Vüsalə Mahirqızı: “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yaxşı addımdır"
13-12-2021, 06:47
447

Vüsalə Mahirqızı: “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yaxşı addımdır"

“Məsələ ondadır ki, hazırda qüvvədə olan “KİV haqqında” qanun daha çox print medianı əhatə edirdi. Hazırkı reallıqda qanunun dəyişməsi zəruridir”, - V. Mahirqızı vurğulayıb.

TehsilForumu.Az xəbər verir ki , baş direktor qeyd edib ki, qanun layihəsinə konseptual yanaşanda dəyişiklikləri daha yaxşı görmək olur: “Əsas məsələ yeni hüquqi bazanın mediaya yeni formatda, daha yeni konsepsiya ilə yanaşmağa imkan verməsidir. Media çoxdan özünün ideoloji və təbliğat ruporu funksiyasını bitirib. Mediaya yanaşma sahibkarlıq subyekti və ya publik hüquqi şəxs kimi onun bazar münasibətlərində iştirak etməsi ilə bağlı olmalıdır. Belə münasibətlərin qurulması üçün hazırkı layihə yaxşı hüquqi baza təmin edir”.

V. Mahriqızı qanun layihəsində media subyektlərinin və jurnalistlərin reyestrinin keçirilməsi, həmçinin “jurnalist kimdir” sualı ilə bağlı müzakirələrə də münasibət bildirib: “Əvvəla, jurnalistin digər məlumat ötürücüsü olan peşə sahiblərindən ayrılmasında, anlayışın izah olunmasında qeyri-adi heç nə yoxdur. Məsələn, “Polis haqqında” və ya “Prokurorluq haqqında” qanunlara baxaq.

Orda da polis əməkdaşı, əməliyyatçı, müstəntiq və s. peşə sahibləri, onların fəaliyyət dairəsi, peşə səlahiyyəti barədə anlayışlar qeyd olunub və izah verilib. İkincisi, reyestrdə olmaq könüllüdür. Biz bəzən xüsusən rayonlarda, çəkilişlərdə jurnalistlərin peşə fəaliyyətinə problem yaradıldığını, onlardan vəsiqə, işlədiyi qurum haqqında arayış istənildiyinin şahidi oluruq. Reyestr bu sualların və problemlərin hamısına son qoyur. Peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan şəxs və ya media qurumu o məlumatın şəffaf şəkildə əksini tapmasından niyə narahat olmalıdır ki? Onsuz da media orqanları ilə bağlı o məlumatlar, üstəlik maliyyə məlumatları da bir neçə dövlət orqanında var.

Bunun Medianın İnkişafı Agentliyində şəffaf şəkildə olması, loqo və emblemin və ya brend adının yerləşdirilməsi niyə problemə çevrilməlidir ki? Axı qanun layihəsində belə imperativ norma yoxdur ki, kimsə reyestrdə deyilsə, o jurnalist hesab olunmur. Belə bir maddə yoxdur”.


V. Mahirqızı qanun layihəsinin ictimai müzakirəsinin keçirilməməsi ilə bağlı fikirlərlə də razılaşmadığını deyib: “Nəinki layihə, hətta layihənin hazırlanması ilə bağlı tapşırıqdan sonra bir çox media ekspertləri, o cümlədən mənimlə müzakirələr keçirilib, məsləhətləşmələr aparılıb. Daha sonra layihənin ilkin variantı həm Medianın İnkişafı Agentliyində, həm də Milli Televiziya və Radio Şurasında qanunun şamil ediləcəyi bütün sahələrin ekspertləri ilə müzakirə olunub. Daha sonra böyük media qurumlarında layihə geniş müzakirə olunub.

Məsələn, elə “APA Media Group”da. Dünən də Milli Məclisdə geniş müzakirə keçirilib. Layihənin demək olar ki, bütün mübahisə doğuran bəndləri ilə bağlı neçə aylardır ki, sosial mediada müzakirələr aparılıb. Qanun layihəsinin mətni artıq bir çox saytlarda tam yayılıb və müzakirələr hələ də davam edir. Hələ qanunun qəbulu 3 oxunuşdan keçəcək”.

V. Mahirqızı deyib ki, qanun layihəsində bir neçə redaktə olunmalı, daha da dəqiqləşməli, operativləşməli məqamlar, maddələr var: “Mənim fikrimcə, layihənin bəzi müddəalarında qoyulan vaxtla bağlı məsələlər, təkzib və ya ibtidai araşdırma başlayandan etibarən hadisə ilə bağlı yalnız istintaq orqanından icazə alınmaqla məlumatın yayılması ilə bağlı maddələrə yenidən baxmaq olar.

Layihəyə media ilə bağlı daha bir neçə anlayış da daxil edilə bilər. Ümumiyyətlə, çalışmalıyıq ki, media üçün yaradılacaq yeni hüquqi baza medianı sosial şəbəkələrə vaxt və məzmun baxımından uduzdurmasın. Amma bunlar epizodik məqamlardır. Ümumilikdə qanun layihəsini müsbət hesab edirəm”.
0 0

Şərhlər

Oxşar xəbərlər