"Müəllimlərimizi Tanıyaq" - Türkan Bayramova
25-10-2023, 15:30
260

"Müəllimlərimizi Tanıyaq" - Türkan Bayramova



"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Türkan Bayramova haqqında danışacağıq...

Bayramova Türkan 19 sentyabr 1990-cı ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olmuşdur. 
1997-ci ildə Hövsan qəsəbəsi, Məzahir Bayramov adına 196 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 
2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin il (2007) Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində Regionşünaslıq (Amerikanşünaslıq) ixtisasına daxil olmuşdur və 2011-ci ildə universiteti bitirmişdir. 
2017-ci ildə Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi üzrə yenidənhazırlanma bölməsinə daxil olmuşdur. 2018-ci ildə oranı bitirmişdir. 2015-2017-ci illərdə Hövsan qəsəbəsində yerləşən "Elmi-Cahan" tədris mərkəzində ingilis dili müəllimi işləmişdir.  
2019-cu ildə Suraxanı Heydər Əliyev mərkəzində kiçik elmi işçi və xarici qonaqlar üçün bələdçi vəzifəsində işə başlamışdır. 
İşlədiyi müddət ərzində Ulu Öndər Heydər Əliyevin həyatını, fəaliyyətini dərindən 4 dildə ( Azərbaycan, rus, türk, ingilis) öyrənmiş, mərkəzə gələn xarici qonaqlara və məktəblilərə məlumat vermiş, Ulu Öndər irsinin yayılmasına xidmət etmişdir. Mərkəzdə keçirilən tədbirlərin aparılmasında iştirak etmişdir. Bununla yanaşı, bir sıra siyasi və tarixi mövzuda məqalələr yazmışdır. 
Yazdığı məqalələr oxucu rəğbəti qazandığından, hətta Suraxanı Heydər Əliyev Mərkəzindəki işindən ayrıldıqdan sonra da məqalələr yazmağa davam etmişdir. İşlədiyi az bir müddət olmasına baxmayaraq, işində bir çox uğurlara imza atmışdır. Uğurlu fəaliyyətinə görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir. Bundan əlavə, Suraxanı rayonu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi könüllü gənclərdən ibarət, ingilis dili üzrə conversation cluba - danışıq klubuna rəhbərlik etmişdir. 
2020-ci ildə Suraxanı HƏM-dəki işindən ayrılaraq, Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etmiş və Sabunçu rayonu, Əliağa Vahid adına 293 saylı tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində daimi əsaslarla işə qəbul olunmuşdur. İşlədiyi müddətdə istər şagirdlərin, istərsə də müdiriyyətin rəğbətini qazanmışdır. 
Bir sıra pedaqoji təlimlərə və forumlara qatılaraq müxtəlif diplomlar, sertifikatlar qazanmışdır. O, hər daim şagirdlərinin nəinki savadlı, ingilis dilini sərbəst bilən biri olaraq, eyni zamanda cəmiyyətə faydalı, vətənpərvər və düzgün əqidəli bir insan olaraq yetişməsinə can atır. 
Əsas devizi isə sinifdə "şagirdlər arasında bərabər imkanların yaradılması", yəni sadə dildə desək, ən zəif oxuyan şagirdin belə diqqətdən kənarda qalmaması, onda təhsilə, oxumağa həvəs yaradaraq qabaqcıl şagird etməkdir. 
O, 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən keçirilən "Təhsildə Yeni Çağırışlar" 2-ci beynəlxalq forumunda iştirak edərək, sertifikat qazanmışdır. 
2023-cü ildə isə "Təhsil Forumu" sosial platformasının rəhbəri Emil Tağızadə tərəfindən "Fəal müəllim" diplomuna layiq görülmüşdür. 
Türkan Bayramova eyni zamanda 2022-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Məqalələri bir sıra saytlarda və qəzetlərdə işıq üzü görür. Ailəlidir, üç övladı var.
1 0

Şərhlər

Oxşar xəbərlər