qabaqlayıcı təlim metodlarından yan keçirlər. Unutmaq olmaz ki, uşaqların asan əldə etdikləri biliklər onlara öyrənmənin zövqünü yaşada bilməz. Daha mürəkkəb alqoritmlərin yaradılmasına yönləndirmək, layihələrin hazırlanması, hər hansı xarici bir dilin,  eləcə də İKT bacarıqlarının irəli səviyyədə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.  

- Özünüdərk bacarığının formalaşdığı dövr şəxsiyyətin inkişafının ən vacib dövrüdür. Bu dövrdə uşaqlara maraqlarına uyğun fənlərin tədrisi təşkil edilməli, praktik dərs məşğələləri nəzəri dərsləri üstələməlidir. 13 yaşdan yuxarı yaş dövrünü əhatə edən bu mərhələdə 7-8 fəndən artıq fənnin tədrisi yeniyetmələrin özünəməxsus bacarıq və qabiliyyətlərinin çərçivəyə salınması deməkdir. Bu mərhələdə artıq dünyanın bütöv halda dərki prosesi də kifayət qədər inkişaf etmiş olur.

Artıq orta məktəbi bitirən şagird ana dilində, eləcə də xarici dillərin hər hansı birində yazıb-oxumağı, şifahi danışmağı bacarırsa, İKT bacarıqları mövcuddursa, istənilən materialı lazımi, etibarlı mənbədən əldə edib mənfi və müsbət tərəflərini müəyyən edə bilirsə, vətənpərvərdirsə, demək cəmiyyət bacarıqlı bir vətəndaş qazanmışdır. 

Əliyeva Aygün,

Biləsuvar şəhər Səmədabad kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
1 0

Şərhlər

Oxşar xəbərlər