Məktəblilər arasında artan cinayətlər: Günah kimdədir?
23-04-2022, 06:41
252

Məktəblilər arasında artan cinayətlər: Günah kimdədir?

Ölkədə son aylar bıçaqlanma hadisələrinin sayı artıb. Demək olar ki, hər gün bu cür dəhşətli hadisələrdən xəbər tuturuq. Lakin daha dəhşətlisi bıçaqlanma hadisələrinin məktəblilər arasında daha çox yayılmasıdır...

Məsələn, təxminən 2 ay öncə Qazaxda 2005-ci il təvəllüdlü 11-ci sinif şagirdi eyni məktəbdə təhsil alan 10-cu sinif şagirdinə bıçaqla xəsarətlər yetirib.

Digər bir hadisə isə Gəncə şəhərində baş verib. 9-cu sinif şagirdi sinif yoldaşını boğaz nahiyəsindən bıçaqlayıb. Daha sonra heç nə olmamış kimi gəlib, dərsinə davam edib.

Bıçaqlanma hadisələrinin içində ən tükürpərdici olanı isə 20 aprel 2022-ci il tarixində baş verənidir. Paytaxtın Nizami rayonunda 9-cu sinif şagirdi anasını məktəbli çantasında gəzdirdiyi bıçaqla qətlə yetirib.

Məktəblilər arasında bıçaqlanma hadisələrinin artması valideynlərdə ciddi narahatlıq yaradıb.

Bəs psixoloqlar bu barədə nə düşünür? Yeniyetmələr arasında cinayət hallarının artmasının səbəbi nədir?

Psixoloq Gülnar Orucova Musavat.com-a açıqlamasında bildirib ki, indiki yeniyetmələr ailədən və ətraf-mühitdən daha çox zamanın tələbinə uyğun olaraq gördüklərini götürüb, cəmiyyətdə tətbiq edirlər:

“Yeniyetmə həyatı ağ-qara görür. Onlar düşünürlər ki, nə isə ya olacaq, ya da olmayacaq. Bəzən valideynlər övladlarına o qədər çox qadağa qoyurlar ki, nəticədə bu, yeniyetmənin aqressivləşməsinə səbəb olur.

Azadlıqla özbaşınalıq qarışdırılmamalıdır. Azadlıq odur ki, sənə azadlıq verilib və istədiyini edirsən, istəmədiyini isə etmirsən. Amma indiki uşaqlara azadlıq veriləndə bunu özbaşınalıq kimi istifadə edirlər. Valideyn övladına çox qadağa qoyur. Daha sonra, uşaq müəyyən yaşa çatdıqdan sonra qolunun gücünə arxayınlanır. Dalaşaraq, döyərək istədiklərini əldə edir. Əslində, valideyn nəyisə qadağan edəndə və ya olmaz deyəndə, bunun səbəbini açıqlamalıdır.

Bunu da qeyd edim ki, problemin kökü bizim övladlarımıza vaxtında diqqət ayırmamağımızdadır. Onların ancaq maddi təminatını ödəyirik. Nəticə isə üzücü olur”.

Psixoloq məktəblinin valideynini qətlə yetirməsinə də münasibət bildirib:

“Məktəblidə olan aqresiya əslində, 1 günlük əsəb deyil. İllərlə yığılıb qalmış aqresiyadır ki, bir gün ortaya çıxıb. Nəticədə isə anasını qətlə yetirib. İnsanlar düşünürlər ki, bəlkə, ana qeyri-etik hərəkət etdiyi üçün hadisə baş verib. Lakin nə olur olsun, ona əxlaqsız olsa belə, heç bir övladın anasına əl qaldırmasına ixtiyarı yoxdur”.

Başqa bir psixoloq Fərqanə Mehmanqızı isə Musavat.com-a açıqlamasında deyib ki, hazırda insanlar arasında aqressiya çox artıb:

“Bu isə ailədən qaynaqlanır. Bəziləri əsəbləşəndə hirsini özündən zəifə-qoca və uşaqlara tökür. Uşaqlara qarşı olan aqressiya daha sonra natamamlıq kompleksinə gətirib çıxarır. Ailədə özünü təsdiq edə bilməyən uşaqlar məktəbdə və ya ətrafında aqressiv şəkildə özlərini sübut etməyə ehtiyac duyurlar. Kompleks və travmalar buna imkan vermir ki, uşaqlar normal tərzdə özlərini təsdiq etsin. Nəticədə cinayətlər, intihara meyllilik, ətraf-mühitə və özünə qarşı nifrət halları yaranır”.

Psixoloq problemin necə həll olunması barədə bildirib ki, buna görə də aqressiv uşaqlarla məşğul olunmalıdır:

“Lazım olsa valideynlərlə də məşğul olmaq lazımdır. Psixoloqlar valideynlərə uşaqları ilə olan münasibətdə yardım etməlidir. Məktəblərdə yeniyetmələrin valideynləri ilə seminarlar keçirilsə yaxşı olar. Çünki uşaqlar bizim gələcəyimizdir. Gələcəyimiz isə məktəblilərin əlindədir”.
0 0

Şərhlər

Oxşar xəbərlər